Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“SMOMPK: Azərbaycan folkloru materialları” toplusunun üçüncü cildi çapdan çıxıb
27.10.2020 12:30
  • A-
  • A
  • A+

“SMOMPK: Azərbaycan folkloru materialları” toplusunun üçüncü cildi çapdan çıxıb

AMEA-nın Folklor İnstitutu “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasından növbəti kitabı – “SMOMPK: Azərbaycan folkloru materialları” toplusunun üçüncü cildini nəşr etdirib.

Kitabda toplanmış mətnləri 1881-1929-cu illər arasında çap olunmuş “Сборник материалов для описания местностей и племен Кавказа” (SMOMPK) məcmuəsindən İnstitutun Klassik folklor şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilov dilimizə tərcümə edib. Kitabın tərtibçiləri filologiya üzrə fəlsəfə doktorları Rza Xəlilov, Afaq Xürrəmqızı və Aynur Hüseynovadır.

Xatırladaq ki, “SMOMPK: Azərbaycan folkloru materialları” toplusunun birinci və ikinci cildləri 2018-ci ildə nəşr edilib. Cildlər xronoloji prinsip əsasında tərtib edilib.

Azərbaycan şifahi xalq ədəbiyyatının əfsanə, rəvayət, atalar sözü və məsəllər, tapmacalar, lətifələr, nağıllar və s. janrlarına aid çoxsaylı örnəklərə SMOMPK toplusunun bir çox buraxılışlarında rast gəlmək mümkündür. Bundan əlavə, toplunun bəzi buraxılışlarında Azərbaycanın müxtəlif bölgələrində yaşayan udinlər, talışlar, ingiloylar, avarlar, saxurlar kimi azsaylı xalqların folklorundan müxtəlif örnəklər də dərc edilib.

Milli kimliyi təsdiqləyən amillərdən birinin məhz şifahi xalq ədəbiyyatı olduğunu dərindən dərk edən ayrı-ayrı ziyalılarımız bu örnəklərin unudulmaması, itib-batmaması, qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsi üçün əllərindən gələni əsirgəməmişlər. Həmin ziyalılara misal olaraq Firudin bəy Köçərlini, Mahmud bəy Mahmudbəyovu, Rəşid bəy Əfəndiyevi, Sultan Məcid Qənizadəni və başqalarını göstərə bilərik. Onlar həm də milli folklor nümunələrimizin adları bizə məlum olan ilk toplayıcıları kimi tarixə düşüblər.

SMOMPK toplusunda əsas və ən vacib məqamlardan biri də “erməni folkloru” kimi təqdim edilən Azərbaycan şifahi xalq ədəbiyyatı materiallarının (bunların bir qismi hətta Azərbaycan dilindədir) həddən artıq çox olmasıdır. Belə faktların aşkarlanması erməni plagiatçılığının uzun bir tarixə malik olduğunu əyani şəkildə sübut edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: