Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Bu gün Azərbaycanda Vətən müharibəsi – haqq savaşı gedir
03.11.2020 15:00
  • A-
  • A
  • A+

Bu gün Azərbaycanda Vətən müharibəsi – haqq savaşı gedir

Müharibənin başlamasından artıq bir aydan da artıq vaxt keçir. Havadarlarının dəstəyi ilə yarandığı ilk gündən Azərbaycana qarşı ərazi iddialarında olan Ermənistanın ordusu bütün cəbhə boyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir. Azad edilən kəndlərin, şəhərlərin sırası hər gün genişlənir. Qarabağa - əzəli torpaqlarımıza doğru irəliləyirik. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə elə bir tarix yazır ki, o, Azərbaycan xalqının illərdir səbirsizliklə gözlədiyi zəfər salnaməsinə çevriləcəkdir.

Tarixi qaynaqlar birmənalı şəkildə Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, ermənilərin Azərbaycanın ən dilbər guşələrindən biri olan Qarabağda XIX əsrin əvvəllərində, təxminən 200 il əvvəl məqsədyönlü şəkildə məskunlaşdırılması faktını tamamilə təsdiq edir. Ölkə başçısı İlham Əliyev və qonşu dövlətin baş naziri Nikol Paşinyan arasında cari ilin fevral ayının 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsindəbaş tutan canlı debatı xatırlayaq. Beynəlxalq auditoriya qarşısında həmin debatda həmişəki kimi vəziyyətdən çıxmaq üçün tarixi məqsədli şəkildə təhrif edən Paşinyana İlham Əliyev tarix və siyasət dərsi verərək Qarabağ münaqişəsi və tarixi ilə bağlı konkret faktları dünyaya bəyan etdi. Ali Baş Komandan son günlər mütəmadi olaraq yerli və xarici televiziyalara verdiyi müsahibələrdə də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın ölkəmizin əsas sosial-iqtisadi, siyasi və mədəni mərkəzi kimi tarixi bağlı faktlardan dəfələrlə bəhs etmiş, dünya ictimaiyyətinə xatırlatmışdır.

Tarixi müstəvidə baxanda kökü 1805-ci il Kürəkçay, daha sonra Gülüstan, Türkmənçay müqavilələrinə, torpaqlarımızı qonşu dövlətlərə “pay” verən imzalara, taleyimizi “həll edən” gizli sövdələşmələrə və torpaq iddiası ilə on minlərlə günahsız azərbaycanlının öz torpaqlarında qətlə yetirildiyi 1905–1906-cı illərə, Ermənistandan 1948-1953-cü illərdə soydaşlarımızın deportasiya edilməsinə gedib çıxan siyasət nəticəsində "nələr çəkmiş başın sənin, Vətən"!  Lakin bu gün Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaqdır. Hər hansı millət öz taleyini özü həll etməsə, özü öz taleyini yazmasa, başqaları öz maraqlarına uyğun bu "tale"ni yazacaq, həm də öz maraqları çərçivəsində. Azərbaycan xalqı sülhsever xalqdır, amma heç bir şərtlər altında güzəştə getməyəcək. Prezidentimizin xalqa müraciətlərində bəyan etdiyi kimi, beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin hər zaman ən ümdə vəzifəsi olmuşdur və olacaqdır. İstər hüquqi müstəvidə, istərsə də qlobal ictimai rəydə bu illər ərzində haqq səsini tutarlı arqumentlər və dərin təhlillərlə bütün subyektlərin diqqətinə çatdıran Azərbaycanı bugünkü haqq savaşından heç bir qüvvə qaytara bilməz.

200 ildir Azərbaycan torpaqlarına göz dikən ermənilərin 1988-ci ildə törətdiyi dəhşətli deportasiyadan bu günə qədər Azərbaycan heç zaman müharibə ideologiyasının tərəfdarı olmayıb. 30 ildən çox Azərbaycan səbir göstərdi. Biz hüququn gücünə inandıq, hüququn ədalətini gözlədik, danışıqlar prosesinə hazır olduğumuzu nümayiş etdirdik. Çox təəssüf ki, təcavüzkar dövlət olan Ermənistan bundan sui-istifadə edərək özünün işğalçı siyasətini pərdələdi. Nəhayət, haqq-ədalət öz yerini tapdı. Müharibə qanunları və beynəlxalq humanitar qaydalar çərçivəsində erməni işğalçılarına qarşı zəfər yürüşünə başlayan Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi ilə ədalət məhkəməsini özü qurdu.

Aslan aslandı, yaralı olsa da, çaqqal çaqqaldı, arxalı olsa da. Bugünkü döyüşlər Azərbaycanın hərbi qələbəsi ilə bərabər, geosiyasi üstünlüyünü də nümayiş etdirdi. Bizə şərt qoymaqla danışıqların formatını dəyişmək istəyən qarşı tərəf bunu bilir və onların bu gün beynəlxalq təşkilatlara aramsız müraciətləri, yalvarışları, əslində, öz məğlubiyyətlərinin etirafıdır. Bəli, Qarabağ problemi, sözün ciddi mənasında, Azərbaycan tərəfi üçün təhlükəsizlik məsələsidir. Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Bu məsələ ilə bağlı imzalanan sazişlərdə Azərbaycanın tutduğu mövqe birmənalıdır: onların hər birində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması tezisi öz əksini tapır. Bu illər ərzində hər zaman beynəlxalq səviyyədə keçirilən tədbirlərdə Prezident İlham Əliyev Azərbaycanın haqlı mövqeyini, sülhsevər siyasətini, regionda əmin-amanlığın bərqərar olmasının zəruri olduğunu hər dəfə israrla bəyan edib. Lakin 1 il öncə “Böyük Ermənistan” siyasətini həyata keçirməklə guya erməni imperatorluğunu yaratmaq istəyən qonşu dövlətin baş nazirinin Azərbaycanın işğal olunmuş ərazisində keçirilən aksiyada “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı danışıqlar prosesini tamamilə məhv etdi.

Bu yerdə deyərlər ki, sözün qüdrəti danılmazdır. Əsas odur ki, söz yerində deyilsin. Prezidentimiz İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” müdrik bəyanatı sözün əsl mənasında tarixi silkələdi.Və İlham Əliyev Prezident olaraq dövləti idarə etmək kimi məsuliyyətli yükü daşımağa layiq olduğunu bir daha sübut etdi. Bizim uzaqgörən Prezidentin böyük diplomatik istedadı ilə hər zaman beynəlxalq canlı debatlarda, verdiyi bəyanatlarda çaşqın və zəif lider Nikol Paşinyan üzərində qələbəsi Azərbaycanın xalqının qələbəsi idi! İlham Əliyevin simasında bütün dünya bir amal gördü: Azərbaycan xalqının və dövlətinin milli maraqları baxımından ən böyük sərvət onun müstəqil dövlətçiliyidir. Bu gün İlham Əliyev bir daha sübut etdi ki, sözünün sahibidir! Son illərdə ölkəmizin mötəbər tədbirlərə ev sahibliyi etməsi, paytaxtımızda keçirilən nüfuzlu yarışlar - bütün bunların arxasında QARABAĞ dayanırdı. Dünya xəritəsində Azərbaycan adlı ölkəni tanımayanlar Azərbaycanın qüdrətinin şahidi oldu.  Və məqsədyönlü siyasəti ilə Ermənistanı, onun rəhbərliyini beynəlxalq miqyasda aciz duruma salan, bölgənin iqtisadi xəritəsindən silən, bütün qlobal layihələrdən təcrid edən İlham Əliyev təcavüzkarı indi döyüş meydanında da məğlub duruma saldı!

Müharibə qanunları və beynəlxalq humanitar qaydalar çərçivəsində erməni işğalçılarına qarşı zəfər yürüşünə başlayan Azərbaycan Ordusunun qarşısında aciz qalan düşmən bununla barışa bilmir. Reallıqla hesablaşmaq, qəbul etmək cəsarət tələb edir. Bu isə onlardan uzaqdır. Tarixdə baş verən müharibələrdə beynəlxalq hüquq normalarına riayət olunmuş, prinsiplərə əməl olunmuşdur. Lakin "ədalətli" müharibə aparmaq onların xislətinə xas deyil. Milli, dini mənsubiyyətə görə soyqırımı törətmək erməninin dəyişməz xislətidir. Xain hücumlarla körpə, qadın, yaşlı bilmədən qətliam törədən, riyakar, qeyri-etik və qeyri-insani döyüş taktikasına üstünlük verən, bir sözlə, "müharibə mədəniyyəti"ndən uzaq mənfur düşmən Azərbaycan mülki əhalisini və yaşayış məntəqələrini atəşə tutmaqla təxribatlara əl atır, dinc əhalini, mülki infrastrukturu hədəfə alır. Ermənistan rəhbərliyi "münaqişənin diplomatik həlli yoxdur" bəyan etməklə sübut etdi ki, tarixən yalana köklənən erməni xisləti dəyişməyib, rəsmi Yerevanın danışıqlar yolu ilə münaqişənin həlli barədə verdiyi açıqlamalar yalandır və riyakarlıqdan başqa bir şey deyil. Humanitar atəşkəs elan olunduğuna baxmayaraq, Gəncədə, Bərdədə qətliam törədən işğalçı Ermənistan cəzasız qaldıqca, ona qarşı beynəlxalq hüquq çərçivəsində sanksiyalar tətbiq olunmadıqca öz terrorçu siyasətini, Azərbaycana qarşı məkrli siyasətini davam etdirir. 

1992-ci ildə "sülh" bayrağı altında Azərbaycan xalqına xəyanət xarakteri daşıyan "azadlığı dəstəkləmək aktı"nı qəbul edən, nəinki xristian dininin qanunları çərçivəsində, Allah-taalanın buyurduğu 4 kitabın hökmlərinə qarşı çıxan, "qondarma erməni soyqırımı"nı ilk oxunuşdan tanıyan dövlətlər iki bina partladıldığında ayağa qalxdılar, bəşəriyyəti terrorla mübarizəyə çağırdılar. 20 yanvar, əsrin faciəsi Xocalıya, Bakıda “20 Yanvar” metrostansiyasında törədilən terrora, ən nəhayət, Gəncədə, Bərdədə, Tərtərdə körpələrin, dinc sakinlərin  həyatını itirməsi ilə nəticələnən vəhşiliyə də göz yuman dövlətlər bu gün ermənilərin "havadarı" Fransada təhqiramiz karikaturalarla dərs keçən bir müəlliminin öldürülməsini terror adlandırıb bəşəriyyətdə antiislam ab-havası yaradırlar. Erməni vəhşiliyi və terrorizminin təzahürü Gəncə, Bərdə qətliamını, erməni mərmisi ilə həyatını itirən, ömrü yarıda qalan uşaqları isə həmin dövlətlər görmür və ya görməzdən gəlirlər. Belə nəticə çıxır ki, Avropanın eşitmək istəmədiyi, görmək istəmədiyi həqiqət deyilmiş... Dünya birliyi və siyasi dairələri susur... Təcavüzkar Ermənistana heç bir beynəlxalq sanksiya tətbiq edilmir.

Bu gün dünyanın gözü Azərbaycandadır. Bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu daim söyləyən və  haqq savaşımızda ilk gündən bizi dəstəkləyən qardaş Türkiyə başda olmaqla dost ölkələr etiraz səslərini ucaltdılar. Birmənalı şəkildə Azərbaycanın yanında yer alan, onu qeyd-şərtsiz dəstəkləyən ölkələr, sözün əsl mənasında, əsl dostluq, qardaşlıq nümunəsi nümayiş etdirərək haqq tərəfdarı olduqlarını sərgilədilər.

Lakin Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində qeyd etdiyi kimi, "dünya birliyi dedikdə, nə üçünsə həmişə Qərb dünyası başa düşülür. Bax, oradan biz həmrəylik gözləmirdik və gözləmirik". Cəbhədə baş verən gərginliyin bütün dünya ölkələrindəki diasporumuzu da ciddi narahat etdiyinin şahidi oluruq. Təsadüfi deyil ki, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları birgə bəyanat yayaraq ordumuza və dövlətimizə dəstəyini daim ifadə edirlər.

Artıq Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlətdir. Hələ 2016-cı ildə Azərbaycan Silahlı qüvvələrinin qələbəsi ilə nəticələnmiş Aprel döyüşləri, yaxud digər adıyla desək, “beşgünlük müharibə” sübut etdi ki, nəinki Cənubi Qafqazda, hətta MDB məkanında sürətli iqtisadi-sosial inkişafa malik olan Azərbaycan güclü hərbi potensiala, qüdrətli orduya sahibdir. 12 iyulda Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tovuz rayonu ərazisində atəşkəs rejimini kobud şəkildə pozması da mənfur düşmənin məkrli siyasətinin növbəti təzahürü idi. Həmin günlər Azərbaycan xalqının, dövlətinin və ordusunun nümayiş etdirdiyi birlik, həmrəylik birmənalı olaraq Azərbaycan əsgərinin bu əməliyyatlarda qalib gəlməsini təmin edən ən güclü silahlar qədər əhəmiyyətli oldu.

Bu gün dünya xəritəsində olan hər dövlət, heç də Azərbaycan kimi hərbi siyasət yürütmək iqtidarında deyil. Bu, bir faktdır. Müasir hərb tarixində yeni, qələbələrlə dolu səhifələr... Onların sayəsində xəyallarımız gerçəyə çevrilir. Erməni qəddarlığının qurbanı olmuş məsum körpələrin, erkən yaşlarında həyatı yarımçıq kəsilən yeniyetmələrin, şəhidlərimizin qisası alınır. Müdrik Prezidentimiz, cəsarətli sərkərdəmiz Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə Qurtuluş savaşı aparan rəşadətli Ordumuz hər gün yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir. Həmin torpaqlarda üçrəngli ay-ulduzlu bayrağımız dalğalanır. Ürəyimizdəki bütün nisgilləri, ən böyük acıları müəyyən dərəcədə unutdurub üzümüzü güldürən, bizə sevinc göz yaşları bəxş edən Ordumuz qarşısında baş əyirəm. Bu gün hər kəs fəxarətlə "Qarabağ Azərbaycandır" deyir. Hər kəs, ürəyi Azərbaycanla döyünən, yaşından, sosial durumundan, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs torpaqlarımızın azad edilməsi uğrunda döyüşə səfərbər olub. 

Müharibənin isə öz şərtləri var. Bəli, müharibə, heç vaxt unudulmayan acı xatirələr, itirilmiş talelər, həyatlardır... İnsan əbədi həyata bu dünyada hazırlanır. Şəhidlərimiz torpaq uğrunda şəhidlik zirvəsinə ucalmaqla əbədilik qazandılar. Şəhidlər ölmür, şəhid olurlar yaşamaq üçün. Hər birinin qarşısında baş əyirəm.

Bu çətin, lakin şərəfli günlərdə hər birimiz: gələcəyin hərbçiləri kiçik yaşlı balaca əsgərlərimizdən tutmuş alimi də, həkimi də, siyasətçisi də, hamımız bir əsgərik. Vətənimizin yeni tarixi yazılır bu günlər. Son sözü Azərbaycan deyəcək! Nə gözəl ki, biz bu şanlı tarixin canlı şahidləriyik. Prezidentimizin də xalqa müraciətində dediyi kimi, 27 sentyabr tarixdən başlayan İkinci Qarabağ savaşı barədə çox yazılacaq, şəhidlərimizin qanı bahasına qazanılan qələbələr qələmə alınacaq. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlının və hələ neçə-neçə rayon və şəhərlərimizin işğal günlərini yox, azad edildiyi tarixlər fəxrlə qeyd olunacaq. AMEA Elm Tarixi İnstitutu olaraq üzərimizə düşən şərəfli məsuliyyəti dərk edərək biz də bu gün döyüş meydanında dünyaya səs salan tarixi qələbələrimizi, XXI əsrdə yeni hərbi və strateji taktika ilə Azərbaycan hərb tarixinin şanlı səhifələrini tarixə həkk edəcəyik.

Aynur NƏZƏROVA,  AMEA-nın  Elm Tarixi İnstitutunun Tərcümə və informasiya şöbəsinin müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: