Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan ordusu yeni bir tarix yazır
20.10.2020 10:49
  • A-
  • A
  • A+

Azərbaycan ordusu yeni bir tarix yazır

Dünya ölkələrinin həyatına daha çox COVID-19 virusu və onun gətirdiyi bəlalarla daxil olan 2020-ci il Azərbaycan xalqı qarşısında daha böyük vəzifələr, məsuliyyət yaratdı.

Xalqımız həm gündəlik həyatımızda gözəgörünməz düşmənimiz olan koronavirusla mübarizə aparır, həm də cəbhədə qəhrəman, şanlı Azərbaycan Ordusunun əsgərləri düşmənə qarşı döyüşürlər. Hər gün işğal altında olan kəndlərimiz, strateji yüksəkliklərimiz azad olunur. Müzəffər Azərbaycan Ordusunun əsgərləri tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan bayrağı vüqarla dalğalanır. Azərbaycan xalqı üzümüzə açılan səhərlərdən qələbə müjdəsini, qələbə xəbərini gözləyir. Bütün xalqımız kimi biz seysmoloqlar da hər birimiz bir əsgər kimi Azərbaycan Ordusunun, Ali Baş Komandanımızın yanındayıq. Bəzi əməkdaşlarımız hazırda cəbhədə Vətənə əsgər kimi xidmət edir, düşmənə qarşı şərəflə döyüşürlər. Biz hər zaman dövlətimizin və əsgərlərimizin arxasındayıq. İşimizlə, əməlimizlə, fəaliyyətimizlə və canımızla.

Bu günlərdə erməni vandallarının Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərində ard-arda törətdiyi qətliamlar, mülki əhalinin raketlə atəşə tutulması, günahsız insanlarımızın həyatını itirməsi hamımızın içini göynətsə də, artıq mənfur düşmən də bilir ki, Azərbaycan xalqının əzmini belə barbarlıqla, bu cür vəhşiliklə sındırmaq mümkün deyil. Cəbhədə Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyib, qaçan mənfur düşmən körpə uşaqları, qocaları, mülki insanları hədəf seçməklə necə aciz və alçaq bir millət olduğunu bir daha dünyaya nümayiş etdirdi. Necə ki, bir zamanlar böyük rus şairi Aleksandr  Puşkin “Ты трус, ты раб, ты армянин!” bu cümləsi ilə  ermənilərin kimliyini çox gözəl ifadə etmişdir.

İranda yaşayan ermənilərin Qarabağa köçürülməsi prosesində rus missiyasının katibi kimi iştirak edən tanınmış rus diplomatı Aleksandr Qriboyedov köçürülmə prosesi barədə general-feldmarşal qraf Paskeviçə yazdığı məktubunda da bu köçürülmənin gələcəkdə bölgədə münaqişələrin baş verməsinə gətirib çıxaracağını, ermənilərin başqalarının torpaqlarına qarşı iddialı olduqlarını qeyd etmişdir. Elə bu məktub ortaya çıxandan az sonra Qriboyedovun Tehranda qətlə yetirilməsi də ermənilərin xislətindən xəbər verirdi. Bu məktub özü də ermənilərin gəlmə, köçəri tayfa olduqlarını, Dağlıq Qarabağ və digər ərazilərin Azərbaycanın qədim, tarixi əraziləri olduğunu bir daha təsdiq edir.

Hadisələrin gedişi və erməni terrorçularının cəbhədə Azərbaycan əsgəri ilə üzbəüz döyüşdən qaçaraq, alçaqcasına mülki insanları hədəf seçməsinə Rusiya da daxil olmaqla, aparıcı ölkələrin münasibət bildirməməsi də “düşmən dəyirmanına kimlərin su tökdüyü”nü açıq şəkildə ortaya qoyur. Bu günlərdə bizlər dostlarımızı da, düşmənlərimizi də bir daha yaxından tanıdıq. Müharibənin başladığı ilk dəqiqələrdən qardaş Türkiyənin “Azərbaycan tək deyil. Azərbaycanın yanındayıq” bəyanatı xalqımızın gücünə güc qatdı. Bu gün ulu öndərimizin Azərbaycan - Türkiyə qardaşlığı barəsində dediyi “Tək millət, iki dövlət” fikri tarixi bir gerçəklikdir. Bizlər bu şərəfli tarixi yaşayırıq. Bu tarixin canlı şahidləriyik. Hər yerdə - evlərimizdə, inzibati binalarımızda, avtomobillərimizdə Azərbaycanın və Türkiyənin dövlət bayraqları dalğalanır. Bu birlik bizi daha da güclü edir, qələbəyə ruhlandırır. Düşmənin bütün təxribatlarına, qeyri-insani əməllərinə baxmayaraq xalqımızın birliyi, Azərbaycan əsgərinin rəşadəti, cəsurluğu, Ali Baş Komandanımız, cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi bizi böyük qələbəyə addım-addım yaxınlaşdırır. Azərbaycan Ordusu yeni bir tarix yazır.

Son günlər ölkəmizdə koronavirus pandemiyası ilə bağlı yenidən təhlükə artdığına görə, bu günlərdə insanlarımızın ordumuza ən böyük dəstəyi həm də vurusla bağlı mübarizə tələblərinə, qayda və qanunlara riayət etmələridir. Çünki biz indi iki cəbhədə düyüşürük.

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları pandemiya ilə bağlı bu ilin aprel ayından bir çox iş yerlərində tətbiq edilən dayanmalara və məhdudiyyətlərə baxmayaraq, öz üzərlərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirdilər və hazırda da fəaliyyətimizi davam etdiririk. Pandemiya təhlükəsinin tüğyan etdiyi mərhələdə mərkəzin Həmkarlar Təşkilatı tərəfindən mərkəzdə çalışan aztəminatlı ailələrə ərzaq yardımı göstərilmişdir. Həmçinin Azərbaycan Seysmoloqlar Assosiasiyası İctimai Birliyi tərəfindən  Koronavirusla Mübarizəyə Dəstək Fonduna on min manat vəsait köçürülmüşdür.  COVID-19 virusu ilə bağlı bir çox sahələrdə iş ahəngi pozulsa da, RSXM-nin iştirak etdiyi beynəlxalq və yerli əhəmiyyətli layihələrin işində, eləcə də mərkəz tərəfindən 2020-ci ildə qarşıya qoyulan  tapşırıq və vəzifələrin icrasında hər hansı geriləmə olmamışdır. Respublika Seysmoloji Xidmət Mərkəzində kompleks seysmik, geofiziki və geokimyəvi tədqiqatlar davam etdirilir.

2021-ci ildə RSXM-nin Ukrayna Elm Texnologiya Mərkəzinin qrantı hesabına alınan 22 ədəd seysmik stansiyalar ölkəmizə gətiriləcək və bölgələrimizdə quraşdırılmasına başlanılacaq. Bununla da respublika ərazisindəki seysmik stansiyaların sayı 84-ə çatacaq.  Hal-hazırda RSXM-nin ölkə ərazində 62 seysmik stansiyası fəaliyyət göstərir. Bundan başqa, respublika ərazisində 5 geofiziki, 6 geokimyəvi, 24 GPS stansiyalarımız da fəaliyyət göstərir.

2020-ci ilin birinci yarımilliyində beynəlxalq nüfuzlu jurnallarda RSXM-nin əməkdaşlarının 4 elmi məqaləsi dərc olunmuşdur. 2020-ci ildə "Google Akademiya"ya əsasən Mərkəzin əməkdaşlarının elmi işlərinə olan istinadların sayı 75 olmuşdur.  Mərkəz yerli və beynəlxalq qrant layihələrində də yaxından iştirak edir. 2020-ci ildə RSXM beş qrant layihəsində iştirak edib. Bunlardan üçü xarici - Ukrayna Elm və Texnologiya Mərkəzi ( 2 layihə), İtaliyanın Milli Tədqiqat Şurası (CNR) – ( 1 layihə) və 2 yerli Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihələri olmuşdur.

Respublika Seysmoloji Xidmət Mərkəzi dünyanın əsas beynəlxaq seysmoloji təşkilatlarının - EMSC (Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi), IRIS (Birləşmiş Seysmoloji Araşdırmalar İnstitutu), ORFEUS (Avropa Seysmoloji Müşahidə və Araşdırmaları Mərkəzi), ESC (Avropa Seysmoloji Komissiyası), EGU (Avropa Geofiziklər Birliyi), AGU (Amerika Geofiziklər Birliyi)  üzvüdür.

Mərkəz əməkdaşları tərəfindən Dağlıq  Qarabağ və onun ətraf ərazilərinin ermənilər tərəfindən işğal edilməsi, işğal olunmuş ərazilərimizdə ermənilərin tarixi, mədəni abidələrimizə, məscidlərimizə, azərbaycanlıların qəbirlərinə qarşı törətdiyi vandallıq haqqında müntəzəm olaraq məlumatlandırılma aparılır.

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı edilən təxribatlardan sonra Azərbaycan Ordusunun əks-həmləyə başlaması və Vətən müharibəsinin gedişində işğalçı ölkənin Azərbaycanın şəhərlərini hədəfə alması, Gəncədə mülki əhaliyə qarşı ballistik raketlərdən istifadə etməsi ilə bağlı beynəlxalq seysmoloji təşkilatlar və əməkdaşlıq etdiyimiz seysmoloji qurumlar məlumatlandırılır. Həmin təşkilatlara göndərilən müraciətlərdə Ermənistan rəhbərliyinin bu gün də beynəlxalq Cenevrə Konvensiyasını pozaraq ağır, ballistik silahlardan mülki əhaliyə qarşı istifadə edildiyi qeyd edilir. Azərbaycan tərəfinin humanizm prinsplərinə uyğun olaraq Ermənistana iki dəfə humanitar atəşkəs üçün şans yaratması isə düşmən ölkə rəhbərliyinin yeni hərbi cinayətlərə əl atması ilə müşayiət olundu. Gəncədə törədilən terror aktları zamanı bəşəri dəyərlərin Ermənistanın və onun cinayətkar rəhbərlərindən uzaq olduğunu bir daha ortaya qoydu.

Məlumat üçün onu da qeyd etmək istərdim ki, hazırda mərkəzdə çalışan kadr potensialının böyük əksəriyyətini gənclər təşkil edir və həmin əməkdaşlarımız da rəsmi dövlət qurumlarımıza istinadən , hərbi vəziyyətlə bağlı tələb olunan qaydalar çərçivəsində virtual məkanda gedən informasiya müharibəsində yaxından iştirak edirlər. Eyni zamanda hazırda xarici ölkələrdə magistr və doktoranturada təhsil alan RSXM əməkdaşları düşmənə qarşı informasiya müharibəsində aktivlik göstərirlər. Onlar oxuduqları təhsil müəssisələrində mütəmadi olaraq ermənilərin Azərbaycan ərazisinə köçürülməsinin tarixi, regionda baş verən hadisələr, eləcə də Azərbaycanın hazırda öz ərazilərini azad etmək üçün apardığı haqq işi ilə bağlı təbliğat işləri aparırlar.  Çünki bu gün Azərbaycanın haqq işini dünyaya yaymaq, dünyaya baş verənlər qarşısında göstərdiyi susqunluqla bağlı öz etirazını bildirmək hər bir Azərbaycan vətəndaşının əsas vəzifəsidir. 

Dağlıq Qarabağ və ətraf rayonlarımızda olan  tarixi, mədəni abidələrimiz, digər infrastrukturlar kimi Respublika Seysmoloji Xidmət Mərkəzinin həmin ərazilərdə olan stansiyaları da vəhşicəsinə dağıdılmışdır. Mərkəzin Kəlbəcər, Ağdam və Cəbrayıl rayonlarında olan stansiyalarını dağıdan erməni vandalları həmin əraziləri də xarabalığa çeviriblər.

Ulu öndərimizin göstərişi ilə 2000-ci ildən sonra Azərbaycanda seysmik monitorinq şəbəkəsi yenidən qurulmağa başlayarkən Ağdam və Füzulu rayonlarının işğaldan azad olmuş ərazilərində mərkəzin seysmik stansiyaları yaradılmışdır. Həmin stansiyalarımız üzərində yarandığı gündən Azərbaycan bayrağı dalğalanır. Bu stansiyalarımız hazırda mənfur düşmənin atəş altında saxladığı ərazilərdə olsa da, onların fəaliyyətində hər hansı fasilə yaranmamışdır. Əməkdaşlarımızdan biri düşmən tərəfindən atılan mərmilərdən yaralansa da, həmin stansiyalarda çalışan digər əməkdaşlarımız əzmlə öz fəaliyyətlərini davam etdirirlər. Eyni zamanda ordumuza dəstək məqsədi ilə Azərbaycan Seysmoloqlar Assosiasiyası İctimai Birliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna on min manat vəsait köçürülmüşdür.

RSXM olaraq bizlər torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağın baş tacı olan Şuşamızda, Xankəndində, Kəlbəcərdə, artıq düşmən tapdağından azad edilmiş Cəbrayıl rayonunda yeni seysmik stansiyalar quraşdıracağıq. Çünki o torpaqlar bizimdi. Biz bizim olana sahib oluruq. Dünyanın baş verənlər qarşısında susmasına, “kar” və “kor” olmasına rəğmən.

Tanrı Azərbaycanımızı, Ali Baş Komandanımızı, əsgərlərimizi qorusun!

Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!

Qurban YETİRMİŞLİ, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: