Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azıx adamının UNESCO-nun siyahısına daxil edilməsinə nail olunmalıdır
12.11.2020 15:55
  • A-
  • A
  • A+

Azıx adamının UNESCO-nun siyahısına daxil edilməsinə nail olunmalıdır

Azıx insan düşərgəsindəki Quruçay mədəniyyətinin dərindən öyrənilməsi, Azərbaycan dövlətçilik tarixinin qədim dövrdən başlayaraq ardıcıl və davamlı inkişaf mərhələlərinin daha dolğun və hərtərəfli öyrənilməsinə imkan yaradacaq.

Bunu AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı deyib.

Onun sözlərinə görə, ölkəmizdə Azıx düşərgəsinin və azıxantropun izlərinin olması təsdiq edir ki, bugünkü Azərbaycan ərazisi qədim insanın yaranıb formalaşdığı antropogenez zonalardan biri olub:

"On təbəqədən ibarət olan düşərgə təsdiqləyir ki, əcdadlarımız bəşər tarixinin qədim dövrlərindən başlamış bütün sonrakı inkişaf mərhələlərini burada yaşayıb və mağara etnosuna məxsus məişət, məşğuliyyət sahələrini və mədəni dəyərlərini əks etdirən görüntü, qalıq və çöküntüləri qoruyub saxlamağa nail olublar".

Tarixçi qeyd edib ki, əslində, Quruçay mədəniyyəti dünyada mövcud heç bir əski mədəniyyətin oxşarı deyildir. Azıx adamı dünyadakı üç məlum insan tipinin heç birini təkrarlamır. O, nə Avropa, nə Asiya, nə zənci tipiylə antropoloji oxşarlığa, eyniliyə, qohumluğa malik deyil. Azıx adamı Azərbaycan regionunun, eləcə də Cənubi Qafqazın ilk insanı, bu torpağın ilk sakini və ilk aborigen qədim etnosu idi.

M.Ağalarlının bildirdiyinə görə, müasir texnoloji avadanlıqlar imkan verir ki, Azıx adamının ilkin robotunu, antropoloji strukturunu, boyunu, çəkisini və başqa antropoloji göstəricilərini müəyyənləşdirmək mümkün olsun:

"Təəssüflər olsun ki, 30 illik erməni işğalı Azıx adamını öyrənmək sahəsində Azərbaycan elminə ciddi maneələr yaratdı. Hesab edirəm ki, alimlərimizin bu istiqamətlərdə tədqiqat işləri davam edəcək. Digər tərəfdən, Azıx adamı və Azıx etnosunun yaranması, formalaşması, Azərbaycan və Qafqaz ərazisində yayılıb müstəqil etnosa çevrilməsi, Avro-Asiya miqrasiya axınlarında bu etnosun oynadığı rol, müxtəlif antropoloji strukturlarla çarpazlaşması, öz müstəqil insan tipi formasını qoruyub saxlaması, eləcə də erkən demoqrafik proseslərin spesifikasının açıqlanması və s. digər problemlər də öz elmi problematik həllini gözləyən məsələlərdəndir. Bu problemlərin elmi tədqiqata cəlb edilməsi Cənubi Qafqazda, xüsusilə Qarabağda yaranan yeni insan tipinin antropoloji strukturunun dürüstləşdirilməsinə yeni imkanlar açacaqdır".

M.Ağalarlı bildirib ki, dünya sivilizasiyasının nadir tapıntılarından biri olan Azıx adamının - azıxantropun UNESCO-nun qorunan maddi mədəni irsi siyahısına daxil edilməsinə nail olunmalıdır.

Dünya sivilizasiyasının nadir tapıntılarından biri olan Azıx adamının - azıxantropun UNESCO-nun qorunan maddi mədəni irsi siyahısına daxil edilməsinə nail olunmalıdır.

"Trend.az"

  • Paylaş: