Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.12.2020 15:38
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutu cari ildə bir çox uğurlu layihələrə imza atıb

Əlyazmalar İnstitutu cari ildə bir çox uğurlu layihələrə imza atıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının 2020-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib.

Onlayn formatda baş tutan tədbirdə AMEA-nın Humanitarİctimai Elmlər Bölməsinin Elmi şurasının üzvü, akademik Nizami Cəfərov da iştirak edib. 

İclası giriş sözü ilə müəssisənin direktoru, akademik Teymur Kərimli açaraq 2020-ci ilin əlamətdar tarixi hadisələrlə, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, şanlı ordumuzun şücaəti və xalqımızın sarsılmaz birliyi nəticəsində Vətən müharibəsində qazanılmış böyük zəfərlə yadda qaldığını ifadə edib. Azərbaycanın ərazi bütövlüyünün bərpasını yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirən alim vurğulayıb ki, işğaldan azad olunmuş torpaqlarımızla bağlı tədqiqatların aparılması, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması alimlərimizin ümdə vəzifələrindəndir. İnstitut əməkdaşları tərəfindən milli maddi-mənəvi dəyərlərimizin təbliği istiqamətində cari ildə əhəmiyyətli tədbirlərin həyata keçirildiyini qeyd edən akademik Teymur Kərimli bildirib ki, post-pandemiya dövründə bu qəbil layihələrə xüsusi diqqət yetirilməlidir.

İnstitutun illik fəaliyyətinə dair hesabat məruzəsini təqdim edən müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin müvafiq fərman, qərar və sərəncamları, eləcə də dövlət proqramlarının icrası ilə əlaqədar görülən işləri diqqətə çatdırıb. Bildirib ki, “Könüllülər İli” çərçivəsində ölkəmizin ali təhsil ocaqlarının tələbə könüllüləri ilə birgə bölgələrdən təqdim olunan əlyazmaların toplanmasını həyata keçirmək üçün maarifləndirmə işləri aparılıb, bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilib, “Əlyazmalar İnstitutunun fondlarının zənginləşməsində könüllülük hərəkatının rolu” mövzusunda tədqiqat işi aparılıb. Əbdürrəhim bəy Haqverdiyevin və Nəriman Nərimanovun 150, Məhəmməd Hadinin 140 illik yubileyləri, o cümlədən milli mətbuatımızın 145 illik yubileyi çərçivəsində də əhəmiyyətli tədbirlərin görüldüyünü deyən Ə.Nəcəfov aparılan tədqiqat işləri, transfoneliterasiya, yeni nəşrlər, onlayn sərgilər və digər məsələlərlə bağlı ətraflı məlumat verib.

Məruzəçi dövlət başçısının 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında müvafiq Sərəncamına uyğun olaraq müxtəlif layihələrin gerçəkləşdirildiyini, o cümlədən bu mövzuda rəqəmsal bazanın hazırlandığını nəzərə çatdırıb.

Elmi katib 2020-ci ilin həm də Əlyazmalar İnstitutunun 70 illik yubiley tarixi ilə əlaqədar əlamətdar olduğunu qeyd edib.  Bu münasibətlə “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfransın müxtəlif ölkələrin, o cümlədən respublikamızın elm və təhsil müəssisələrinin alim və mütəxəssislərinin iştirakı ilə Bakı və Naxçıvan şəhərlərində onlayn qaydada keçirildiyini, “AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu – 70” adlı biblioqrafiyanın nəşrə hazırlandığını söyləyib. İclasda mövzu ilə əlaqədar həyata keçirilmiş digər tədbirlər haqqında da məlumat verilib.

Məruzədə cari ildə aparılan tədqiqatlar da nəzərə çatdırılıb və qeyd olunub ki, Azərbaycan ədəbi və elmi-ictimai fikrinin bizə gəlib çatmış maddi nümunələrinin, türkdilli, farsdilli, ərəbdilli, multidissiplinar əlyazmaların, daşbasma kitablarının, tarixi-arxeoqrafik sənədlərin, şəxsi arxivlərin toplanması, sistemə salınması, qorunması, tədqiqi, kataloqlaşdırılması, biblioqrafiyaların hazırlanması, resursların elektronlaşdırılması, beynəlxalq arenaya çıxarılması və təbliği istiqamətində 4 problem üzrə 13 elmi-nəzəri, tətbiqi və elmi-praktiki mövzu ətrafında 62 işin müvafiq mərhələləri uğurla həyata keçirilib.

Bildirilib ki, əldə olunan ən mühüm elmi nəticə “Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair farsdilli sənədlər” mövzusunda tədqiqat işidir. İlkin mənbələr əsasında XVIII əsrdə Azərbaycanda xristianların vəziyyətinin araşdırıldığı bu tədqiqatda əsas diqqət tarixşünaslıqda az öyrənilmiş ‒ xristian əhalinin imtiyazları və onlara göstərilən himayədarlıq məsələsinə yetirilib. Tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Gözəlovanın araşdırmasında ermənilərin Şimali Azərbaycan ərazisinə köçürülmələri faktı təqdim olunan çoxsaylı sənədlər əsasında təsdiqini tapıb. Tədqiqatın nəticəsi kimi ərsəyə gələn eyniadlı kitabın elmi redaktoru və "Ön söz"ünün müəllifi AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, kitabda yer alan fars dilində olan sənədləri tərcümə edən və mənbələrlə bağlı terminoloji lüğəti hazırlayan Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovdur.

Məruzəçi institutun beynəlxalq əlaqələri istiqamətində əldə olunan uğurlardan da söz açıb, həmçinin YUNESKO-nun Cənubi Koreya Milli Komitəsinin təşkilatçılığı ilə keçirilmiş onlayn tədbirlərdə Əlyazmalar İnstitutunda mühafizə olunan Xurşidbanu Natəvanın “Gül dəftəri” əlyazmasının “Dünya yaddaşı” reyestrinə daxil edilməsi ilə bağlı qəbul olunan ilkin qərarı da diqqətə çatdırıb.

Elmlə təhsilin inteqrasiyası, kadr hazırlığı, impakt faktorlu jurnallarda çapa təqdim olunan məqalələr, əməkdaşların elmi əsərlərinə olunan istinadlar, elektron elmin vəziyyəti, elmin təbliği, institutun veb-saytının proqram təminatının təkmilləşdirilməsi və s. bağlı ətraflı məlumat verilib.

Bundan əlavə, ilk dəfə olaraq “Molla Nəsrəddin” jurnalının tam elektron veb-arxivinin yaradılması üçün müvafiq materialların müəyyənləşdirilməsi, toplanılması və elektronlaşdırılması işinin həyata keçirildiyi də qeyd olunub. Əlyazmaların rəqəmsallaşdırılması, elektron kitabxananın yaradılması üzrə görülən işlər diqqətə çatdırılıb.

İclasda, həmçinin xarici ölkələrin yüksək əmsallı və istinad xarakterli elmi məcmuə və jurnallarında institut alimlərinin əsərlərinə edilən istinadlar, elmmetrik təhlil və əməkdaşların beynəlxalq elmi bazalardan istifadə imkanlarının genişləndirilməsi sahəsində görülən işlər nəzərə çatdırılıb.

Cari ildə institut əməkdaşları tərəfindən COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna, Vətən müharibəsi dövründə ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanan və şəhid olanların ailələrinə yardım məqsədi ilə “YAŞAT” Fonduna edilən ianələr, “Azərbaycan əsgərinə sovqat” layihəsi çərçivəsində cəbhə bölgəsində yerləşən hərbi hissələrin əsgər heyəti üçün gündəlik təlabat mallarının çatdırılması təqdir olunub.

İclasda, həmçinin institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Paşa Kərimov, şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nailə Mustafayeva, aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov və digərləri hesabat məruzəsi ətrafında çıxış ediblər.

Sonda akademik Nizami Cəfərov çıxış edərək Əlyazmalar İnstitutunun 2020-ci ildəki fəaliyyətinin uğurlu olduğunu qeyd edib və müəssisənin illik hesabatını yüksək qiymətləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: