Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA prezidenti Azərbaycan elminin son illərdəki inkişafı ilə bağlı çıxış edib
22.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA prezidenti Azərbaycan elminin son illərdəki inkişafı ilə bağlı çıxış edib

Dekabrın 19-da keçirilmiş Azərbaycan alimlərinin I Qurultayında AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan elminin son illərdəki inkişafı ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, ölkə elmi artıq bəzi obyektiv və subyektiv problemlərlə xarakterizə olunan mərhələni geridə qoyub və hazırda islahatlarla müşayiət olunan yeni inkişaf prosesi keçməkdədir.

AMEA rəhbəri vurğulayıb ki, Azərbaycan elmində müşahidə olunan müsbət tendensiyalar tanınmış beynəlxalq reytinqlərdə konkret rəqəmlərlə təsdiq olunur. Nüfuzlu beynəlxalq informasiya bazası SCOPUS-un rəsmi hesabatında qeyd edilib ki, ötən illə müqayisədə Azərbaycan alimlərinin beynəlxalq əməkdaşlıq fəaliyyətində nəzərəçarpan irəliləyiş var. Belə ki, ölkə alimlərinin çap olunmuş elmi əsərlərinin ümumi sayında xarici alimlərlə birgə dərc etdirdiyi elmi əsərlərin payı 39,82 faizdən 45,34 faizə yüksəlib. Bu da 1 il ərzində 5,52 faiz artım deməkdir. Tədqiqat göstəricilərinə görə isə AMEA-nın mövqeyi 2013-cü ildə 66, cari ildə isə 169 pillə qalxıb.

Biliklər iqtisadiyyatının qurulması baxımından strateji əhəmiyyətli innovativ fəaliyyət sahələrində də əldə olunmuş bir sıra nailiyyətləri önə çəkən akademik innovasiya göstəricisinə görə AMEA-nın mövqeyinin 2012-ci illə müqayisədə 2013-cü ildə 84, bu il isə 180 pillə yüksəldiyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: