Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.11.2020 16:40
  • A-
  • A
  • A+

Zəngilandan uşaq vaxtı çıxdılar, indi mütəxəssis kimi qayıdacaqlar

Zəngilandan uşaq vaxtı çıxdılar, indi mütəxəssis kimi qayıdacaqlar

AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi, Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət QuliyevNəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü İctimai TV-nin “Sabahın xeyir, Azərbaycan!” verilişinin qonağı olublar.

Verilişdə erməni işğalından azad olunan tarixi Azər­baycan torpağı Zəngilan rayonunun tarixi və dini abidələrindən, təbiətindən, coğ­ra­fi­yasından, folklor nümunələrindən, inanclarından, mədəniyyətindən  ətraflı söhbət açı­lıb. 

“Bu günlər Azərbaycan tarixinin möhtəşəm qələbə günləridir”, - deyən dosent Hikmət Quliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İl­ham Əliyevin 2020-ci il oktyabr ayının 20-də xalqa müraciət edərək Zəngilan şəhərinin iş­ğaldan edilməsi xəbərini verməsinin hər bir vətəndaşa, eləcə də hər bir zəngilanlıya bəxş etdiyi əvəz­siz sevinc və qürur hislərindən danışıb.

Zəngilanın zəngin folklor nümunələrindən danışan Hikmət Quliyev bildirib ki, bu ra­­yon özünün yerləşmə coğrafiyası baxımından Qarabağ, Naxçıvan Muxtar Res­pub­likası və cənubdan İran İslam Respublikası ilə həmsərhəd olduğundan, folklor nü­mu­nə­lərinin bir-birinə qarşılıqlı təsirinə də səbəb olub. Bu baxımdan ayrıca şəkildə Zəngilan folklorundan danışmaq şərtidir. O vurğulayıb ki, Zəngilan folklor mü­hiti, bütövlükdə Qarabağ folklor mühitinin tərkib hissəsi olmaqla, digər yaxın bölgələrə xas cəhətləri də özündə ehtiva etdirir.

Zəngilan folklor mühitinin özünəməxsus xüsusiyyətləri haqqında ətraflı məlumat verən Hikmət Quliyev qeyd edib ki, bu mühit üçün mifoloji rəvayətlər, əfsanə və inanclar, yer-yurd, ocaq-pir adları ətrafında hekayətlər mühüm yer tutur.

Verilişdə, həmçinin ölkəmizin malik olduğu yüksək texnologiyaların, “Azersky-1” və “Azersky-2” peyklərinin köməyi ilə işğaldan azad olunan torpaqlarımızın, o cümlədən Zəngilan rayonunun müxtəlif parametrlər üzrə kosmosdan monitorinqinin aparılması, tədqiq olunması imkanlarından danışılıb.

Dosent Hikmət Quliyev tamaşaçılara AMEA-da işğaldan azad olunmuş Azərbaycan əraziləri ilə bağlı aparılan və perspektivdə planlaşdırılan tədqiqat layihələri, elmi araşdırmalar barədə də qısa məlumat verib.

Daha sonra folklorşünas Hikmət Quliyev coğrafi məkanın etnosun yaddaşı və yaradıcılığı ilə əlaqəsindən bəhs edərək qeyd edib ki, “... o landşaft, həmin coğrafiya fiziki məkandır, torpaqdır, ancaq onun üzərində olan mədəni qat Vətəndir. Biz folklorşünasların qarşısında duran ən mühüm prioritetlərdən biri məhz həmin mədəni qatı, folklor yaddaşını reaktuallaşdırma mexanizmlərini işləyib hazırlamaq, öz təkliflərimizi müvafiq dövlət qurumlarına təqdim etməkdir”.

Verilişdə Folklor İnstitutunda yenicə nəşr olunan “Qarabağ folkloru: janr poetikası və mərasim ənənələri” adlı kitab haqqında, həmçinin institut alimləri tərəfindən toplanmış Qarabağ folklor mühitinə məxsus nümunələr barədə də məlumat verilib.

Hikmət Quliyev sonda onu da vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin döyüşlərin aktiv fazası ərzində xalqa etdiyi müraciətlərdə işlətdiyi ifadələr hər bir azərbaycanlının ürəyindən tikan çıxarmış kimi emosional effekt doğurmuş, işğala, mədəni-mənəvi terrora məruz qalmış vətəndaşlarmızın keçirdiyi hislərin tərcümanına çevrilub ki, bu prosesin özü ayrıca bir tədqiqatın mövzusudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: