Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.12.2020 16:47
  • A-
  • A
  • A+

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabatlara həsr olunmuş növbəti onlayn iclası keçirilib

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabatlara həsr olunmuş növbəti onlayn iclası keçirilib

Dekabrın 23-də AMEA-nın Fizika-Riyaziyyat və Tex­­nika Elmləri Bölməsinin (FRTEB) Ümu­­mi yığıncağının illik hesabatlara həsr olunmuş növbəti onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın birinci vit­se-prezidenti, akademik İbrahim Quliyev, vit­se-prezident, akademik Rasim Əli­qu­li­yev, bölmənin Ümumi yığıncağının üzvləri, elmi müəs­sisələrin rəh­­bər­ləri, direktor müavinləri, elmi katibləri, həm­çi­nin əldə edilmiş mühüm elmi nə­ti­cə­lə­rin müəllifləri, icti­maiy­yət­lə əlaqələr, təhsil və beynəlxalq əlaqələr şö­bə­lə­ri­nin rəhbərləri, eləcə də həm­karlar təşkilatla­rı­nın nü­ma­yən­də­ləri, gənc alim və mütəxəssislər şuralarının sədr­lə­ri iştirak edib­lər.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın vitse-prezidenti, FRTEB-in sədri, akademik Rasim Əliquliyev iclasın Biofizika, Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri institutlarının 2020-ci ildə aprılmış elmi tədqiqat işlə­ri­nin ye­kunlarına həsr olunduğunu bildirib.

Öncə Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov institutun illik hesabatını təqdim edərək cari ildə elmi müəssisədə aparılan elmi-tədqiqat işləri, nəşr olunmuş məqalələr, institutun beynəlxalq əlaqələri barədə məlumat verib. Bildirib ki, bu il müəssisə əməkdaşları tərəfindən “Bioloji sistemlərin fiziki-kimyəvi əsasları” istiqamətində 2 mövzu üzrə 5 elmi-tədqiqat işi aparılıb və onlardan 2-si başa çatdırılıb. Əldə olunmuş nəticələr 1 monoqrafiya, 7 tezis, 12 məqalədə əksini tapıb. Bu məqalələrin 4-ü xarici elmi jurnallarda dərc olunub. 2020-ci ildə institut əməkdaşlarının nəşrlərinə 172 istinad qeydə alınıb. Alim əlavə edib ki, cari ildə müəssisədə 6 qrant layihəsi çərçivəsində tədqiqatlar aparılıb.

İnstitutun direktoru, həmçinin rəhbərlik etdiyi elmi müəssisədə 2020-ci ildə aparılan elmi-tədqiqat işlərinin nəticələri, koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində görülən işlərin elmi əhəmiyyəti və əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verib. Bildirib ki, müəssisədə COVID-19 pandemiyası ilə əlaqədar aparılan araşdırmalar TƏBİB-in müalicə protokoluna daxil edilib.

Sonra  Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov rəhbərlik etdiyi qurumun cari ildəki hesabatını təqdim edib. Elmi müəssisdə 248 tədqiqat işinin aparıldığını deyən M.Mərdanov əldə olunmuş nəticələrin 3 kitab, 68 tezis, 163 məqalədə əksini tapdığını vurğulayıb. Alim bu məqalələrdən 129-nun  nüfuzlu “Web of Science” (WOS), 31-nin  “Scopus” bazalarına daxil olan jurnallarda dərc olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu il alimlərimizin əsərlərinə 2415 istinad qeydə alınıb.

AMEA-nın müxbir üzvü vurğulayıb ki, rəhbərlik etdiyi elmi müəssisədə cari ildə 6 qrant layihəsi çərçivəsində tədqiqat işləri aparılıb: “Hesabat ilində WOS-un bazasına daxil olan jurnallarda institutun hər bir aliminə bir məqalə düşür. İnstitutda ingilis dilində hazırlanan 4 jurnal çap olunur. Onlardan institutun “Elmi Əsərləri”, “AMEA-nın Xəbərləri -Riyaziyyat” bölməsi və “Azərbyacan Riyaziyyat jurnalı” jurnalları “Scopus”un bazasına daxil edilib və impakt faktora malikdir”.

İdarəetmə Sistemləri İnstitutunun 2020-ci ildəki hesabatını müəssisənin direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov təqdim edib. Alim bildirib ki, müəssisədə hesabat ilində elmi-tədqiqat işləri AMEA-nın “2020-2025-ci illər üçün inkişaf proqramı”nın icrasından  irəli gələn qeyri-neft sektorunun inkişafında elmin yaxından iştirakı, elmi nəticələrin kommersiyalaşdırılması, innovasiya fəaliyyətinin genişləndirilməsi, elmi nəticələrin tətbiqi, informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması ilə bağlı səmərəli metodların işlənməsi istiqamətində aparılıb.

Qeyd olunub ki, hesabat ilində institut alimləri tərəfindən 2-si kitab olmaqla 276 elmi əsər işıq üzü görüb. Onlardan 59-u “Web of Science” bazasında, 23-ü isə “Scopus” bazasında çap olunub. Çapdan çıxan elmi əsərlərə il ərzində WOS-da 389, “Google Scholar”da isə 1321 istinad olunub. Hesabat ilində institut tərəfindən 6 Avrasiya, 2 Respublika patenti alınıb və müəssisədə aparılan elmi-tədqiqat işlərinin nəticələri əsasında 6 iş tətbiq edilib.

Ə.Sadıqov institut alimləri tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında tədbirlər planına dair 14 təklifin irəli sürüldüyünü qeyd edib. O, həmçinin 2020-ci ildə institutun təqdim etdiyi 2 layihənin qranta layiq görüldüyünü iclas iştirakçılarının diqqətinə çatdırıb.

Əlavə olaraq Ə.Sadıqov 11 mart 2020-ci il tarixində Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdıməhəmmədovun iştirakı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutu arasında Anlaşma Memorandumu"nun Azərbaycanın Xarici işlər və Türkmənistanın Təhsil nazirləri tərəfindən imzalandığını və bu sənədin icrası ilə əlaqədar birgə layihənin yerinə yetirilməsinin nəzərdə tutulduğunu bildirib.

Sonra AMEA-nın müşaviri, akademik Telman Əliyev çıxış edərək institutun əməkdaşları tərəfindən “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizi boyunca “Dəmir yolu yatağının təhlükəsizliyi”, “Öncədən seysmik xəbərdarlıq sistemi” layihələri üzrə hazırlıq işlərinin aparıldığını bildirib. O, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda bir neçə yüksək tətbiqi əhəmiyyətli elmi nəticələrin alındığını və onların xarici ölkələr tərəfindən də maraqla qarşılandığını qeyd edib. Akademik T.Əliyev iclasda iştirak edən digər elmi müəssisələrin alimlərini də bu layihələrdə yaxından iştirak etməyə dəvət edib.

Daha sonra çıxış edən akademik Rasim Əliquliyev biofizika sahəsində aparılan araşdırmaların daha da genişləndirilməsi, eləcə də bölmənin digər institutları ilə birgə multidissiplinar tədqiqatların aparılmasının vacibliyini qeyd edib. Vitse-prezident riyazi kriptoqrafiya, kvant kriptoqrafiyası və hesablama riyaziyyatı istiqamətində görülməli olan vacib işlərdən, eləcə də ölkəmizin orta və ali təhsil sistemində riyazi təhsilin keyfiyyətinin müasir dövrün çağırışları və tələblərinə uyğunlaşdırılmasının zəruriliyindən danışıb.

Aparılan müzakirələrdə AMEA-nın akademik-katibi, akademik Adil Qəribov, akademiklər - Nazim Məmmədov, Telman Əli­yev, Əli Abbasov, Fikrət Əli­yev, Yusif Məmmədov, müxbir üzvlər - Misir Mər­da­nov, Əminağa Sadıqov, Ramiz Alıquliyev, Bilal Bilalov, Əyyub Quliyev, Vaqif Quliyev, Qeylani Pənahov, Qorxmaz İmanov yaxından iştirak edərək fikir və suallarını səsləndiriblər.

Sonda FRTEB-nin Ümumi yığıncağı Biofizika, Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri institutlarının 2020-ci ildə apa­rıl­mış elmi tədqiqat işlə­ri­nin ye­kunlarına dair hesabatların qəbul olunaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsinin lehinə yekdilliklə səs verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: