Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Təbrizdə Nizaminin milli və ədəbi kimliyi haqqında məqalə dərc olunub
22.12.2020 19:13
  • A-
  • A
  • A+

Təbrizdə Nizaminin milli və ədəbi kimliyi haqqında məqalə dərc olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin “Seyfəddin Rzasoy Nizaminin milli və ədəbi kimliyi haqqında” sərlövhəli məqaləsi İranın Təbriz şəhərində nəşr olunan “Azərbaycan araşdırmaları” jurnalının yeni işıq üzü görən 2-ci sayında dərc edilib.

Məqalədə Nizaminin yaşadığı dövr, həyatı, şəxsiyyəti, dünyagörüşü və həyata baxışlarının Azərbaycan ədəbiyyatşünaslığında tədqiqi tarixinə qısa nəzər yetirilir, eyni zamanda nizamişünaslığın inkişaf dinamikası şərh olunur, tarixi mərhələləri şərti bölgü əsasında təqdim edilir. Azərbaycan nizamişünaslığında qadağaların aradan qalxdığı, faktlara yeni bucaq altında baxışın mümkün olduğu, şairin ədəbi irsində türklüyün, dini-təsəvvüfi baxışların və hakim dairələrə münasibətin obyektiv təhlilinin reallaşa bildiyi bir dövrdə Nizaminin milli mənsubiyyəti və ədəbi kimliyi probleminin şərhinə diqqət yetirən alimlər haqqında qısa məlumat verilir.

Xüsusilə də, tədqiqatlarında özünəməxsus dəsti-xətti, üsulları ilə fərqlənən Nizami yaradıcılığında milli bədii təfəkkürümüzün, türk xalqlarına məxsus mifik düşüncə tərzinin izlərini araşdıran AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Seyfəddin Rzasoyun elmi araşdırmaları diqqət mərkəzinə çəkilir. Onun monoqrafiya və elmi məqalələri bazasında dahi intibah şairi Nizami Gəncəvinin milli mənsubiyyəti probleminin qoyuluşu və həlli məsələsi araşdırılır. Şairin milli-etnik kimliyi ilə yanaşı, onun ədəbi təfəkkürü etibarilə də Azərbaycan türkü olmasının elmi əsaslarla sübuta yetirilməsi metodikası müqayisəli şəkildə təhlil edilir, bu məsələ folklorşünas alimin tədqiqatlarından gətirilən nümunələr əsasında bir daha sübuta yetirilir.

Əzizağa Nəcəfzadənin müəllifi olduğu məqalədə Seyfəddin Rzasoyun “Nizami poeziyası: mif-tarix konteksti” monoqrafiyasına, “Nizami Gəncəvinin milli və ədəbi kimliyi haqqında”, “Nizami türklüyü” kimi yazılarına istinadlar olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: