www.science.az
30.11.2020 11:34

Qafqazşünaslıq İnstitutunun əməkdaşları beynəlxalq simpoziumda məruzə ilə çıxış ediblər

Gürcüstanın Qori Dövlət Pedaqoji Universitetində “Qafqazda sülh axtarışları” mövzusunda onlayn elmi simpozium keçirilib.

Tədbir Türkiyənin 19 May Universiteti, Gürcüstanın Qori Dövlət Pedaqoji Universiteti və Samtsxe-Cavaxeti Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Simpoziumda Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Polşa və Rusiyadan 35-dən çox alim və tədqiqatçı iştirak edib.

Konfransın Elmi Komitəsinin tərkibinə Azərbaycandan Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı, Ukraynadan Kiyev Milli Universitetinin professoru Fərhad Turanlı, Türkiyənin 19 May Universitetinin professoru Nedim İpek, Polşanın Milli Yaddaş İnstitutunun professoru Pavel Libera və Qori Dövlət Pedaqoji Universitetinin professoru Otar Canalidze daxil olub.

M.Qasımlının sədrliyi ilə keçirilən bölmə iclasında o, “Cənubi Qafqazdakı münaqişələrə Rusiya, Türkiyə və İranın yanaşması” mövzusunda məruzə ilə çıxış edib. Müzakirələrdə çıxış edən professorlar Roin Kavrelişvili, Omar Ardaşelia, Kaxa Kvaşilava, Fərhad Turanlı, İbrahim Tellioğlu və başqaları məruzəni yüksək qiymətləndirib və Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbəsi münasibətilə xalqımızı təbrik ediblər. Gürcüstan alimləri Azərbaycanın qələbəsini həm də gürcü xalqının qələbəsi kimi qiymətləndiriblər.

Bundan əlavə, bölmə iclasında Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin “İran İslam Respublikasının Qafqaz siyasətində Ermənistanın yeri və rolu”, şöbə müdiri Günel Musayevanın “Ermənistanın Azərbaycanın neft-qaz kəmərlərinə hücum cəhdi”, institutun əməkdaşı Samirə Həbibbəylinin “Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Cənubi Qafqazda sabitlik amili kimi”, Dağıstandan professor Ruslan Seferbekovun “XX əsrin 80-ci illərində - XXI əsrin əvvəllərində Dağıstan kəndində mədəniyyət və məişətin transformasiyası” mövzularında məruzələri dinlənilib, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.