Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın Naxçıvan Bölməsi hesabat verib
17.12.2020 10:58
  • A-
  • A
  • A+

AMEA-nın Naxçıvan Bölməsi hesabat verib

AMEA-nın Naxçıvan Bölməsinin 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə ölkəmizin həm cəbhədə, həm də siyasi arenada qazandığı parlaq qələbə münasibətilə iştirakçılara səmimi təbriklərini çatdırıb və Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra bölmədə il ərzində yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələri haqqında danışan akademik bildirib ki, cari ilin tədqiqat dövründə bölmə əməkdaşlarının 18 monoqrafiyası, 19 kitabı, 1 metodik vəsaiti, 462 elmi məqaləsi, 207 konfrans materialı, 12 tezisi, ümumilikdə 719 elmi əsəri çap olunub, bir xəritə və bir buklet tərtib edilib. Əsərlərdən 174-ü xaricdə nəşr olunub. 57 elmi məqalənin impakt faktorlu jurnallarda çapdan çıxdığını deyən alim elmi əsərlərin keyfiyyət göstəricilərinin daha da yüksəldiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İl ərzində həyata keçirilmiş xüsusi əhəmiyyətli işlərdən bəhs edən İsmayıl Hacıyev qeyd edib ki, 17 dekabr 2018-ci il tarixdə AMEA rəhbərliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınmasına dair məktub ünvanlanıb. Məktuba əsasən, Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə “İlandağ” geoparkının yaradılması ilə bağlı lazımi işlərin həyata keçirilməsi tapşırılıb. Layihənin icrası ilə əlaqədar işçi qrupu yaradılıb, tədqiqat qrupunun gərgin əməyi nəticəsində geoparklara verilən tələblərə uyğun materiallar toplanıb, sistemləşdirilib, tədqiq olunaraq qruplaşdırılıb. Layihə çərçivəsində Babək, Culfa və Ordubad rayonları ərazisində “İlandağ” geoparkının ərazisinin ümumi, geoloji, geomorfoloji, landşaft, tarix-memarlıq, arxeoloji, biomüxtəliflik və s. xəritələri hazırlanıb. Ərazidə yerləşən 34 tarix-mədəniyyət, 41 arxeoloji abidənin, 32 geositin ətraflı təsvirləri verilib. Geopark ərazisinin kompleks qiymətləndirilməsi, nadir geoloji, geomorfoloji, canlı təbiət, tarix-memarlıq və arxeoloji obyektlər barədə məlumatları cəmləşdirən kompüter məlumat bazası yaradılıb, toplanılmış materiallar əsasında “İlandağ geoparkı” kitabı nəşr olunub.

Bölmənin Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov qurumun 2020-ci ildəki fəaliyyəti barədə məruzə ilə çıxış edərək bildirib ki, il ərzində elmi-tədqiqat işlərinin təsdiq edilmiş planına uyğun olaraq 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 38 iş 97 mərhələdə yerinə yetirilib. Bölmənin 2 akademik və 7 müxbir üzvünün il ərzində 100 əsəri, o cümlədən 6 monoqrafiyası, 3 kitabı, 1 dərslik, 1 metodik vəsait, 65 elmi məqaləsi, 24 konfrans materialı çapdan çıxıb. Ərsəyə gətirilən əsərlər sırasında “Azərbaycanın dövlətçilik tarixində Naxçıvan”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı”, “Əlincəçay mahalının epiqrafik abidələri”, “Naxçıvanın türk-islam mədəniyyəti abidələri”, “Qədim Culfa”, “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri (XX əsrədək)” və digər tədqiqat əsərləri mühüm elmi əhəmiyyətə malikdir.

Bölmənin istehsalyönümlü fəaliyyətinə diqqət çəkən məruzəçi vurğulayıb ki, cari ildə Qabıllı və Duzdağdan gətirilmiş gil nümunələrinin tərkibləri müəyyən edilib, onlardan palçıq və toz şəklində yuyucu vasitə istehsalı üçün hazırlıq işləri həyata keçirilib. “Şorsu” palçığının quru və palçıq formasında istehsalı davam etdirilib, Biləv alüminium süxurundan müəyyən miqdarda kalium alüminium zəyi alınaraq qablaşdırılıb.

O qeyd edib ki, bölmənin Biokimyəvi tədqiqatlar laboratoriyasında artıq gülab istehsalına başlanılıb. Bununla yanaşı, gələcəkdə laboratoriyanın imkanlarından istifadə etməklə nanə cövhəri, çaytikanı, kəklikotu, yovşan, razyanə, çöl nanəsi, üzərlik yağlarının istehsalı da planlaşdırılır.

Bildirilib ki, bölmə əməkdaşları cari il ərzində “Vikipediya” açıq ensiklopediyasında 20 yeni məqalə yerləşdirib, 5 yeni şablon yaradıb və 50-dən çox məqalə üzərində redaktə işləri aparıb.

Hesabat dövründə Naxçıvan Bölməsinin 20-dən çox elm və təhsil mərkəzi ilə səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdıran O.Bağırov deyib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində 50 şagird bölmə alimləri tərəfindən hamiliyə götürülüb, fərdi və kollektiv tədqiqatlara cəlb edilərək uğurlu nəticələr əldə olunub. Bölmənin 6 əməkdaşının rəhbərliyi ilə 10 şagird müxtəlif layihələrdə iştirak edib və əldə etdikləri nailiyyətlərə görə diplom və medallar qazanıb. Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş 5 ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə bölmənin elmi-tədqiqat müəssisələrində tədbirlər keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamına əsasən, Bölmənin elmi dərəcəsi olan əməkdaşlarının muxtar respublikanın ümumtəhsil məktəblərindəki nümunəvi dərslərinin tədrisi həyata keçirilib.

Bölmənin Elmi kitabxanasının kitab fonduna 1074 ədəd kitab daxil edilib, 310 adda kitab və 414 ədəd avtoreferat elektron kataloqlaşdırılıb. Elektron kartotekalara 1575 ədəd qəzet və jurnal məqalələrinin biblioqrafik təsviri daxil edilib, tarixi və əlamətdar günlər münasibəti ilə 6, yeni kitablara dair 10 sərgi təşkil olunub.

Müxbir üzv Hacıfəxrəddin Səfərli AMEA-nın və Naxçıvan Bölməsinin Fəxri fərmanları, müxbir üzv Əbülfəz Quliyev, fəlsəfə doktorları  Ələkbər Qasımov, Sahib Hacıyev və Akif Bayramov isə bölmənin Fəxri Fərmanı ilə təltif olunub. Həmçinin qurumun bir neçə əməkdaşı beynəlxalq və respublika əhəmiyyətli müsabiqədə müxtəlif dərəcəli diplom və mükafatlara layiq görülüb.

Daha sonra bölmənin Rəyasət Heyətinin üzvləri - akademik Tariyel Talıbov, müxbir üzvlər Hacıfəxrəddin Səfərli və Əbülfəz Quliyev çıxış edərək hesabatı qənaətbəxş qiymətləndirərək qəbul edilməsini təklif ediblər.

Sonda Naxçıvan Bölməsinin əməkdaşları – Bioresurslar İnstitutunun Dənli, paxlalı və texniki bitkilər laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayev və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyeva 2020-ci ildə elm sahəsindəki nailiyyətlərinə görə bölmənin təsis etdiyi “İlin alimi” fəxri diplomu ilə təltif ediliblər.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: