Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA İnsan Hüquqları İnstitutunda dəyirmi masa təşkil olunub

AMEA İnsan Hüquqları İnstitutunda dəyirmi masa təşkil olunub

Dekabrın 24-də AMEA İnsan Hüquqları İnstitutunda dəyirmi masa təşkil edilib. Tədbir dövlət başçısının 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) icrasına dair hesabatla xarakterizə olunub. Dəyirmi masada Milli Məclisin, AR İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, eləcə də gündəlikdəki məsələlərə aidiyyəti olan digər təşkilatların alim və mütəxəssisləri iştirak ediblər.

Tədbir Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanın işğal olunmuş torpaqlarında Azərbaycana vurulmuş iqtisadi, mədəni, ekoloji zərərin ödənilməsi məsələsinə həsr olunub.

Qeyd edək ki, Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və digər 7 rayon işğal edilib. Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

İclası giriş sözü ilə açan AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının əhəmiyyətindən söhbət açıb. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin politoloji, beynəlxalq-hüquqi, iqtisadi aspektdən Azərbaycana dəymiş ziyanın ödənilməsinin zəruriliyini ifadə edib. Bildirib ki, beynəlxalq-hüquqi əsaslara söykənərək aparılan araşdırılmalar böyük əhəmiyyət kəsb edir. Ermənistanın silahlı təcavüzü və işğalı nəticəsində Azərbaycana vurulan ziyanların miqdarı işğal altında olan ərazilər azad edilməyənədək hər il artmaqda davam edir.

Uzun müddətdir ki, Azərbaycan ərazilərinin dinc yolla işğaldan azad edilməsi istiqamətində danışıqlar aparılır. Ölkəmiz beynəlxalq hüquq normalarına müvafiq olaraq özünü müdafiə hüququndan istifadə edərək işğala son qoyacaq və hazırda işğal altında olan ərazilərdə öz dövlət müstəqilliyini bərpa edəcəkdir: “İstənilən halda Azərbaycan Respublikası beynəlxalq məhkəmələrdə ona dəyən ziyanın ödənilməsi barədə iddia qaldırmaq və müvafiq təzminatlar almaq hüququna malikdir. Odur ki, Ermənistanın silahlı təcavüzü və Azərbaycan ərazilərinin işğalı nəticəsində ölkəmizə dəyən ziyanın müəyyənləşdirilməsi böyük aktuallıq kəsb edir”.

Tədbirdə çıxış edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədri, Milli Məclisin üzvü Xanhüseyn Kazımlı Milli Fəaliyyət Proqramının əhəmiyyətindən danışıb. Bildirib ki, sözügedən proqram insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlığının təmin edilməsi məqsədi ilə təsdiq edilmişdir.

Sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı çıxış edib. Natiq “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” müvafiq sərəncamın 2-ci bəndində əlaqələndirmə üzrə işçi qrupun fəaliyyəti haqqında hesabat xarakterli məlumat verib.

Tədbirdə institutun gələcək fəaliyyət istiqamətləri də müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: