www.science.az
30.11.2020 10:13

Azərbaycanda yayılmış buğdaların dixotomik açarlardan istifadə etməklə təyinatı verilib

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları, biologiya üzrə fəlsəfə doktorları - Xanbala RüstəmovMehrac AbbasovSevda Babayevanın həmmüəllifliyi ilə “Azərbaycanın buğda genofondu” adlı monoqrafiya nəşr edilib.

Monoqrafiyada Triticum L. cinsinin botaniki təsviri, müasir təsnifatı, buğdaların ontogenezi, genofondu, yayılma arealları, növ tərkibi, ekotipləri və genetik müxtəliflikləri haqqında elmi məlumatlar öz əksini tapıb. Azərbaycanda yayılmış buğdaların növ, növaltı, növmüxtəlifliyi, qrupları və yarımqruplarının təyinatında Azərbaycan dilində ilk dəfə olaraq Ümumrusiya Bitkilərin Genetik Ehtiyatları İnstitutunda tərtib edilmiş dixotomik açarlardan istifadə edilib. Elmi əsərdə Azərbaycanda buğdaların seleksiyasının qısa inkişaf tarixi, müasir vəziyyəti və perspektivləri də işıqlandırılıb.

Tədqiqat işlərinin müəyyən hissəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilən “Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsinin maliyyə dəstəyi ilə yerinə yetirilib.

Vəsait universitetlərin biologiya və aqrar elmləri ixtisasları üzrə bakalavr, magistrant, doktorant və dissertantlar, elmi işçilər və kənd təsərrüfatı mütəxəssisləri üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.