Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

30.11.2020 11:37
  • A-
  • A
  • A+

“Qısa Kimya Ensiklopediyası” kitabının təqdimatı keçirilib

“Qısa Kimya Ensiklopediyası” kitabının təqdimatı keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda institutun direktor müavini, kimya elmləri doktoru Bayram Rzayevin “Qısa Kimya Ensiklopediyası” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev müəllifin uzunmüddətli elmi fəaliyyətinə qısa nəzər salıb. “Bayram Rzayev kimya elmi sahəsində geniş dünyagörüşünə malikdir”, deyən alim tədqiqatçının indiyə qədər 40-dan artıq kitab və monoqrafiyasının nəşr olunduğunu bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunmuş kitabın nəfis tərtibatına diqqəti çəkən bölmə sədri bildirib ki, əsər nəinki kimyaçılar, həmçinin bu elmə maraq göstərən hər kəs üçün olduqca faydalı kitabdır.

Təbii Ehtiyatlarİnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev çıxış edərək ana dilimizdə kimya elmi ilə bağlı ensiklopediyanın nəşrini yüksək qiymətləndirmiş, kitabın gənc kimyaçıların formalaşmasında mühüm rol oynayacağını, gələcək nəsillərdə bu elmə marağı artıracağına inandığını söyləyib.

Daha sonra çıxış edən Naxçıvan Dövlət Universitetinin dosenti, kimya üzrə fəlsəfə doktoru Akif Əliyev kitabdakı fəsillər, bəhs olunan mövzularla bağlı ətraflı məlumat verib. Bütün mətnlərin çox sadə və anlaşıqlı dillə ifadə edildiyini vurğulayan alim qeyd edib ki, kitab həmçinin ali və orta ixtisas müəssisələrində kimya fənninin tədrisində dərslik kimi də istifadə oluna bilər.

Sonda kitabın müəllifi kimya elmləri doktoru Bayram Rzayev ona göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Həmçinin tədbirdə çıxış edənlərə xoş sözlərinə görə öz təşəkkürünü bildirmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: