Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.11.2020 17:23
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda böyük qələbəyə həsr olunan iclas keçirilib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda böyük qələbəyə həsr olunan iclas keçirilib

Noyabrın 12-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Qarabağ müharibəsində Azərbaycanın tarixi qələbəsinə həsr olunan toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova bütün kollektivi bu zəfər günü münasibətilə təbrik edib. O bildirib ki, 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında bu qələbəni təsdiq edən bəyanat imzalanıb. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz dövlətimizin ərazi bütövlüyünü təmin edib. Rəşadətli Azərbaycan əsgəri sonsuz cəsarət və qəhrəmanlıq göstərərək torpaqlarımızı düşməndən təmizləyib. Bu gün üçrəngli bayrağımız ölkəmizin hər yerində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda – Şuşada, Füzulidə, Qubadlıda, Zəngilanda, Cəbrayılda da əzəmətlə dalğalanmaqdadır. Bu haqqın, ədalətin, Azərbaycan xalqının qələbəsidir. Bu qələbə son illərdə Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, iqtisadi və siyasi arenada həyata keçirdiyi islahatların, quruculuq və idarəetmə işlərinin, siyasi birliyin nəticəsidir.

Akademik İ.Hüseynova qeyd edib ki, bugünkü qələbəyə görə biz eyni zamanda ulu öndər Heydər Əliyevə borcluyuq. Onun 1993-cü ildə hakimiyyətə qayıdışı bu qələbənin labüdlüyü üçün zəmin yaradıb.

O, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı alimlərin üzərinə düşən vəzifələrdən də söhbət açıb. Çıxışının sonunda akademik institutun kollektivi adından vətən uğrunda canından keçərək şəhid olanlara Allahdan rəhmət, yaxınlarına başsağlığı, yaralı əsgər və zabitlərimizə isə cansağlığı diləyib.

Sonra tədbirdə AMEA-nın müxbir üzvləri Novruz Quliyev, İlham Şahmuradov, institutun direktor müavinləri Ələmdar Məmmədov, Natiq Allahverdiyev, biologiya elmləri doktoru Şahniyar Bayramov, Birinci Qarabağ müharibəsinin iştirakçısı və biologiya üzrə fəlsəfə doktoru Nurməmməd Mustafayev çıxış edərək imzalanmış bəyanatı, xüsusilə mərhələ-mərhələ Ağdam, Kəlbəcər və Laçının qaytarılmasını, Dağlıq Qarabağa heç bir statusun verilməsinin nəzərdə tutulmamasını əks etdirən bəndləri yüksək qiymətləndirdiklərini bildirib, bu tarixi qələbə sevincini bizə yaşadan müzəffər Ali Baş Komandanımıza, rəşadətli ordumuza sonsuz təşəkkürlərini ifadə ediblər.

Sonda institutun kollektivi adından ölkəmizin ərazi bütövlüyünün bərpası və tarixi qələbə münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə müraciət qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: