Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları Komissiyası”nın növbəti iclası keçirilib
15.12.2014 00:00
  • A-
  • A
  • A+

“Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları Komissiyası”nın növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətində akademiyada yaradılmış “Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları Komissiyası”nın növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Komissiya qarşısında duran vəzifələrdən danışıb. Akademiyada yaradılmış “Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları Komissiyası” tərəfindən həyata keçirilən tədbirlərin böyük tarixi əhəmiyyəti olduğunu söyləyən akademik İsa Həbibbəyli bu sahədə elmi-tədqiqat işlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Zəruri tarixi sənədlərin aşkara çıxarılıb kitab halında nəşr edilməsinin əhəmiyyətini önə çəkən akademik İsa Həbibbəyli bu mövzuda akademiya üzrə bir sıra beynəlxalq tədbirlərin planlaşdırıldığını qeyd edib. O, Tarix İnstitutu tərəfindən “Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımlar” mövzusunda Bakıda və Qubada keçiriləcək beynəlxalq elmi konfransın vəzifələri barədə ətraflı söhbət açıb. Akademik konfransda Azərbaycanın tarixçi və arxeoloqları ilə yanaşı, dünyanın nüfuzlu alimlərinin də iştirakının nəzərdə tutulduğu diqqətə çatdırıb.

Komissiyanın iclasında Azərbaycan Respublikasının Prezidenti Administrasiyası tərəfindən təsdiq edilmiş fəaliyyət planında AMEA üzrə öz əksini tapmış müddəaların həyata keçirilməsi yollarından bəhs edilib.

Bundan başqa, 2014-cü ildə AMEA üzrə müxtəlif elmi-tədqiqat institutlarında bu mövzuda 20-dən çox kitabın çap olunduğu nəzərə çatdırılıb. Komissiya institutlar üzrə həmin kitabların ictimaiyyətə çatdırılacağını bəyan edib.

Müzakirələrdə AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, İnsan Hüquqları İnstitutunun direktoru, hüquq elmləri üzrə fəlsəfə doktoru Aytən Mustafayeva və başqaları şıxış edərək fikir və mülahizələrini bildiriblər. Alimlər tərəfindən kitabların nəşr edilməsi, yeni tədqiqat əsərlərinin cəmiyyətə təqdim olunması və beynəlxalq elmi konfranslarla yanaşı soyqırımlar mövzusunda rəsm sərgisinin keçrilməsi də təklif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: