Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Hüseyn Cavidin Ev Muzeyinin direktoru Ərtoğrol Cavidin 101 yaşı münasibətilə müsahibə verib
22.10.2020 11:32
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyinin direktoru Ərtoğrol Cavidin 101 yaşı münasibətilə müsahibə verib

Bu gün böyük şair və dramaturq Hüseyn Cavidin oğlu, musiqişünas, rəssam və tədqiqatçı Ərtoğrol Cavidin 101 yaşı tamam olur.

Ərtoğrol Cavid 1919-cu il oktyabr ayının 22-də Bakıda dünyaya gəlib. Hüseyn Cavidin oğlu olmaq xoşbəxtliyi və faciəsi Ərtoğrol Cavidin qısa, mənalı ömrünün tam mənzərəsini əks etdirir.

Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri olan Ə.Cavid cəmi 24 il ömür sürsə də, musiqişünas, rəssam və tədqiqatçı kimi zəngin irs yaradıb. O, Azərbaycan Pedaqoji İnstitutunun məzunu olduqdan sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin sinfində davam etdirib, eyni zamanda konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib, gənc tədqiqatçı kimi musiqi folkloru nümunələrinin toplanması və tədqiqində də iştirak edib. Ərtoğrol Cavidin şəxsi əşyaları və arxivi AMEA Hüseyn Cavidin Ev Muzeyində qorunub saxlanılır. Bu unikal materiallar onun necə hərtərəfli şəxsiyyət, istedadlı insan olması haqqında geniş təəssürat yaradır.

Bu zəngin irs Hüseyn Cavidin Ev Muzeyi tərəfindən tədqiqata cəlb olunub. Muzey son illərdə 13 cilddə “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyini, “Balaban məktəbi” dərsliyi və Ərtoğrol Cavid”, “Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları” və “Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri” adlı nəşrləri çap etdirib. Ötən il bəstəkarın 100 illiyi münasibəti ilə muzeyin nəşrə hazırladığı “Ərtoğrol Cavidin musiqi əsərləri”, “Ərtoğrol Cavidin məqalələr toplusu” adlı vəsaitlər işıq üzü görüb.

Bu gün “Mədəniyyət” TV-də yayımlanan “Səhərçağı” verilişinə canlı efirdə müsahibə verən AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı muzeyin ekspozisiyasında nümayiş olunan Ərtoğrol Cavidə aid eksponatlar haqqında danışıb, onun qısa, lakin mənalı həyat tarixçəsinə işıq salıb, bəstəkarın əsərlərinin toplanması, nəşrə hazırlanması və çapı istiqamətində muzeydə görülmüş işlərdən söz açıb. Bildirib ki, bu il muzey tərəfindən Ərtoğrol Cavidin Avstraliyanın Kvinslənd vilayətində yerləşən Ormiston Kollecinin professoru, musiqişünas Con Varney tərəfindən fortepiano üçün bəstələnmiş musiqi əsərlərini fleyta, skripka, violançel kimi musiqi alətlərində, həmçinin ansamblda ifa olunmaq məqsədi ilə edilən yeni aranjemanını musiqi albomu halında çapa hazırlayıb.

Müsahibənin tam variantına buradan baxa bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: