Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Yer Elməri Bölməsi ARDNŞ-nin qrant layihəsi üzrə tədqiqatları davam etdirir
29.10.2020 10:48
  • A-
  • A
  • A+

AMEA-nın Yer Elməri Bölməsi ARDNŞ-nin qrant layihəsi üzrə tədqiqatları davam etdirir

“Cənubi Xəzər çökəkliyində seysmik kəşfiyyat və qravimetrik sahə məlumatları əsasında qeyri-struktur tipli tələlərin aşkarlanma metodikasının işlənilməsi” mövzusunun icrası üzrə ümumi və fərdi planlara uyğun işlər davam etdirilir.

Tədqiqat işi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Elm Fondunun 2019-cu ildə elan etdiyi qrant müsabiqəsi çərçivəsində AMEA-nın Neft və Qaz, Geologiya və Geofizika institutlarının, həmçinin ARDNŞ-nin əməkdaşları tərəfindən aparılır.

Tədqiqat işi bu istiqamət üzrə toplanmış ümumdünya və respublika təcrübəsinin və əvvəllər yerinə yetirilmiş genişmiqyaslı geoloji-geofiziki tədqiqatların nəticələrinin ümumiləşdirilməsini tələb etdiyindən Neft və Qaz İnstitutunun direktoru, akademik Fəxrəddin Qədirovun rəhbərlik etdiyi tədqiqat qrupu bu sahəyə xüsusi diqqət yetirir.

Ümumiləşdirmə üzrə tədqiqatların nəticələri qrupun iclaslarında müzakirə edilib və mövzu üzrə tədqiqatların davam etdirilməsi üçün istiqamətlər dəqiqləşdirilib, ümumi fikirlər əsasında Azərbaycanda aşkarlanması mümkün ola biləcək qeyri-struktur növlü karbohidrogen tələlərinin modelləri seçilib.

Tədqiqatların ikinci mərhələsində qrup tərəfindən seçilmiş modellərə əsasən geofiziki dalğa sahələri hesablanıb, onların əsasında seysmik və qravimetrik tədqiqat üsullarının həlledicilik qabiliyyətləri tədqiq olunub.

Ümumiləşdirmə işlərinin əsasında aşkarlana biləcəyi güman edilən karbohidrogen tələlərinin geoloji kəsilişin müxtəlif dərinliklərində yerləşəcəyi və onların həndəsi ölçüləri nəzərə alınmaqla hər iki geofiziki kəşfiyyat üsulunun şaquli və üfüqi istiqamətlərdə həlledicilik qabiliyyətləri müəyyənləşdirilib. Qeyri-antiklinal növlü karbohidrogen tələlərin axtarışı və onların geoloji kəsilişinin proqnozlaşdırılması üçün bir sıra metodiki göstəricilər müəyyənləşdirilib.

Əldə edilmiş tədqiqat nəticələrinin real material üzərində approbasiyası aparılıb və nəticələrin müsbət olduğu müəyyən edilib.

Hazırda qrup tərəfindən tədqiqat işinin planına uyğun işlər davam etdirilir və qrant layihəsinin 2021-ci ilin martında tamamlanması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: