Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qələbən mübarək olsun Azərbaycan!
13.11.2020 12:13
  • A-
  • A
  • A+

Qələbən mübarək olsun Azərbaycan!

"Səbrin sonu səlamətdir" deyib səbr edən, lakin heç zaman doğma torpaqlarını və o ağrılı, əzablı günlərini unutmayan xalqımız bu gün qələbə sevincini yaşayır. Səbr ilk anlarda acıdır, lakin meyvəsi şirindir. Azərbaycan xalqı səbr edərək bilirdi ki, bir gün mütləq qələbə qazanacaq, çünki vicdanı təmiz idi. Biz qan tökməmişdik, soyqırımlar törətməmişdik və haqq davasında haqlı olaraq qalib gəldik.

Artıq 30 ilə yaxın bir müddət ərzində qəbul edilmiş qətnamələrin icrasının yerinə yetirilməməsindən bezən, verilən sözlərin tutulmamasından təngə gələn Azərbaycan dövləti müharibədə qalib gəldi. Bu gün Azərbaycan regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradaraq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində münaqişənin birdəfəlik həllini nəzərdə tutan tarixi addımlar atıb.

Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə hər zaman mane olub, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud vəziyyəti qorumağa çalışıb. Sevindirici haldır ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilib. Hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Prezident, Ali Baş Komandan İlham Əliyev həmişə açıq şəkildə bəyan edib ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt da olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq”.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qəhrəmanlığı sayəsində işğal olunmuş torpaqlarımız azad olub, vətən müharibəsi başa çatıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilib. Bu gün bizə tarixi qələbə sevincini yaşadan Ali Baş Komandanımıza minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qələbən mübarək olsun, Azərbaycan! Var olsun Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!

Surə RƏHİMOVA, AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: