www.science.az
25.11.2020 12:42

Ay və Marsla rabitəni təmin edəcək antena sistemi yaradılıb

Çində Ay və Marsın mənimsənilməsi üzrə missiyalarda iştirak edəcək kosmik aparatlarla rabitə əlaqəsinin saxlanılması üçün antena sistemi istismara verilib.

“ICTnews”un məlumatına görə, qabaqcıl avadanlıq Çinin şimal-qərbində Kaşqar şəhərində Peyklərə Nəzarət Mərkəzində yerləşir. Radiosiqnalların ötürülməsi və qəbulu üçün 35 metr diametrində dörd qurğunun yerləşdiyi obyekt iki il ərzində inşa edilib.

“Hər bir antena müstəqil və digərlərindən asılı olmayaraq fəaliyyət göstərdiyindən bu sistem Yerdən yüz milyonlarla kilometr uzaqda əksər kosmik gəmilərin olduğu yeri izləyə və onlara nəzarət edə biləcək”, – radar stansiyasının rəhbəri Li Sıhu deyib.

Onun sözlərinə görə, obyekt həm Çində, həm də xaricdə olan rəsədxanalarla qarşılıqlı fəaliyyət göstərəcək. Onun astronomik müşahidələr sahəsində beynəlxalq əməkdaşlığın səmərəliliyini artıracağı nəzərdə tutulur.

Layihə rəhbərliyi qeyd edib ki, mərkəz artıq Çinin “Tianwen-1” Mars zondu və “Chang'e-4” avtomatik planetlərarası stansiyasının müşahidəsi üçün istifadə edilir. Bu, monitorinqin əhatə dairəsini genişləndirməyə və kosmosdan alınan məlumatların dəqiqliyini artırmağa imkan verəcək. Mərkəzin Aydan Yer kürəsinə torpaq nümunələrinin çatdırılması üzrə missiyanın həyata keçirilməsinə kömək edəcəyi gözlənilir.