Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.12.2020 19:50
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun yeni rəhbəri kollektivə təqdim olunub

İdarəetmə Sistemləri İnstitutunun yeni rəhbəri kollektivə təqdim olunub

Dekabrın 14-də AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) yeni rəhbəri müəssisə kollektivinə təqdim olunub.

Tədbiri AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev açaraq öncə qurumun əməkdaşlarını və tədbir iştirakçılarını Azərbaycan xalqının şanlı qələbəsi münasibəti ilə təbrik edib.

Akademik İbrahim Quliyev AMEA Rəyasət Heyətinin 11 dekabr 2020-ci il tarixli qərarını xatırladaraq İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevin öz xahişi ilə tutduğu vəzifədən azad olunduğunu və Rəyasət Heyətinin qərarı ilə AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun bu müəssisənin direktoru vəzifəsini icra edən, T.Əliyevin isə AMEA-nın müşaviri vəzifəsinə təyin edildiyini diqqətə çatdırıb və Ə.Sadıqovu kollektivə təqdim edib.

Tədbirdə institutun elmi nəticələrindən bəhs edən birinci vitse-prezident İdarəetmə Sistemləri İnstitutunun Akademiyanın ən böyük elmi potensiala malik olan elmi-tədqiqat müəssisələrindən biri olduğunu və burada qazanılmış nəticələrin akademik Telman Əliyevin böyük elmi və təşkilati bacarığı ilə qazanıldığını xüsusilə vurğulayıb. O, institutun nailiyyətlərinin bundan sonra da davam edəcəyinə və akademik Telman Əliyevin AMEA-nın müşaviri vəzifəsində böyük elmi potensialı və iş təcrübəsindən istifadə edərək Akademiyanın gələcək inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Sonra akademik Telman Əliyev çıxış edərək İSİ-nin ölkəmizdə hesablama texnikası və informasiya texnologiyalarının inkişafı istiqamətində əsas rol oynadığını qeyd edib, respublikanın iqtisadi və hərbi inkişafında institutun apardığı tədqiqatların nəticələrinin müvəffəqiyyətlə tətbiq edildiyini nəzərə çatdırıb. O, bundan sonra da elmi fəaliyyətini davam etdirəcəyini, AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun bu müəssisədə yetişdiyini və kollektivdə böyük nüfuza malik olduğunu qeyd edərək ona uğurlar arzulayıb.

Daha sonra institutun direktoru vəzifəsinin icrasına başlayan Əminağa Sadıqov da dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi qələbə qazandığını, bütün Azərbaycan xalqı kimi alimlərin də Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdiyini qeyd edərək, bundan sonra Elmlər Akademiyasının digər elmi müəssisələri kimi, İdarəetmə Sistemləri İnstitutunun da daha böyük əzmlə işləməsinin vacib olduğunu bildirib.

Ə.Sadıqov ona göstərilən yüksək etimada görə AMEA rəhbərliyinə minnətdarlığını ifadə edərək, akademik Telman Əliyevin İSİ-də yaratdığı yaradıcı elmi mühiti qoruyub saxlayacağını və inkişaf etdirəcəyini qeyd edib. O, həmçinin bildirib ki, yaxın günlərdə AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin sədri, akademik Rasim Əliquliyevin iştirakı ilə onlayn rejimdə keçiriləcək iclasda institutun yaxın və uzunmüddətli dövr üçün elmi və elmi-təşkilati məsələləri müzakirə ediləcək.

Sonda AMEA-nın müxbir üzvü Ağası Məlikov, professor Kamil Mənsimov və riyaziyyat elmləri doktoru İlqar Məmmədov çıxış edərək akademik Telman Əliyevə minnətdarlıqlarını ifadə ediblər, eyni zamanda AMEA-nın müxbir üzvü Əminağa Sadıqovla uzun müddət bir kollektivdə işlədiklərini, onu geniş dünyagörüşə malik alim və təşkilatçı, obyektiv insan kimi tanıdıqlarını bildirərək, bu təyinata görə AMEA rəhbərliyinə təşəkkür ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: