Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Xətainin xələfi
29.10.2020 14:34
  • A-
  • A
  • A+

Xətainin xələfi

Təbiəti çox sevirəm. Onun bütün fəsillərinin doğurduğu əsrarəngiz gözəlliklərinə aşiqəm. Qoynunda dinclik tapdığım təbiət özünün ecazı ilə məni uşaqlıqdan özünə cəlb edib. Belə bir gözəllik, aşiqlik, təbiətimə təsirsiz ötüşə bilməzdi ki! Uşaqlığın yaşıl köynəyindən çıxar-çıxmaz qəlbimdə, düşüncəmdə elə bir duyğusallıq yarandı ki, hələ də onun torpağı, daşı, qayası, ağacları, otu, çiçəyi ilə də ünsiyyətdə olmaqdan zövq alıram, ruhum dinclik tapır. Elə ilk gəncliyimdən bu gözəllikləri lentə köçürmək istəyim yaranmışdı. Təbiət gözəllikləri ilə yanaşı, şəhərimizin müxtəlif yerlərində heykəlləri ucaldılmış, özündə böyük bir dövrün özəlliklərini yaşadan tarixi şəxsiyyətləri də fotoların yaddaşına köçürürdüm. Bu, məşğuliyyət artıq məndə bir xobbi olaraq vərdiş halına keçmişdi...

Hər şey gözəl göründüyü qədər də unikal olmalı idi. Yəni fotolar obyektin baxış-görünüş istiqaməti, günəşi, kölgəsi, bir sözlə, çəkilişdə vacib olan bütün məqamlar və elementlər nəzərə alınmalı, yerində olmalı idi. Bundan ötrü mən çəkiliş texnikasının incəliklərini öyrənməliydim. Çünki bu, məndə adi maraq çərçivəsindən çıxaraq ciddi sənətə çevrilmişdi.

Uzun illərdir çalışdığım elmi-tədqiqat institutunda işimizin oturaq olması səbəbindən iş yoldaşlarımla istirahət günləri ayaqla gəzintiyə çıxırdıq. Bu zaman mən fürsəti qaçırmadan, “həm ziyarət, həm ticarət”, - deyib, əsl gəzinti formasına keçirdim. Ayağımda idman ayaqqabıları, fəslə uyğun köynək, yaxud gödəkçədə olar, professional fotokameram da çiynimdə yola çıxardım. Nə zamandı düşüncəmdə bir süjet vardı, Bakı haqqında bədii fotolarımdan ibarət albom tərtib etmək niyyətindəydim. Gəzintilərdə bu istəyimə rəğmən heç bir məqamı nəzərdən qaçırmazdım...

Bugünkü çəkiliş planımda şəhərimizin büst və heykəlləri vardı. Bakının Xətai rayonunun Yusif Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətainin heykəlini fotokameranın yaddaşına köçürmək istəyirdim. Eşitmişdim ki, heykəli əvvəlki yerindən götürüb, küçənin digər tərəfində olan parka köçürüblər. Əlbəttə, bu yer şah babamızın heykəli üçün daha münasibdi. Abidənin yeni məkanı məni çox maraqlandırırdı. Gördüm və məkanın tərtibat gözəlliyi də ürəyimə yatdı. Düşünürdüm ki, heykəlin bədii-estetik məzmun ifadə etməsindən ötrü qürub vaxtı onun arxa fonunda, qızılı-qızartdaq üfüqün mənzərəsində foto daha möhtəşəm alınacaqdı. Hələ qürubçağı vaxtına bir qədər vardı. Ona görə də Şah İsmayıl Xətainin abidəsinin ətrafındakı bağda gəzməyi qərara aldım. Kənara çəkilib, bir siqaret yandıraraq xəyala dalmaq, imkan yaranarsa, bir həmsöhbətlə vaxt keçirmək də yaxşı olardı.

Abidənin yerləşdiyi məkanda bir qədər gəzişdikdən sonra parkdakı skamyalardan birinə yenicə əyləşmişdim ki, bayaqdan bir nəfər yaşlı kişinin üç nəvəsi ilə Ş.İ.Xətainin heykəli qarşısında dayanaraq onlara nəsə danışdığını gördüm. Elə bil müəllim uşaqlara əyani olaraq dərs keçirdi. Bildim ki, “dərs”inin mövzusu Şah İsmayıl Xətai idi. Bu düşüncədəykən “dərsi” izah edən kişi mənə yaxınlaşdı:

- Axşamınız xeyir olsun. Narahat etdiyim üçün üzr istəyirəm. Bayaqdan nəvələrimlə burda gəzərkən sizə də diqqət edirdim. Bilmirəm, nədənsə mənə tanış gəldiniz. Görürəm, ziyalı bir insansınız. Mən də əməkdar heykəltaraşam.- Sonra sözünə davam etdi: -Necədir? Abidənin yeni məkanını bəyəndinizmi?

Mən gülümsünərək başımla razılığımı bildirdim.

- Axşamınız xeyirli olsun. Əlbəttə, bəyəndim. Bura əvvəlki yerindən çox münasibdir. Mən də foto həvəskarıyam. Gözəl yerləri, dəyərli insanları kameraya almaq artıq məndə xüsusi vərdişə çevrilib. Bu abidənin də fotolarını görmüşəm. Məni bura gətirən şah babamızın heykəlini tam yeni bir rakursdan, qürub vaxtı çəkmək istəyidir. Arxa fonda görünən üfüqün qızılı-qırmızılı görünüşü Qızılbaşların rəmzi mənasındadır. İndi həmin mənzərənin yaranacağı vaxtı gözləyirəm.

Təzə tanışım gözünü abidədən çəkməyərək köksünü ötürdü:

- Bilirsən indi nə düşünürəm? Söz vaxtına çəkib deyə, bu kişinin Bütöv Azərbaycan dövlətini yaratdığı zamanlar haqqında oxuduqlarımı xatırlayıram. O zaman Azərbaycan torpaqları indikindən on dörd dəfə böyük olub. Şimalda Dəmir qapı Dərbənddən başlayaraq, Cənubda Dəclə və Fərat çaylarının sahillərinə qədər uzanıb. Bilirsənmi, Dəclə və Fərat çayları haradadır?

Mən təmkinlə gülümsünüb:

- Bilirəm... Cənub-Qərbi Asiyada. Ağsaqqal, mən foto həvəskarı olsam da Elmi-Tədqiqat İnstitutunda çalışıram. Özündən deməklik kimi səslənməsin, tədqiqatçı aliməm.

Kişi dediklərimi səmimi qəbul edərək dedi:

- Allah səni saxlasın, ay oğul, mən o mənada demədim. Belə tarixi hadisələri unutmaq olmaz, gərək tez-tez xatırlayasan. Bayaqdan elə nəvələrimə də bu böyük şəxsiyyətin, sərkərdənin Azərbaycan üçün etdiklərindən danışıram. Şah İsmayıl Xətainin hakimiyyəti dövründə (1501-1524) bir qarış torpaq belə itirmədən daim onu genişləndirmək uğrundakı mübarizəsindən bəhs edirdim. Deyirəm, Xətaidən sonra Nadir şah Əfşarın hakimiyyəti illərində də (1736 və 1747) bu bütövlük qorunub. Təəssüf ki, bundan sonra Azərbaycanın birliyi, bütövlüyünü günümüzə qədər heç bir Azərbaycan hökmdarı qoruya bilməmişdir. Məsələ ondadır ki, o zamandan hər yüz, yüz əlli ildən bir torpaq itirmişik. Bütün bunlar hakimiyyətdə olan daxili çəkişmələr, torpaqlarımızda gözü olan xarici düşmənlərimizin hiyləgərliyi və mənfur siyasəti, eyni zamanda, ölkə rəhbərlərinin səriştəsizliyi ucbatından baş verib. Azərbaycanı ikiyə bölən 1828-ci il Türkmənçay müqaviləsinimi deyim, I Pyotrun göstərişi, əmri ilə yersiz-yurdsuz ermənilərin bizim qədim tarixə malik olan İrəvan xanlığında məskunlaşdırıldığınımı yada salım, hansını deyim... Sonra sığıncaq verdiyimiz mənfur qonşularımızın 1918-1920-ci illərdə törətdikləri soyqırımı faciəsi, torpaq itkilərimizin ağrıları ürəyimdə şırım açıb. Siyasi gedişlərin nəticəsində ermənilərə peşkəş edilən qədim Zəngəzur mahalımız... Bilirsiniz, bu günə qədər elə itirə-itirə gəlmişik... XX əsrin səksəninci illərinin sonunda isə dədə-baba torpaqlarımız olan İrəvan xanlığından son nəfərimizə qədər qovulduq. İndi deyim bunları niyə danışıram... Evim bu ətrafda olduğundan yolum tez-tez bu abidənin yanından düşür. Hər dəfə də vətənini, xalqını və torpağını sevən bir azərbaycanlı kimi Şah İsmayıl Xətainin məğrur baxışlarından utanıram...

Kişi danışdıqca, alovlanır, sanki, özünü Vətən müqəddəslərinin ruhu qarşısında günahkar bilirdi. Bəli, indi çoxumuz onun kimi düşünürük.

- Dedikləriniz həqiqətdir. Deyim ki, indiyə qədər mən də sizin kimi düşünürdüm. Daim itirmişik və Şah babamız Xətaidən sonra 500 ilə yaxın bir müddətdə düşmənimizin yeni xəyanətləri, üstəlik hakimiyyət - də olan səriştəsiz, satqın rəhbərlərin, Vətən təəssübü çəkməyən bir para nanəciblərin ucbatından itirilən torpaqlarımızı bir daha geri qaytara bilməmişik. Amma elm sahəsində çalışdığımdan, elmin də məhz faktlara, elmilik kəsbetmə amilinə əsaslandığından, sizə bir qənaətimi açıqlamaq istəyirəm. Deyir, hər gecənin bir sabahı, hər bir həsrətin də sonu var. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə torpaqvermə prosesinə birdəfəlik son qoyulmuşdur! Bu gün isə Azərbaycanın taleyində yeni bir dövr başlayıb. Tariximizin şanlı səhifəsi yazılır. Bu gün Azərbaycan ordusunun Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun işğaldan azad olunması uğrunda qanlı döyüşlər gedir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəbhədə böyük uğurlar əldə edilir, müzəffər ordumuz hər gün xalqımıza böyük sevinc hissi yaşadır. Bu, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı böyük təcrübəyə əsaslanan düzgün, genişəhatəli siyasətinin nəticəsidir. Azərbaycan torpaqlarının işğaldan azad olunması 500 il müddətində itirdiklərimizdən sonra ilk qaytara bildiyimiz torpağımızdır. Bu gün müzəffər ordumuz torpaqlarımızı hərb yolu ilə almağa məcburdur. Çünki işğalçı Ermənistan dövləti sülh istəmir. Prezident İlham Əliyevin təbirincə desək, Azərbaycan ordusu xilaskar ordudur. Biz beynəlxalq hüquq normalarına uyğun olaraq torpaqlarımızı işğaldan azad edirik. Heç kimin də torpağında gözümüz yoxdur. İnanıram ki, işğaldan azad olunmuş torpaqlarımıza qayıdış milli özünüdərkə, yeni aspektdən bir baxış və azərbaycançılıq məfkurəmizdə yeni inkişaf mərhələsidir. Qarabağ savaşı Azərbaycan tarixinin şanlı tarixidir. Mən tam əminəm ki, vaxt gələcək, bu düzgün siyasət nəticəsində biz qədim İrəvan xanlığında itirdiyimiz yurd yerlərimizə də qayıdacağıq. Sizdən isə artıq dərəcədə xahiş edirəm, bundan sonra nəvələrinizə Azərbaycan tarixi və onun şanlı sərkərdələri barədə danışanda onların bugünkü davamçılarından da qürurla danışın...

Həmsöhbətimin gözləri doldu, kövrəldi:

- Haqlısınız. Doğrudan da, əsrlər boyunc

a itirdiyimiz torpaqları ilk dəfədir ki, işğaldan azad edirik. Özü də belə bir çətin ictimai və siyasi şəraitdə... Mən bunu nəinki nəvələrimə, hamıya fərəhlə danışacağam. Bizim üçün həm də şərəfli olan bilirsiniz nədir? Üçüncü minillikdə Azərbaycanın şanlı, şərəfli tarixinin şahidləriyik...

Biz sağollaşdıq. Artıq səma da qızılı rəngə boyanırdı. Gözlərimin qarşısında əsrarəngiz bir tablo vardı. Kameranı əlimə alıb Şah İsmayıl Xətainin əzəmətli heykəlinə baxdım.

Diqqət, çəkirəm...

Nicat MƏMMƏDOV, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

"Respublika" qəzeti

  • Paylaş: