Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elminə ağır itki üz verib
14.12.2020 14:49
  • A-
  • A
  • A+

Azərbaycan elminə ağır itki üz verib

AMEA-nın Polimer Materialları İnstitutunun Makromonomer əsaslı polimer materiallar laboratoriyasının müdiri, Əməkdar elm xadimi, kimya üzrə elmlər doktoru, professor Niyazi Rəsulzadə ömrünün 72-ci ilində vəfat edib.

Yüksəkmolekullu birləşmələr kimyası sahəsində respublikanın tanınmış alimlərindən biri olan Niyazi Şahid oğlu Rəsulzadə 1948-ci il yanvarın 9-da Şuşa rayonunda doğulub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə daxil olub, 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib və təyinat üzrə həmin universitetdə kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb.

1971-ci ildə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) aspiranturaya daxil olaraq, 1973-cü ildə oranı bitirib və 1974-cü ildə “Tsikloheksilvinilketonun homo- və sopolimerləşməsi sahəsində tədqiqatlar” mövzusunda fəlsəfə doktorluğu dissertasiya işini müdafiə edib. 1985-ci ildə “Tsikloheksil sırası vinilketonlarının oliqomerləri və sopolimerlərinin sintezi, çevrilmələri və xassələri” mövzusunda kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1986-cı ildə isə professor elmi adını alıb.

Niyazi Rəsulzadə 1981-1990-cı illərdə Azərbaycan Texnologiya İnstitutunda Kimya kafedrasının müdiri olmaqla yanaşı, Funksional polimerlər elmi-tədqiqat laboratoriyasının müdiri, 1990-1993-cü illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifələrində fəaliyyət göstərib. O, 1995-2004-cü illər arasında Türkiyənin paytaxtı Ankara şəhərində bir sıra strateji əhəmiyyətli layihələrin rəhbəri və icraçısı olub.

Professor Niyazi Rəsulzadə 2011-2014-cü illərdə Sumqayıt Dövlət Universitetində Tətbiqi kimya elmi-tədqiqat laboratoriyasının müdiri, 2014-2020-ci illərdə isə AMEA-nın Polimer Materialları İnstitutunda laboratoriya müdiri kimi fəaliyyət göstərib.

“Yüksəkmolekullu birləşmələr” və “Neft kimyası” sahəsində ixtisaslaşmış alimin elmi yaradıcılığında viniltsikloheksilketon və onun törəmələri əsasında işıq, elektron və rentgen şüalarına qarşı həssas bir sıra homo- və birgəpolimerlər sintez olunub. Tsikloheksil sırası vinil ketonların radikal oliqomerləşməsi və digər reaksiyalarının qanunauyğunluqları öyrənilib və ilk dəfə olaraq vinilketon monomerlərində keto-enol tautomerliyinin radikal birgəpolimerləşmə reaksiyalarında rolu müəyyən edilib. Fiziki-kimyəvi analiz üsulları ilə müəyyən edilib ki, vinil keton molekullarında enol tautomerinin yaranma ehtimalı molekuldakı alkil (tsikloalkil) qrupunun təbiətindən asılıdır. Enollaşma qabiliyyətinin yüksək olması monomerin elektrodonorluq xassələrinin güclənməsinə səbəb olur ki, bunun da nəticəsində elektroakseptor monomerlərlə, məsələn, malein turşusu və onun törəmələri ilə donor-akseptor tipli kompleks əmələ gətirir. Yükün ötürülməsilə yaranan bu komplekslər özlərini aktiv monomerlər kimi apararaq növbəli quruluşlu birgəpolimerlərin yaranmasına səbəb olur.

İlk dəfə olaraq N.Rəsulzadə tərəfindən vinilketonların birgəpolimerləşməsi, alınan homo- və birgəpolimerlərin kimyəvi və fotokimyəvi çevrilmələri reaksiyalarında keto-enol tautomerliyinin rolu müəyyən edilib. Onun təklif etdiyi nəzəriyyə dünyanın bir çox ölkələrində müzakirəyə çıxarılıb və bir çox universitetlərdə tədris olunub. N.Rəsulzadənin son illərdə xüsusi təyinatlı motor yağlarının alınması sahəsində apardığı elmi-tədqiqat işləri bir çox ölkələrdə (ABŞ, Türkiyə, Belarus, BƏƏ) maraqla qarşılanıb və birgə araşdırmaların aparılması üçün onlardan təkliflər alınıb.

O, 1992-ci ildə "Əməkdar elm хadimi" fəхri adı ilə təltif edilib.

Xeyirxah və alicənab insan, tanınmış alim Niyazi Rəsulzadənin parlaq xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaq.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: