www.science.az
30.11.2020 16:50

AMEA YT Parkda və onun rezidentlərində dezinfeksiya işləri aparılıb

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması və müəssisə əməkdaşlarının sağlamlığının qorunması məqsədilə mütəmadi olaraq sanitar-dezinfeksiya və digər qabaqlayıcı işlər həyata keçirilir.

Pandemiya dövründə kollektivin sağlamlığı və təhlükəsizliyinin qorunması məqsədilə YT Parkda, eləcə də onun rezidentləri olan Təcrübə-Sənaye Zavodu və “İnkor” MMC-də növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya tədbirləri görülüb. Belə ki, texnoparkın nəzarət-buraxılış məntəqəsi, ərazisi, inzibati binanın otaqları, konfrans zalı və dəhlizləri, Strateji Elmi Analitik Sınaq Mərkəzi, eləcə də  Təcrübə-Sənaye Zavodunun istehsalat sexi, anbarı, idarə binası, o cümlədən “İnkor” MMC-nin inzibati binası dezinfeksiya olunub.

Qeyd edək ki, YT Parkda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi şəkildə əməl olunur. Texnopark və onun rezident müəssisələrinə məhdud sayda işçilər cəlb edilib və əksər işlərin məsafədən həyata keçirilməsinə üstünlük verilir. Bununla yanaşı, əməkdaşlar müəssisəyə tibbi maska ilə buraxılır, sosial məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur.

Həmçinin qurumun kollektivi arasında mütəmadi olaraq virusla mübarizə məsələlərinə dair maarifləndirmə işləri aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.