Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.12.2020 16:27
  • A-
  • A
  • A+

Şərq ölkələrinin mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələrinə dair tədqiqatlar aparılıb

Şərq ölkələrinin mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələrinə dair tədqiqatlar aparılıb

Dekabrın 4-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə müəssisənin direktoru, akademik Gövhər Baxşəliyeva rəhbərlik etdiyi qurumun 2020-ci ildəki fəaliyyətini əks etdirən hesabatı diqqətə çatdırıb. Qeyd edib ki, Şərqşünaslıq İnstitutu öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə dövlət proqramlarını, eləcə də AMEA Rəyasət Heyətinin qərarlarını əsas götürüb.

Hesabatda əməkdaşların pandemiya şəraitinə uyğun Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələri istiqaməti üzrə araşdırmalar apardıqları və elmi-tədqiqat planında nəzərdə tutulmuş bütün işləri yerinə yetirdikləri bildirilib. Diqqətə çatdırılıb ki, cari ildə 1 elmi istiqamət, 5 problem çərçivəsində tədqiqatlar aparılıb. Plan üzrə icra olunan 101 elmi-tədqiqat işindən 57 iş bu il başa çatıb, qalan işlərin 2020-ci il üçün nəzərdə tutulan hissəsi yerinə yetirilib. İl ərzində institutda 17 kitab, monoqrafiya və məqalələr toplusu çap olunub, 6 kitab isə hazırda çapdadır.

Hesabat ilində müəssisə əməkdaşlarının 150-dən artıq məqalə, məruzə və tezisi çap olunub. Bunlardan 51 elmi məqalə xaricdə (Türkiyə, İordaniya, Misir, Gürcüstan, Cənubi Koreya, İsveçrə, Rusiya, Özbəkistan, Ukrayna, Qazaxıstan, Livan, Yaponiya, Rumıniya və s.) nəşr edilib. İmpakt faktorlu "Web of Science" və "Scopus" bazalarında dərc olunan məqalələrin sayı 2, yüksək reytinqli nəşrlərdə, beynəlxalq nüfuzlu indeksləşdirilmiş bazalarda işıq üzü görən və yerləşdirilən məqalə, tezis və məruzələrin sayı isə 11-dir. Qurumun əməkdaşlarının əsərlərinə 409 dəfə istinad olunub.

Hesabat ilində Şərqşünaslıq İnstitutunun nümayəndələri 78 konfransda (42 yerli, 36 xarici) məruzə ilə çıxış ediblər.

Akademik Gövhər Baxşəliyeva, həmçinin xarici ölkələrin səfirləri, elm və dövlət nümayəndələri ilə keçirilən görüşlər, təşkil edilən konfrans, seminar və tədbirlər, kadr hazırlığı və digər məsələlər barədə də məlumat verib.

Sonra hesabat ətrafında müzakirələr aparılıb.

İclasın sonunda AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının sədr müavini, akademik Nərgiz Axundova çıxış edərək Şərqşünaslıq İnstitutunun böyük ənənələrə malik olduğunu və hesabat ilində müəssisədə görülən işlərin Şərqin bütün problem sahələrini əhatə etdiyini söyləyib, qurumun fəaliyyətini müsbət qiymətləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: