Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Millət, milli mədəniyyət problemlərinin fəlsəfəsi və fənlərarası yanaşma” mövzusunda seminar keçirilib
17.12.2020 15:50
  • A-
  • A
  • A+

“Millət, milli mədəniyyət problemlərinin fəlsəfəsi və fənlərarası yanaşma” mövzusunda seminar keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Millət, milli mədəniyyət problemlərinin fəlsəfəsi və fənlərarası yanaşma” mövzusunda onlayn elmi seminar keçirilib.

Seminarı AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq xalqımızın milli şüurunun yaranması tarixinə qısa nəzər salıb, Azərbaycan şifahi xalq ədəbiyyatından, xüsusilə Dədə Qorqud dastanından nümunələr və misallar gətirib.

Müasir dövrdə millətin formalaşmasının mühüm iqtisadi, mədəni, siyasi amillərini izah edən akademik göstərib ki, millətin inkişafı üçün milli ideologiya çox zəruridir: “İndiki azərbaycançılıq ideologiyası milli ideologiyanın əsasını təşkil edir və heç bir digər etnik qrupların mədəniyyətinin, dilinin, ədəbiyyatının inkişafına məhdudiyyət yaratmır və əkinsə onların hər tərəfli inkişafına şərait yaradır”.

“Millət və etnos şüurun fəlsəfi kontekstində” mövzusunda çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə öz çıxışında millət və milli mədəniyyət problemlərinə fərqli yönlərdən yanaşmağın vacibliyini vurğulayıb. “Millətin formalaşması milli şüurun yaranmasından başlayır. Biz bunun Vətən müharibəsi zamanı bariz nümunəsini gördük. Hər kəs bu məsələdə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Bütün bunlar isə millətin özünüdərkin və milli birliyinin bariz nümunəsidir”, - deyə professor İlham Məmmədzadə bildirib.

Sonra AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının sədr müavini, akademik Nərgiz Axundova çıxış edərək mövzu ətrafında fikirlərini diqqətə çatdırıb.

Seminarda, həmçinin f.e.d. Zümrüd Quluzadənin “Millət və milli mədəniyyət anlayışlarının məzmununun dəqiqləşməsinə dair”, b.e.d. Ulduz Həşimovanın “Etno-mədəni problemlərin həllində biologiya elminin rolu”, t.e.d. Eynulla Mədətlinin “Müxtəlif ölkələrdə “millət” və “xalq” anlayışlarının tarixi dinamikası, fərqliklər və bənzərliklər”, f.e.d. Rəfiqə Əzimovanın “Milli dəyərlər milli mənliyin əksi kimi”, f.e.d. Afaq Rüstəmovanın “Dil və mədəniyyət: qarşılıqlı əlaqə və təhsil məsələləri”, f.e.d. Füzuli Qurbanovun “Cəmiyyətin fəlsəfi öyrənilməsinə fənlərarası yanaşmanın bir sıra xüsusiyyətləri”, f.e.d. Adil Əsədovun “Millət anlayışı etnogenezin personalist konsepsiyası işığında”  və s. mövzularda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: