www.science.az
09.12.2020 15:42

Tarixi həqiqətdən və milli qətiyyətdən doğan zəfər

“Yalanın zaman baxımından bir ömrü olsa da, həqiqət əbədidir” zərb-məsəli sanki müdrik Nizami Gəncəvinin iki əks qütbdə dayanan “Xeyir və Şər”inin mübarizəsi kimidir. Bütün sınaqlarda böyük xeyirxahlıq nümayiş etdirmiş, lakin əvəzində nəfsinin qurbanına çevrilən “Şər”in tələsinə düşmüş “Xeyir”in, sonda qazanmış olduğu parlaq qələbəsinin fövqündə “Şər”in rəzil ölümü, əslində əbədi həqiqətin mütləq təntənəsinin təzahürü idi.

Dağlıq Qarabağ münqişəsinin gerçək tarixinin, o cümlədən terrorla, təxribatlarla və yalanlarla silahlanmış Ermənistanın xalqımıza qarşı dəyişməz mənfur münasibətinin xronikası göstərir ki, Azərbaycanın fəlsəfi şairinin poemasında “Xeyir və Şər”in timsalında ərsəyə gətirilən iki motiv arasında baş verən mübarizə, həqiqətdə heç də bir poetik təxəyyülün məhsulu deyil, əksinə real həyatda baş verə biləcək hadisələrin bariz obrazıdır. Bəli, XIX əsrin əvvəllərində Rusiyanın himayəsi altına keçmiş Azərbaycanın Qarabağ xanlığına sığınan bir neçə erməninin sayı, elə həmin əsrin sonlarına yaxın xeyli artırılmışdı. Azərbaycan xalqının ermənilərə qarşı o zamanlar göstərdiyi xeyirxahlığın “əvəzini” şər xislətli qonşularımız XIX əsrin əvvəlində İrəvanda, Qarabağda və Azərbaycanın digər inzibati yerlərində minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirməklə verdilər. Sonralar erməni terroru daha geniş coğrafiyada tüğyan etməklə, Şuşadan başlamış Urmiyaya qədər olan əraziləri, habelə tarixləri boyu burada yaşayan azərbaycanlıları hədəfə almağa başladı. Əlbəttə, dahi şairimizin poemasında canlanan “Şər” prototipinin xələfi kimi ermənilərin həyata keçirdikləri belə qeyri-insani əməllərin əsl məqsədində zorakılıq hesabına dövlət qurmaq, eyni zamanda gələcəkdə işğalçı siyasi amallara xidmət edən hüquqi statusu bərqərar etmək idi.

Bəli, belə də oldu! 1918-ci ildə Cənubi Qafqazda bir şər fenomeni – Ermənistan respublikası peyda oldu. Qısa müddət sonra Azərbaycanın Zəngəzur rayonu, daha sonralar Naxçıvan, Zəngilan və Qazaxın bəzi əraziləri qəsbkarların himayəsinə verildi. Bununla belə, ermənilərin mono-etnik Ermənistan naminə işğalçı siyasi ambisiyaları bitmək bilmirdi. Azərbaycanla həmsərhəd ərazilərində, o cümlədən Qarabağımızda törədilən təxribatlar daha böyük məqsədlərdən xəbər verirdi. Necə ki, keçən əsrin 80-ci illərində daha açıq və qərarlı siyasi görüş ortaya qoyan ermənilər, Azərbaycan tarixinin hər səhifəsini bəzəyən Qarabağımıza göz dikdiklərini həyasızcasına bəlli edir və bunun üçün canfəşanlığa başlayırlar. Həmin dövrlərdə, Qarabağın ayrı-ayrı ərazilərində, həmçinin Sumqayıtda yeni terror dalğaları kükrəməyə başlayır və 1990-cı illərin əvvələrində bütün Azərbaycanı ağuşuna alır. Eyni zamanda "Dağlıq Qarabağ Respublikası" adında qondarma qurumun yarandığını elan edən Ermənistan daha yeddi rayonumuzu işğal etdi.

İşğaldan sonra 30 ilə çatan dövr ərzində yalanlara sığınaraq Azərbaycanın tarixi həqiqətlərini ört-basdır etməyə çalışan ermənilər, həmçinin zəbt altında saxladıqları ərazilərimizlə qonşu rayonlarımızda, habelə münaqişə zonasından kifayət qədər uzaq digər həmsərhəd bölgələrimizdə dəfələrlə təxribat mənşəli hərbi əməliyyatlar keçirməkdən, atəşkəs dövrünün tələblərini göz ardı edərək, minlərlə hərbçimizi və mülki vətəndaşlarımızı həlak etməkdən belə çəkinmirdi. Beynəlxalq təsisatların qəbul etdiyi sənədlərə heç məhəl qoymayan, uzun illərdir yalan vədlər üzərində siyasi-işğalçı strategiya quran Ermənistanın yeni hökumətinin yaxın tarixlərdə Azərbaycanı hədələməsi, danışıqlar yolu ilə torpaqlarımızın gerin alınmasının xam xəyaldan başqa bir şey olmadığını açıq dilə gətirməsi, əslində uzun illərdir gizlədilən tarixi həqiqətlərimizin zəfərə qovuşması üçün real imkan yaratdı desək, yanılmarıq.

Haqqın və həqiqətin mütləq təntənəsi üçün “Xeyir və Şər”in misalında olduğu kimi, müəyyən zaman və şərait tələb olunur. Bununla bərabər, xüsusən müasir hərbdə zəfərləri və böyük qələbələri qazana bilmək məharəti müəyyən irsi üstünlüklərə, o cümlədən spesifik siyasi və tarixi bilgilərə, həmçinin fenomenal intellektə malik liderliklə yanaşı, iqtidar iradəsinə tam səmimiyyəti ilə güvənən milli qətiyyətin formalaşdırılmasını şərtləndirir. Azərbaycanın timsalında, XX əsrin ən fenomenal siyasi fiqurlarından hesab edilən Heydər Əliyevin irsini layiqincə daşıyan, beynəlxalq arenalarda dərin siyasi bilgisi və əldə etdiyi təcrübə ilə böyük nüfuz qazanan Prezident İlham Əliyev xalqının ən böyük ümidi və liderinə çevrilə bildi. 21-ci əsrin hərb tarixində mütləq qələbəsini qazanmış Azərbaycanın zəfər formulunun sirri: Ali Baş Komandanımız İlham Əliyevin fenomenal liderlik bacarığı, milli qətiyyətimiz və şübhəsiz ki, məğlubedilməz ordumuzun qüdrəti ilə bağlıdır.

Cənab Prezidentimiz hakimyyətə gəldiyi ilk gündən etibarən bütün dünya ölkələrinin siyasi və media nümayəndələrini tarixi həqiqətlərə və faktlara söykənən arqumentlərlə inandıraraq, Azərbaycanın haqq yolundakı mübarizəsini layiqincə hədəfə doğru götürməyə nail olmuşdur. Tarixi həqiqətlərimizlə yanaşı, sülh və həmrəylik münasibətlərinə əsaslanan dövlət maraqlarımızı xarici ictimaiyyətə inandırıcı şəkildə çatdırmaqla region və digər dünya dövlətlərinin də mənəvi dəstəyinin Azərbaycanyönümlü olmasına müvəffəq ola bilmişdir. Ümumilikdə, siyasi cəbhələrdə irəli sürülən əsaslı fikirlər, həmçinin nümayiş etdirilən spesifik liderlik keyfiyyəti, əslində bugünkü tarixi zəfərimizin ərsəyə gəlməsində peşəkar zərgər əməyinin incəliklərini dünyaya göstərir.

Bəli, Ali Baş Komandanımız və qüdrətli ordumuz dünyaya yalanın qısa ömürlü, həqiqətin əbədi olduğunu göstərə bildi. Yenə “Xeyir” və “Şər”in  mübarizəsini Azərbaycanın timsalında “Xeyir” qazandı. Tarixi həqiqətin və milli qətiyyətin İlhamından doğan zəfər düynaya: Qələbə və Qarabağ Azərbaycanındır, deyə məğrurcasına hayqırır!

Famin SALMANOV, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent

"Xalq qəzeti"