Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elminə ağır itki üz verib
12.11.2020 11:17
  • A-
  • A
  • A+

Azərbaycan elminə ağır itki üz verib

Coğrafiyaşünas alim, Dövlət mükafatı laureatı, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov noyabrın 8-də ömrünün 66-cı ilində vəfat edib.

Məhərrəm Səməd oğlu Həsənov 1954-cü ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. 1975-ci ildə o zamankı V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Coğrafiya fakültəsini bitirib. Əmək fəaliyyətinə 1975-ci ildə Zəngilan rayonunun orta məktəbində coğrafiya müəllimi kimi başlayıb. 1978-ci ildə AMEA-nın Coğrafiya İnstitutunun əyani aspiranturasına qəbul olub.

1984-cü ildə akademik B.Ə.Budaqovun elmi rəhbərliyi ilə "Dağlıq şəraitdə payızlıq buğdanın inkişafına, məhsuldarlığına və məhsulun keyfiyyətinə meteoroloji amillərin təsiri" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri üzrə fəlsəfə doktoru dərəcəsini alıb.

1983-cü ildən Coğrafiya İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifələrində çalışıb. 2002-2003-cü illərdə Tətbiqi iqlimşünaslıq bölməsinin müdiri işləyib. 2008-ci ildən müəssisədə fəaliyyət göstərən Dissertasiya Şurasının elmi katibi vəzifəsində çalışıb. 2017-ci ilin iyun ayından AMEA Rəyasət Heyətinin qərarı ilə Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini icra edib.

60-a yaxın elmi məqalə və xəritənin, çoxsaylı kompleks elmi tədqiqat işlərinin müəllifi olub. Aqroiqlim ehtiyatlarından daha səmərəli istifadə, iqlim ehtiyatlarının yenidən qiymətləndirilməsi, eləcə də gözlənilən iqlim dəyişmələrinin aqroiqlim ehtiyatlarına və təbii zonaların sərhədlərinə təsiri istiqamətlərində apardığı tədqiqat işlərində əhəmiyyətli elmi nəticələr əldə edib. Xüsusilə iqlim dəyişmələrinin kənd təsərrüfatı bitkilərinin inkişafına, məhsuldarlığına təsiri, ona qarşı adaptasiya tədbirlərinin müəyyən edilməsi istiqamətində xeyli işlər görüb. 1999-cu ildə onun "Kiçik Qafqazda payızlıq buğdanın məhsuldarlığının iqlimlə əlaqəsi" adlı monoqrafiyası çap edilib. Ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını və məhsulun keyfiyyətinin iqlim və mikroiqlim amillərindən asılılığını öyrənib.  Bu, öz əksini tərtib etdiyi "Azərbaycan Respublikasının aqroiqlim atlası" və "Azərbaycan Respublikasının Milli atlası"nda tapıb. M.Həsənov  Azərbaycanda (Kiçik Qafqazda) payızlıq buğda yetişdirilməsinin fenoiqlim xüsusiyyətlərinin öyrənilməsinə dair ilk tədqiqatçıdır.

Çin Xalq Respublikasının Coğrafiya Cəmiyyəti, Rusiya Elmlər Akademiyasının A.M.Obuxov adına Atmosfer Fizikası İnstitutu, İran İslam Respublikasının ikinci ən böyül təhsil ocağı olan Təbriz Universiteti  ilə beynəlxalq əlaqələrin möhkəmlənməsi işinə töhfələr verib.

Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib, tələbələrinin sevimlisinə çevrilib.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə coğrafiya elmindəki xidmətlərinə görə  "Tərəqqi" medalı ilə təltif edilib.

"Azərbaycan Respublikasının coğrafiyası" üçcildliyinin məsul icraçılarından və həmmüəlliflərindəndir. 2016-cı ildə bu əsərə görə ölkə başçısının Sərəncamı ilə elm sahəsində Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı adına layiq görülüb.

Bütün türk dünyası ölkələrində ilk dəfə çap olunan "Türk dünyasının coğrafiyası və etnosu" üçcildliyinin müəlliflərindən biri və buraxılışına məsul olub, "Naxçıvan Muxtar Respublikasının coğrafiyası" ikicildliyinin yaradılmasında böyük əmək sərf edib.

Mütəmadi olaraq müxtəlif kütləvi informasiya vasitələrində çıxış və müsahibələri ilə Azərbaycan elminin təbliği işində əhəmiyyətli rol oynayıb.

Xeyirxah və alicənab insan, istedadlı alim, ləyaqətli şəxsiyyət Məhərrəm Həsənovun işıqlı xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaq.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: