www.science.az
19.11.2020 16:02

Torpaqşünas alimlər Qarabağda tədqiqatlar aparmağa hazır olduqlarını bildiriblər

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Qarabağın işğaldan azad olunmuş torpaqları: tarixi qələbəmiz” mövzusunda vebinar keçirilib.

Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Qoşqar Məmmədov açaraq hər kəsi qələbə münasibəti ilə təbrik edib, bu günlərdə rəşadətli Azərbaycan ordusunun tarix yazdığını söyləyib: “Noyabrın 10-u Azərbaycan xalqı üçün müqəddəs bir gün kimi tarixə yazıldı. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi, əzmkarlığı və Azərbaycan ordusu sayəsində 44 gün ərzində tarixi ədaləti bərpa etməyə nail olduq. İşğaldan azad olunan yaşayış məntəqələrimizdə sancılan üçrəngli bayrağımız həmrəyliyimizi, qələbə əzmimizi özündə birləşdirir. Torpaqlarımız uğrunda canından keçən, ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər isə daim qəlblərdə yaşayırlar”.

Daha sonra çıxış edən aqrar elmlər doktoru Mustafa Mustafayev Qarabağın Azərbaycanın əbədi, əzəli, ayrılmaz hissəsi olduğunu bildirib, torpaqlarımızın işğaldan azad edilməsinin Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin, milli ordumuzun ən müasir silah və sursatlarla, hərbi texnika ilə təchiz edilməsinin məntiqi nəticəsi olduğunu söyləyib.

Tədbirdə, həmçinin aqrar elmlər üzrə fəlsəfə doktorları Əminə Axundova, Sevda Talıbova, Əli Cəfərov, biologiya üzrə fəlsəfə doktoru Zaman Məmmədov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev və digərləri çıxış edərək “Qarabağ Azərbaycandır və nida” ifadəsinin qələbəmizin rəmzinə çevrildiyini, 44 günlük əməliyyatlar nəticəsində Ermənistanın kapitulyasiyaya məcbur edildiyini bildirib, işğaldan azad edilmiş rayonlarda tədqiqatların aparılmasına hazır olduqlarını vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.