Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünaslıq İnstitutunun əməkdaşları Azərbaycan həqiqətlərini ərəb dünyasına çatdırmaqda davam edirlər
20.10.2020 15:57
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun əməkdaşları Azərbaycan həqiqətlərini ərəb dünyasına çatdırmaqda davam edirlər

AMEA-nın akad. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları ərəbdilli televiziya kanalları, eləcə də informasiya portalları vasitəsilə Azərbaycan həqiqətlərini, son zamanlar cəbhə bölgəsində və respublikamızın digər bölgələrində ermənilərin törətdikləri təxribatlar barədə məlumatları, həmçinin Ermənistanın azərbaycanlılara qarşı ötən əsrdə də törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmaqda davam edirlər.

İnstitutun elmi əməkdaşı Elnur Mustafayev oktyabrın 16-da Livan Respublikasının "Məyadin" televiziya kanalına müsahibə verib. Azərbaycanlı  şərqşünas müsahibəsində Ermənistan hakimiyyətinin hərbi təxribatlara əl atdığı, dinc əhalini qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutması, həmçinin yaşayış məntəqələrinə atılmış balistik raketlər nəticəsində mülki əhaliyə dəymiş maddi və mənəvi zərərlər haqqında ətraflı məlumat verib.

E.Mustafayev oktyabrın  17-də dünyanın nəhəng xəbər agentliklərindən biri olan “BBC Arabic"ə müsahibə verib. Azərbaycanlı şərqşünas, müsahibədə Ermənistan hərbi-siyasi qüvvələrinin Gəncə şəhərini məruz qoyduğu son terror hücumu barəsində məlumat verib. O, həmçinin hücum zamanı içərisində azyaşlılar da olmaqla həlak olmuş mülki vətəndaşlar haqqında söhbət açıb, Ermənistan hakimiyyətinin həyata keçirdiyi terror və işğalçılıq siyasəti haqqında məlumatları geniş ərəbdilli izləyici kütləsinə çatdırıb.

Oktyabr ayının 18-də “BBC-Arabic”in "Xəbərlər bülleteni" verlişinə növbəti müsahibəsində E.Mustafayev Ermənistan hakimiyyətinin atəşkəs qaydalarını pozduğunu, Gəncə, Ağdam, Tərtər və digər şəhərləri ağır silhlardan atəşə tutmasını qeyd edib. Bununla yanaşı, şərqşünas alim öz müsahibəsində beynəlxalq təşkilatların və ikili münasibətlər çərçivəsində dünya ölkələrinin qəbul etdiyi qərarlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün təsdiq edildiyini və Qarabağ ərazisinin qədim Azərbaycan torpaqları olması barəsində informasiyaları da diqqətə çatdırıb.

Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Samid Bağırov isə İraqın “Əl-Afaq" telekanalına müsahibə verərək Azərbaycan respublikasının haqq mövqeyini, ordumuzun əks-həmlə əməliyyatının terrorçuluğa qarşı aparılan əməliyyat kimi qanuni və legitim olduğunu bildirib. Şərqşünas alim həmçinin İranın ərəbdilli “əl-Aləm” telekanalına müsahibədə Ermənistanın atəşkəsin elə birinci günündə Skud raketilə Gəncənin mərkəzini bombalamasından, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxmaqla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən danışıb.

İnstitutun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovun isə Misirin aldiplomasy.com saytında “XX əsrdə azərbaycanlıların Ermənistandan deportasiyası” adlı məqaləsi nəşr olunub. Məqalədə azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyasının üç mərhələsindən söz açılır, xüsusən 1948-53-cü illər depotasiyasına diqqət çəkilir, bu deportasiyanı əks etdirən tarixi sənəd qoşma kimi əlavə edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: