Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

23.12.2020 10:55
  • A-
  • A
  • A+

Ağdaşda qədim kilim kolleksiyası qorunur

Ağdaşda qədim kilim kolleksiyası qorunur

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun əməkdaşları Ağdaş rayonunda təşkil edilmiş etnoqrafik ekspedisiyada iştirak ediblər.

Tədqiqatın məqsədi Ağdaş şəhərinin xalq arasında “Qaraçılar küçəsi” adlanan Vaqif küçəsində yaşayan sakinlərin etnoqrafiyasının, adət və ənənələrinin, sənətkarlıq sahələrinin öyrənilməsi olub.

Sektorun  müdiri, tarix elmləri doktoru, professor Vidadi Muradov ekspedisiya haqqında məlumat verərək bildirib ki, Azərbaycanda yaşayan azsaylı xalqlardan biri də qaraçılardır. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisinə köçmüş və ya köçürülmüş qaraçılar hal-hazırda Ağsu, Ağdaş, Bərdə, Qax, Xudat, Ağcabədi və Xaçmaz kimi rayonlarda kütləvi şəkildə yaşayırlar.

Dünyanın hər yerində olduğu kimi, burada da onlar tarixən köçəri həyat tərzi sürüb, atçılıq, xüsusilə qatırçılıq, maldarlıq kimi təsərrüfat sahələri ilə, nalbəndliklə, məişət avadanlıqlarının, əkinçilik alətlərinin istehsalı ilə, xırda ticarətlə məşğul olublar.

Professorun sözlərinə görə, Ağdaşın “Qaraçılar küçəsi”ndə kompakt halda yaşayan qaraçılar öz milli ənənələrini, sənətkarlıq sahələrini qoruyub saxlayırlar.

“Ekspedisiya zamanı burada rast gəldiyimiz maraqlı faktlardan biri də ayrı-ayrı evlərdə olan xalça və xalça məmulatlarından, məişət əşyalarından, tikmələrdən ibarət kolleksiyaların mövcudluğudur. Sakinlərlə söhbətlərimiz zamanı məlum oldu ki,  XX əsrin 40-50-ci illərindən toplanan bu kolleksiyalar nəsildən-nəslə ötürülüb və zənginləşdirilib. Respublikamızın digər yerlərində bu cür zəngin, çoxçeşidli kolleksiyalara demək olar ki, rast gəlinmir. Məhəllə sakinləri xalça toxumağı bacarmasalar da, xalçanın dəyərini bilir və onu qoruyurlar. Müsahiblərimizdən biri məhəllə sakini 73 yaşlı xalça mütəxəssisi Sərdar Quliyev oldu. Onun xalça kolleksiyasının əksəriyyətini kilimlər təşkil edir”, - deyə Vidadi Muradov bildirib.

Alim qeyd edib ki, XX əsrin 70-90-cı illərində Bakı kəndlərindən, Abşeron, Quba, Siyəzən, Xaçmaz, Şabran, Şamaxı, Qobustan kimi rayonların müxtəlif kəndlərindən alınmış bu kilimlər XX əsrin əvvəllərində toxunub. Kilimlər Azərbaycanın, xüsusilə Quba və Şirvan kimi qədim xalçaçılıq mərkəzlərinin xovsuz xalça toxuculuğu ənənələrinin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malik, nadir nümunələrdir: “Biz, bu nümunələrin tarixi, texniki və bəddii təhlilini apardıq. Məlum oldu ki, onların saxlanma vəziyyəti əladır, heç bir deformasiyaya, zədələnməyə məruz qalmayıblar. Toxunuşunda möhkəm, keyfiyyətli keçi qəzilindən hazırlanmış iplərdən istifadə olunub. Bu iplər Quba, Şirvan boyaqçılığı qaydaları ilə, bu bölgələrə xas olan əlvan rənglərlə boyanıb. Rəngləri indiyədək öz təravətini itirməyib. Mürəkkəb bədii kompozisiyalara malik olan müxtəlif ölçülü bu kilimlər yüksək ustalıqla toxunublar. Kilim texnikası ilə yanaşı, bəzilərində dərmə zili texnikası da tətbiq olunub ki, bu da xalçaçılar arasında yüksək peşəkarlıq göstəricisi kimi qiymətləndirilir. Kolleksiyada olan elə kilimlər var ki, onların çeşniləri xovlu xalçaları xatırladır. Xovlu xalçanın çeşnisinin daha bəsit və texniki cəhətdən imkanları məhdud olan kilim üzərinə köçürülməsi ənənəsi Azərbaycanda geniş tətbiq edilib. Bu qəbildən olan kilimlər mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Məşhur muzeylərin eksponatları sırasında da onlara rast gəlmək mümkündür”, - deyə professor V.Muradov vurğulayıb.

Sektor rəhbəri onu da bildirib ki, Azərbaycanın hər yerində ailə yadigarları kimi qorunan qədim xalçalar çoxdur və səfərlər zamanı onlar qeydə alınır, haqqında məlumatlar toplanır, fotoçəkilişlər aparılır, sahiblərinə həmin xalçaların tarixi, elmi, bədii dəyəri barədə informasiya verilir.

“İndiyədək oxşarlarına digər yerlərdə, elmi ədəbiyyatlarda, muzey eksponatları arasında rast gəlmədiyimiz çoxsaylı nümunələrlə qarşılaşmışıq. Bu orijinal nümunələr Azərbaycan xalçaçılığının tarixi köklərinin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Hal-hazırda sektorumuzda “Azərbaycanda xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair” 2018-2022-ci illər üçün Dövlət Proqramının Tədbirlər planında göstərilən vəzifələrdən irəli gələrək, ölkə daxilində və xaricdə muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalçaları barədə növbəti kataloq hazırlanır. Ağdaş ekspedisiyası zamanı haqqında məlumat topladığımız Sərdar Quliyevə aid kilim kolleksiyasının materialları da bu kataloqa daxil ediləcək. Sektor Azərbaycanın bütün bölgələri üzrə nadir xalça nümunələrinin kataloqlaşdırılması işini davam etdirəcək”, - deyə professor V.Muradov söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: