Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qələbəyə aparan yol
12.11.2020 17:06
  • A-
  • A
  • A+

Qələbəyə aparan yol

10 noyabr 2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əsgərinin yazdığı görkəmli tarix, 28 illik həsrəti 44 gün müddətində bitirən müzəffər ordu... 28 il yurd-yuvasından didərgin düşən xalqımız evinə - Qarabağına geri qayıdır. Bu müddət ərzində millətimiz daim vətən həsrəti, sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Liderimiz daim çıxışlarında “Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır” deyirdi. O, ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı. Bu zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz, öz hünərini döyüş meydanında da göstərdi. Bu müddət ərzində digər dövlətlər təzyiq göstərməyə, bəzi sanksiyalar tətbiq etməyə çalışsalar da Azərbaycanımızın üstünlüyünü qəbul etməyə məcbur oldular.

Hərbi məkanda qələbə ermənilərin yenilməz ordu mifini alt-üst etdi. Artıq ordumuz qarşısında aciz qalan mənfur düşmən dünya uşaq haqlarını da pozaraq döyüş meydanına yetkin yaşa çatmayan uşaqları gətirirdi. Alçalmış düşmən yaşlıları döyüşə cəlb edir, cəbhədə də üstünlüyümüzü qəbullanmaq istəmirdi. Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli və Qarabağın göz bəbəyi Şuşa əldə edildi. Düşmən tərəfi əsla Azərbaycanın bu ərazini ələ keçirə biləcəyini zənn etmirdi. Hər kəsə məlumdur ki, Şuşa tarix boyu keçilməz qala kimi təsəvvür edilirdi. Ancaq rəşadətli ordumuz döyüş meydanında öz gücünü sübut etdi. Hətta, rus mediası ”Belə döyüş, dövlət, vətən sevgisi görən olubmu, demək çətindir?! Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan ordusu. Nə yaralını, nə də şəhidi əldən buraxmırdılar. Nəfəs almadan Şuşaya çıxdılar... Aleksey Arestoviç əlavə edir: Azərbaycan Şuşanı azad etdi. Piyada döyüşləri ilə, sursatları üstündə daşıya-daşıya, duman altında, pis hava şəraitində dağları yararaq qaytardı. PUA-larsız, tanksız, artilleriyasız şəhər aldılar”. Bu qəhramanlıq dünyaya göstərdi ki, Azərbaycan ordusu vətən eşqi ilə qanından, canından keçməyə hazırdır.

Bunun nəticəsidir ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli bəyanat imzalandı. Bu bəyanat Qarabağın bütünlüklə Azərbaycan ərazisinə qaytarılması deməkdir. Qan tökülmədən Laçın, Kəlbəcər, Ağdam Azərbaycan Respublikasına geri qaytarılır. Azərbaycan tərəfi daim sülhü qoruyur və dinc əhaliyə zərər yetirmir, bəyənata əsasən, bu ərazilərdə yaşayan erməni xalqı Azərbaycan vətəndaşı olaraq öz həyatlarını davam edə biləcəklər. Cənab Pezidentin deyimi ilə status-kvo isə “cəhənnəmə getdi”.

Biz qayıdırıq, Azərbaycan xalqı qayıdır! Artıq Azərbaycan xalqı arasında “məcburi köçkün” ifadəsi yoxdur. 28 il səbrlə qisas günü gözləyən millətimiz bu mübarizəni əzmi, birliyi və dövlətimizə inamı ilə qazandı. Tək ön cəbhədə deyil, arxa cəbhədə də birlik nümayiş etdirildi, zəfər çalındı. Bu sevinclə küçələrə axışır, üçrəngli bayraqla “Qarabağ Azərbaycandır“ şüarları səsləndirilir. Əlbəttə ki, qanlı tarixini unutmayan və əbədi yaşayan şəhidlərini ziyarət edir, onların ruhu qarşısında baş əyir. İkinci Qarabağ döyüşləri zamanı şəhid olan igidlərimiz daim yaddaşlarda əsrin qəhramanları kimi qalacaqlar.  

Bu qələbə yeni əsrin, yeni tarixin başlanğıcıdır. Qədim Azərbaycan torpaqları dirçəldiləcək, yenidən qurma işləri aparılacaq. Xalqımız ata-baba yurduna qayıdıb, yenidən bütün Azərbaycan, qırılmaz iradə ilə bir-birinə bağlanacaq. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Leyla ATAYEVA, AMEA-nın Dendrologiya İnstitutunun kiçik elmi işçisi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: