Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Filosof alimlər il ərzində bir sıra uğurlara imza atıb
16.12.2020 11:05
  • A-
  • A
  • A+

Filosof alimlər il ərzində bir sıra uğurlara imza atıb

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib.

İclası müəssisənin direktoru, şuranın sədri, professor İlham Məmmədzadə açaraq yığıncaqda institutun 2020-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatın dinləniləcəyini bildirib.

Qurumun hesabatını təqdim edən elmi katib, fəlsəfə üzrə fəlsəfə doktoru Sevinc Həsənova bildirib ki, cari ildə 2 elmi istiqamət, 4 problem, 15 mövzu üzrə 133 elmi tədqiqat işi yerinə yetirilib. Araşdırmaların nəticəsi olaraq 29 kitab, 23 monoqrafiya (onlardan 3-ü xaricdə), 2 kollektiv monoqrafiya, 4 toplu (1-i elektron, 1-i almanax olmaqla), 1 dərs vəsaiti, 1 fənn proqramı, 392 məqalə və konfrans tezisləri (onlardan 81 məqalə və konfrans tezisləri xaricdə, 10 məqalə impakt faktorlu jurnallarda, ölkədaxili 144 məqalə jurnallarda, 90 məqalə saytlarda, 77 məqalə kütləvi informasiya vasitələrində) dərc edilib.

2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının icrası ilə bağlı “Könüllülər ili”nə, həmçinin Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunan onlayn respublika elmi konfransları keçirilib.

Bundan əlavə, AMEA Rəyasət Heyətinin qərarlarının icrası ilə bağlı müxbir üzv Ziyəddin Göyüşovun 100 illik yubileyinə həsr edilən onlayn respublika konfransı, Fəlsəfə və Sosiologiya İnstitutunun 75 illik yubileyi ilə əlaqədar 2 beynəlxalq onlayn elmi konfrans və 1 onlayn elmi seminar, o cümlədən akademik Firudin Köçərlinin 100 illik yubileyinə dair 1 onlayn respublika konfransı baş tutub.

Hesabat ilində “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün İnkişaf Proqramı”, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”, “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, eləcə də ölkənin müdafiə qüdrətinin artırılması ilə bağlı bir sıra tədqiqat işləri aparılıb, respublika və beynəlxalq konfranslar, seminarlar keçirilib, kitablar, monoqrafiyalar, dərs vəsaitləri hazırlanıb, bu istiqamətdə mətbuatda mütəmadi çıxışlar edilib.

2020-ci ildə institut əməkdaşlarının əsərlərinə “Google scholar” bazasında 687 istinad olunub. Hesabat dövründə qurumun 41 əməkdaşı 14 ölkədə - Türkiyə, Rusiya, Bolqarıstan, İtaliya, ABŞ, Kanada, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Hindistan və Ukraynada keçirilmiş beynəlxalq onlayn konfranslarda Azərbaycanı təmsil ediblər.

İl ərzində müəssisənin alimləri bir sıra mükafatlara da layiq görülüblər. Professor İlham Məmmədzadə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı, professor Rəna Mirzəzadə AMEA Rəyasət Heyətinin Fəxri fərmanı, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva AMEA-nın Fəxri diplomu, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bahar Məmmədova isə AMEA-nın İctimai Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif olunublar.

Eyni zamanda Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 6 min manat ianə köçürülüb.

Daha sonra iclasda hesabat ətrafında müzakirələr aparılıb, müvafiq qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: