Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Süni intellekt texnologiyaları ilə bağlı məsələlər hüquqi tənzimlənməlidir
03.12.2020 10:06
  • A-
  • A
  • A+

Süni intellekt texnologiyaları ilə bağlı məsələlər hüquqi tənzimlənməlidir

Süni intellekt texnologiyaları ilə bağlı məsələlər hüquqi tənzimlənməlidir.

Bu fikri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunan onlayn elmi seminarda qabaqcıl texnologiyalara dair aparılan müzakirələr zamanı səsləndirib. Onun sözlərinə görə, süni intellekt texnologiyaları informasiya təhlükəsizliyinin mühüm obyektinə çevrilib: “Bu, artıq yeni bir tətbiqi elmi istiqamətdir və müvafiq texnologiyalar dərindən araşdırılmalı, bu istiqamətdə fundamental elmi tədqiqatlar aparılmalı, onların tətbiqi sahəsində mövcud olan bütün problemlər öyrənilməli və həlli yolları təklif edilməlidir”.

AMEA-nın vitse-prezidenti öz çıxışında rəşadətli Azərbaycan Ordusunun zəfər çalmasında süni intellekt texnologiyalarının, o cümlədən pilotsuz uçuş aparatlarının xüsusi əhəmiyyətini vurğulayıb.

“Azərbaycanda süni intellekt texnologiyaları ilə bağlı institusional tədbirlər tələb edən xüsusi qanunlar qəbul edilməlidir. Bu texnologiyaların mülki məqsədlər üçün kütləvi istifadəsini təmin etmək məqsədilə dünyanın aparıcı ölkələrinin qanunvericilik təcrübəsindən istifadə etməklə, ölkəmizdə qanunvericilik bazasının, normativ-hüquqi mühitin yaradılması son dərəcə vacibdir. Mülki dövriyyə üçün nəzərdə tutulan pilotsuz uçuş aparatları çəkisinə, təyinatına və digər parametrlərinə görə qeydiyyatdan keçirilməlidir. Pilotsuz uçuş aparatının sahibinin, onun proqramlaşdırılması üzrə məsul şəxsin kimliyi, qurğunun istismarı və texniki baxışı kimi bir sıra kompleks məsələlər araşdırılmalıdır. Süni intellekt texnologiyalarının təhlükəsizliyi məsələləri də xüsusi diqqət yetirilməsi vacib olan məqamlardandır. Süni intellektə əsaslanan dronların sahibləri onlardan istifadənin məsuliyyətini anlamalıdırlar”, – deyə R.Əliquliyev qeyd edib.

Akademikin sözlərinə görə, ölkəmizdə müxtəlif təyinatlı süni intellekt texnologiyalarının istehsalı, milli məhsulumuzun texniki və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində əsaslı elmi tədqiqatlar aparılmalıdır.

Azərbaycanda süni intellekt texnologiyaları sahəsində kadr hazırlığı məsələsinə toxunan alim orta məktəbdən başlayaraq uşaqlara müvafiq qurğuların texniki xüsusiyyətlərinin, onların proqramlaşdırılması və əllə yığılmasının öyrədilməsinin vacibliyini qeyd edib. Bildirib ki, dünyanın aparıcı universitetlərində müvafiq sahə üzrə tədris prosesinin təşkili məsələlərini araşdırmaq, bu istiqamətdə beynəlxalq təcrübədən yararlanmaq lazımdır.

İnstitutun direktoru rəhbərlik etdiyi qurumda da son illər müvafiq sahədə elmi tədqiqatların aparıldığını diqqətə çatdıraraq, bu istiqamətdə araşdırmaların daha da intensivləşdirilməsi və dərinləşdirilməsinin önəmini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: