www.science.az
30.11.2020 16:19

Kosmik təsvirlər əsasında Qafqaz-Xəzər regionunun spektral əksetmə əmsalının paylanması müəyyənləşdirilib

"Pontokaspi və Qafqaz Bölgəsi: ekosistemlərin birləşməsi və izolyasiyası şəraitində dəyişikliklər, canlıların filogenezi, geologiya, ekologiya və coğrafiyası" mövzusunda multidissiplinar beynəlxalq onlayn konfrans keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd fərqli sahələrdə çalışan dünya alimlərinin diqqətini Pontokaspi və Qafqaz bölgəsinin öyrənilməsinə həsr olunmuş çoxşaxəli elmi tədqiqatlara yönəltmək və bölgənin qlobal problemlərinin həllinə istiqamətlənmiş tədbirlərin hazırlanmasına şərait yaratmaqdır.

Onlayn konfransda Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın muxbir üzvü Namiq Cəlilov və müəssisənin elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fazil İsmayılov da iştirak edib. Alimlərimizin təqdim etdyi kosmik təsvirlər əsasında Qafqaz-Xəzər regionunun spektral əksetmə əmsalının paylanmasının təyini ilə bağlı məruzə maraqla qarşılanıb.

Pontokaspi (Xəzər, Qara dəniz, Azov dənizi) və Qafqaz regionu özünəməxsus su hövzələri, quru əraziləri, zəngin flora və faunası ilə fərqlənir. Konfransda sözügedən ərazidə ekosistemlərin birləşməsi və izolyasiyası şəraitində yaranmış dəyişikliklər, suda və quruda yaşayan canlıların filogenezi, flora və faunasının özəllikləri, geologiya, ekologiya və coğrafiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Pontokaspi və Qafqaz bölgəsində yaşayan insanların mədəniyyətləri, psixoloji və herontoloji xüsusiyyətləri, maraqlı tarixi məqamlar və digər məsələlər müzakirə olunub.

Tədbirdə, həmçinin qapalı su hövzəsi canlılarının filogenezi, Xəzər dənizi ehtiyatlarının idarə olunmasının iqtisadi aspektlərinin müasir vəziyyəti, flora və faunanın genetikası, ekologiyası və coğrafiyasının oxşar və fərqli cəhətləri, ekoloji və iqlim dəyişikliklərin dağ ekosistemlərinə təsiri ilə bağlı məruzələr dinlənilib.  Hidrobioloji proseslərin riyazi-statistik modelləşdirilməsi və biofiziki tədqiqi üsulları, bərpa olunan su ehtiyatlarının kənd təsərrüfatında rolu, antropogen təsirlərin dəniz mənşəli məhsulların qıtlığının yaranmasında önəmi, bölgənin arxeoloji yaddaşı və tarixi abidələrinin turizmin inkişafındakı əhəmiyyətindən söz açılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.