Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Bir millət – iki dövlət” formulunun tarixi kontekstdə fəlsəfi təhlili aparılıb
03.12.2020 10:17
  • A-
  • A
  • A+

“Bir millət – iki dövlət” formulunun tarixi kontekstdə fəlsəfi təhlili aparılıb

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, t.e.d. Eynulla Mədətli və şöbə müdiri, f.e.d. Füzuli Qurbanovun həmmüəllifliyi ilə “Bir millət – iki dövlət: fəlsəfi-tarixi təhlil” adlı elmi monoqrafiya çapdan çıxıb.

Tədqiqat əsəri ulu öndər Heydər Əliyevin “Bir millət – iki dövlət” formulunun tarixi kontekstdə fəlsəfi təhlilinə həsr olunub.

Dörd fəsildən ibarət olan əsərin “Ön söz”ünün müəllifi AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadədir.

Ümummilli liderin məşhur formulunun fəlsəfi təhlilinə müəlliflər müasir fənlərarası metodologiya prizmasından yanaşıblar. Problemin fəlsəfi aspektinə Azərbaycan dövlətçiliyinin təkamülü fonunda baxılıb. Kitabın məntiqi düzümü və irəli sürülən fikirlərin təkamül özəllikləri bu bağlılıqda ifadə edilib.

Nəşrin birinci fəslində “Bir millət – iki dövlət” formuluna fəlsəfi-metodoloji yanaşma əsaslandırılır. İkinci fəsildə həmin fikirlər inkişaf etdirilərək millət və millətçiliyin sistemyaradıcı parametrləri “Bir millət – iki dövlət” formulu bağlılığında müəyyənləşdirilir. Üçüncü fəsildə əldə edilən ümumfəlsəfi və elmi qənaətlərin işığında konkret olaraq ulu öndərin “Bir millət – iki dövlət” formuluna uyğun Azərbaycan-Türkiyə əlaqələrinə verdiyi töhfələrin fəlsəfəsi araşdırılır. Nəhayət, dördüncü fəsil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bir millət – iki dövlət” formulunu böyük uğurla inkişaf etdirməsinin fəlsəfi-tarixi analizinə həsr edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: