www.science.az
16.12.2014 00:00

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun gənc alim və mütəxəssisləri mükafata layiq görülüblər

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Akademik Murtuza Nağıyev” adına mükafatın verilməsi ilə əlaqədar şöbə rəhbərləri, gənc alim və mütəxəssislərin iştirakı ilə iclas keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Dilqəm Tağıyev gənclərə göstərilən diqqət və qayğıdan danışdı və 2014-cü ildə institutda fəaliyyət göstərən gənclərin əldə etdiyi nailiyyətləri qeyd etdi. Sonra o, “Akademik Murtuza Nağıyev adına mükafat”ın verilmə qaydalarını nəzərə çatdırdı. Mükafatın təqdimi ilə bağlı komissiyanın yaradıldığını bildirən Dilqəm Tağıyev institut gənclərindən 6 nəfərin namizədliyinin irəli sürüldüyünü qeyd etdi. Komissiya irəli sürülmüş namizədlərin üçünün fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirdi.

Sonra akademik Dilqəm Tağıyev görkəmli alim, resirkulyasiya nəzəriyyəsinin banısı Murtuza Nağıyev adına mükafata layiq görülən gənc alim və mütəxəssislərin adlarını açıqladı.

Tədbirdə müsabiqənin qalibləri kimya üzrə fəlsəfə doktoru, böyük elmi işçi Dünya Babanlıya, elmi işçi Nuranə Məlikovaya, elmi işçi Samirə Məmmədova elmi fəaliyyətdə fərqləndiyinə görə “Akademik Murtuza Nağıyev” adına mükafatın diplomu ilə təltif olundular.

Sonda akademik D.Tağıyev AMEA-nın Fəxri Fərmanına layiq görülən institutun elmi işçisi Sevinc Osmanovanı və diploma layiq görülən institutun digər gənc əməkdaşlarını bir daha təbrik edərək, onlara gələcək işlərində müvəffəqiyyətlər arzuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.