Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Nəqliyyat əlaqələrinin bərpa olunması Naxçıvanın inkişafına təkan verəcək
13.11.2020 15:30
  • A-
  • A
  • A+

Nəqliyyat əlaqələrinin bərpa olunması Naxçıvanın inkişafına təkan verəcək

Hərbi, siyasi və mənəvi cəhətdən tamamilə darmadağın edilmiş düşmən Ali Baş Komandanımızın şərtlərini qəbul edərək təslim oldu. Bununla əlaqədar imzalanan bəyanatda ölkəmiz və ümumilikdə, region üçün böyük əhəmiyyət kəsb edən 9-cu maddə xüsusilə diqqəti cəlb edir. Həmin maddənin reallaşdırılması nəticəsində ölkəmizin digər regionları ilə Naxçıvan arasında nəqliyyat dəhlizi yaradılacaq və 30 illik blokadaya son qoyulacaq.

Bu sözləri AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev deyib. O qeyd edib ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Türkiyədən Naxçıvan istiqamətində dəmir yolu xəttinin çəkilməsinin nəzərdə tutulduğunu bildirib. Bu layihə reallaşdırıldıqdan sonra Türkiyənin, Avropa ölkələrinin Çin və digər Şərq ölkələri ilə yükdaşımalarının muxtar respublika ərazisindən həyata keçirilməsi mümkün ola bilər.

“Məlumdur ki, doğma Naxçıvanımız uzun illərdir Ermənistan tərəfindən kommunikasiya blokadası şəraitində yaşayır. Azərbaycan Prezidentinin, Naxçıvan Muxtar Respublikası rəhbərinin, Naxçıvan əhalisinin əzmi, iradəsi və bacarığı sayəsində muxtar respublikada hərtərəfli quruculuq işlərinin görülməsinə baxmayaraq, nəqliyyat çətinliklərinin mənfi təsirlərini hələ də görmək mümkündür”, - deyən Həzi Quliyev qeyd edib ki, nəqliyyat əlaqələrinin bərpa olunması, blokadanın aradan qaldırılması Naxçıvanımızın daha da çiçəklənməsinə şərait yaradacaq.

Vurğulayıb ki, hərbi sahədə böyük zəfərə imza atan Azərbaycan sülh Bəyanatında da Qələbə imzasını atdı. Bu Qələbə hər bir azərbaycanlını sevincə qərq etdi. Bu, Azərbaycanda yaşayan bütün millətlərin həyatında və dövlətimizin zəfər yürüşündə yeni bir dövrün şərəfli başlanğıcı olacaq. Qələbəmiz mübarək olsun!

“AzərTac”

  • Paylaş: