Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fiziologiya İnstitutunun əməkdaşları cəbhəboyu ərazilərdə əsgərlərlə görüş keçiriblər
26.10.2020 11:07
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunun əməkdaşları cəbhəboyu ərazilərdə əsgərlərlə görüş keçiriblər

AMEA-nın akademik A.Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədli daha bir addım atıb. Belə ki, müəssisə əməkdaşları cəbhəboyu ərazilərdəki hərbi hissələrə səfər edib, hərbçilərimizə sovqat aparıblar. Bununla yanaşı, institut tərəfindən başlanılmış “Könüllü poçt” kampaniyası çərçivəsində mütəmadi olaraq Azərbaycan Ordusunun əsgər və zabitlərinə vətəndaşlarımız tərəfindən yazılan, onlara mənəvi dəstək, qələbə ruhu verən məktublar çatdırılıb.

Cəsur hərbiçilərimizlə görüş böyük coşqunluq əhval-ruhiyyəsində keçib. Görüş zamanı qeyd edilib ki, bu gün dövlətimiz tərəfindən ordu birləşmələri bütün zəruri vasitələrlə, o cümlədən keyfiyyətli ərzaq ehtiyatları ilə tam təmin olunur. Lakin ordumuzun qalibiyyəti üçün əsgərlərimizin mənəvi-psixoloji durumunun yüksək səviyyədə saxlanılması başlıca şərtlərdən biridir.

Tədbirdə institutun kollektivi tərəfindən əsgərlərimizə isti geyimlərin, dərman vasitələrinin təqdim edilməsi, “Könüllü poçt”dan onlara ünvanlanan məktubların çatdırılması xoş hislərlə qarşılanıb.

Əsgərlərimiz müəssisənin kollektivinə, bütün xalqımıza  minnətdarlıqlarını ifadə  edərək, düşmən üzərində qələbənin uzaqda olmadığını bildiriblər.

Silahlı qüvvələrimiz Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə misilsiz qəhrəmanlıq nümayiş etdirir, mənfur düşmənə sarsıdıcı zərbələr vuraraq onu torpaqlarımızdan çıxmağa vadar edirlər. İnstitutun bütün əməkdaşları adından Ali Baş Komandanın rəhbərliyi altında tariximizdə yeni şanlı səhifə yazan, qürur mənbəyimiz olan ordumuza haqq yolunda yeni zəfərlər arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: