Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ordumuzun döyüş meydanında göstərdiyi şücaət xalqımızın qürur mənbəyidir
04.11.2020 10:20
  • A-
  • A
  • A+

Ordumuzun döyüş meydanında göstərdiyi şücaət xalqımızın qürur mənbəyidir

Bu gün hər bir kəs sevinir ki, ölkəmizin cənnət guşəsi olan Qarabağımız addım-addım təcavüzkar Ermənistan ordusunun işğalından azad olunur. “Qarabağ Azərbaycandır” şüarı ilə mənfur düşməni lərzəyə salan ordumuzun döyüş meydanında göstərdiyi şücaət xalqımızın qürur mənbəyidir.

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşı Çilənay Ələkbərova bildirib ki, torpaqlarımızın 30 ilə yaxındır düşmən tapdağı altında qalmasının səbəbi bizim bu vəziyyətlə barışmağımız deyildi. Bunun səbəbi kağız üzərində qalan qətnamələr, fəaliyyətsiz olan vasitəçilər, bilərəkdən danışıqlar prosesini uzadan Ermənistan idi. Azərbaycanlılar heç zaman məğlubiyyətlə barışmayıb və daim doğma torpaqlarını, milli azadlıq ruhunu özündə qoruyub saxlamağı şərəf borcu bilib. Genetikası acgözlüklə, nadincliklə kodlanmış yağı düşmən isə öz cılız addımlarından heç vaxt əl çəkməyib. Özünü dost kimi göstərən mənfur düşmən fürsət ələ keçən kimi məkrli simasını göstərib, çirkin əməllərini törədib. Lakin igidlərimiz düşməndən fərqli olaraq öz sözünü həmişə döyüş meydanında deyib. Bu gün də belədir. Müzəffər Azərbaycan Ordusunun möhtəşəm zəfərləri düşməni təhlükə hiss etdikdə dağılışan dovşanlar kimi pərən-pərən salıb.

Çilənay Ələkbərova qeyd edib ki, əlləri əsə-əsə silah tutan mənfur ermənilər mərd oğullarımızın önündən qorxaqcasına qaçaraq döyüş meydanından çox uzaqda olan günahsız körpələrə, mülki vətəndaşlara atəş açır, əhalidə ruh düşkünlüyü yaratmağa çalışır. Bunun mümkünsüzlüyünü, dövlət-xalq-ordu birliyinin olduğunu, ön cəbhədə igidlərimizin və arxa cəbhədə informasiya müharibəsi aparan kütləvi informasiya vasitələrimizin, cəmiyyətimizin gücünü gördükcə qorxudan donub qalır, diplomatiyamızın çevikliyi qarşısında diz çökür. Cəbhə xəttində mərd oğullarımız onları sərrast atəşlərlə yandırıb külə çevirərək geri çəkilməyə məcbur edirlər.

“Bu mübarizədə bütün millət olaraq hamımız bir amala köklənmişik. İstər döyüş meydanında, istərsə də informasiya müharibəsində düşmənə qalib gəlirik və gələcəyik. Torpağımızın bircə qarışı belə düşməndə qalmayacaqdır. Şəhidlərimizin qanı tökülən Vətən torpağında onların əziz xatirəsinə yenidən xarı bülbüllər göyərəcəkdir. Gözəl torpaqlarımızı onların cənnət məkanına çevirəcəyimiz gün də uzaqda deyil”, - deyən AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşı vurğulayıb ki, bu gün hamı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qalib gələcəyini və bayrağımızı bütün ərazilərimizdə ən yüksəkdə dalğalandıracağına əmindir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: