www.science.az
30.11.2020 16:40

Dəmir yollarının texniki xüsusiyyətlərindəki dəyişikliklərlə bağlı intellektual sistem hazırlanıb

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə “Dördüncü sənaye inqilabının texnoloji perspektivləri: sənaye interneti, kiberfiziki sistemləri və intellektual texnologiyalar” mövzusunda konfrans keçirilib.

AzTU-nun 70 illik yubileyinə həsr olunan konfransda İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları aktiv iştirak ediblər.

Açılış mərasimində iştirakçıları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev yubileylə bağlı təbriklərini çatdırıb, universitetin yaranma tarixindən, Azərbaycan təhsilinin və elminin inkişafındakı rolundan və hədəflərindən danışıb.

Sonra çıxış edən İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev Azərbaycanın tarixi qələbəsi münasibətilə iştirakçıları təbrik edib, AzTU-da son illər görülən işlərə diqqət çəkib. Bildirib ki, universitetin qarşısına qoyduğu hədəflər onu dünya səviyyəli ali təhsil müəssisəsinə çevirəcək. Onun sözlərinə görə, Dördüncü sənaye inqilabının texnoloji perspektivləri də bu sahədə AzTU-nun inkişafı üçün mühüm istiqamətləri özündə əks etdirir.

Daha sonra onlayn konfrans işini bölmə iclasları ilə davam etdirib.

Akademik Telman Əliyev “Dəmir yollarının texniki xüsusiyyətlərində dəyişikliklərin başlamasının noise-control intellektual sistemi” mövzusunda çıxış edib, təklif olunan intellektual sistem haqqında ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, konfransda ümumilikdə İdarəetmə Sistemləri İnstitutunun əməkdaşlarının 16 məruzəsi dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.