www.science.az
30.11.2020 14:44

YUNESKO torpaqşünas alimin tədqiqatları ilə bağlı AMEA prezidentinə müraciət edib

YUNESKO-nun İranda yerləşən aparıcı Beynəlxalq Kəhriz və Qədim Hidravlik Qurğular Mərkəzinin (ICQHS) baş tədqiqatçısı, insan coğrafiyası üzrə fəlsəfə doktoru Məcid Labbaf AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə məktubla müraciət edib.  

Məktubda sözügedən mərkəzin əsas funksiyasının dünyanın quru və yarı quraq bölgələrində su ilə əlaqəli elmi-tarixi-texniki irsi təbliğ etmək və qorumaq məqsədi daşıdığı vurğulanıb. Bildirilib ki, son illər ICQHS tərəfindən su çatışmazlığı və davam edən iqlim dəyişiklikləri ilə bağlı məlumatları toplamaq və sənədləşdirmək üçün yeni bir missiyanın icrasına başlanılıb.

M.Labbaf müraciətində davam edən araşdırmalar nəticəsində akademiyanın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin müəllifi olduğu "Azərbaycan kəhrizləri" kitabına rast gəldiyini söyləyib: "Türkmənistan, Qazaxıstan, Özbəkistan, Türkiyə və Azərbaycandakı kəhrizlər haqqında məlumat verən vəsait bu yaxınlarda işıq üzü görüb. Sözügedən ölkələrdə kəhriz sistemlərinin vəziyyəti bizim üçün tam aydın olmadığından həmin kitabın ingilis dilinə tərcüməsi mərkəzimizin işinə əvəzsiz töhfə verəcək".

M.Labbaf müraciətinin sonunda AMEA prezidentindən nəşrin daha geniş oxucu kütləsinə tanıdılması üçün ingilis dilinə tərcüməsi ilə bağlı xahiş edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.