Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Biofizika İnstitutunun elmi nəticələri müzakirə olunub
15.12.2020 15:30
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun elmi nəticələri müzakirə olunub

AMEA-nın Biofizika İnstitutunun Elmi şurasının müəssisənin 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunan iclası keçirilib.

Tədbiri institutun direktoru, Elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq bildirib ki, müəssisənin cari ildəki elmi-təşkilati fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabineti və AMEA Rəyasət Heyətinin qərarları, AMEA prezidentinin sərəncamları əsas götürülüb, habelə dövlət proqramlarının icrasından irəli gələn işlər yerinə yetirilib.

Onun sözlərinə görə, bu il müəssisə əməkdaşları tərəfindən “Bioloji sistemlərin fiziki-kimyəvi əsasları” istiqamətində 2 mövzu üzrə 5 elmi-tədqiqat işi aparılıb və onlardan 2-si başa çatıb. Əldə olunmuş nəticələr 1 monoqrafiya, 7 tezis, 11 məqalədə əksini tapıb. Bu məqalələrin 4-ü xarici elmi jurnallarda dərc olunub. 2020-ci ildə institut əməkdaşlarının nəşrlərinə 172 istinad qeydə alınıb. Alim qeyd edib ki, cari ildə müəssisədə 6 qrant layihəsi çərçivəsində tədqiqatlar aparılıb.

Bundan əlavə, institutda 2020-ci il üzrə aparılan elmi-tədqiqat işlərinin nəticələri, koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində görülən işlərin elmi əhəmiyyəti və əldə edilən nailiyyətlər haqqında geniş məlumat verilib. Qeyd olunub ki, aparılan elmi tədqiqatlar nəticəsində ANS flüoressent zondundan istifadə etməklə zülal təbəqələrinin hidrofob klasterlərini xarakterizə etməyin mümkünlüyü göstərilib. Fibroin zülalı misalında təbəqələrdə hidrofobluq dərəcəsinə görə bir-birindən fərqlənən iki fazanın olduğu müəyyənləşdirilib və onlar ANS flüoressensiyasının yaşama müddətinə görə xarakterizə edilib.

Daha sonra qurumun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Kərim Qasımov çıxış edərək bildirib ki, müəssisədə COVID-19 pandemiyası ilə əlaqədar aparılan tədqiqatların nəticələri “Life Sciences and BioMedicine” elmi-tədqiqat jurnalında çapa qəbul edilib.

Sonda institutda əldə edilən mühüm nəticələrin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə təqdim olunmasına qərar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: