www.science.az
27.11.2020 14:34

Mehman Qaraxanoğlunun “Mirzə Cəlil yanğısı” kitabı çapdan çıxıb

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlunun “Mirzə Cəlil yanğısı” kitabı işıq üzü görüb.

Kitabın baş redaktoru AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, redaktoru AMEA-nın müxbir üzvü Tehran Mustafayev, elmi redaktoru N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Elxan Nəcəfov, rəyçiləri isə akademik Muxtar İmanov və professor Təyyar Salamoğludur. 

Müəllif kitabda böyük ədibin qələmindən çıxan bir çox nümunələri hissi-emosional müstəvidə təhlilə cəlb edir, ilk əvvəl hər bir diskursun konseptual mənasını, semantik-semiotik qatını üzə çıxarmağa səy göstərir və əsas qayə müəyyən ediləndən sonra təhlil də məhz o istiqamətdə aparılır. Mirzə Cəlilin “Poçt qutusu”, “Anamın kitabı”, “Danabaş kəndinin əhvalatları”, “Nigarançılıq” və digər əsərləri də həmin elmi-nəzəri modellə çağdaş Azərbaycan və dünya ədəbiyyatı kontekstində təhlil olunur. Göstərilir ki, Mirzə Cəlil irsi tragikomik XIX və aqressiv XX əsr totalitarizminin bütün bulanıq təzahürlərini, dəyişkən ruhunu göstərən bir barometrdir.

M.Qaraxanoğlu, həmçinin mövcud elmi qənaətləri nəzərdən keçirərək, özünəməxsus yeni təhlil strategiyaları təklif edir. O, cəlilşünaslıqda qəbul olunmuş hazır nəzəri standartlara da yeni baxış sərgiləyir. Bu zaman onun daha çox istinad etdiyi mənbə Cəlil Məmmədquluzadənin öz mətnləri olur.

Vəsaitdə Mirzə Cəlilə haqsız hücumlar edən bir neçə çağdaş yazarımıza elmi şəkildə əsaslandırılmış cavablar da verilir.

O cümlədən Mirzə Cəlilin ən yaxın məsləkdaşlarından biri olan Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi münasibətilə (2019-cu il) onun haqqında üç məqalə də verilib.

Qeyd edək ki, Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev tədris planına uyğun olaraq “XX əsr Azərbaycan ədəbiyyatı” fənn proqramı çərçivəsində öyrənilir. Bütün bunlar nəzərə alınaraq Azərbaycan Dillər Universitetinin Elmi şurasının 11 noyabr 2020-ci il tarixli qərarına əsasən kitab dərs vəsaiti kimi təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.