Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim beynəlxalq konfransda ölkəmizin mövqeyini müdafiə edib
19.10.2020 15:35
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq konfransda ölkəmizin mövqeyini müdafiə edib

“Onlayn Dünya Florası” konsorsiuma üzv təşkilatları şurasının “Zoom” platforması üzərindən növbəti iclası keçirilib.

Şuranın iclasında AMEA-nın Botanika İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Səlimov da iştirak edib.

İclasda Taksonomik Ekspert Şəbəkələrinin (TEN) çiçəkli bitkilərin təsnifatına dair nomenklatur düzəlişlər, veb portalda taksonomik məlumatların emalı və rəqəmsallaşmasının yenilənmələri, qarşıda duran yeni vəzifələr haqqında məruzələr dinlənilib və geniş müzakirələr aparılıb. Tədbirdə R.Səlimov bəzi təşkilatların veb bazalarında ölkəmizin ərazisi və florasına aid məlumatların təhrif edildiyini, istifadəsinin yolverilməz olduğunu diqqətə çatdırıb.

Şuranın həmsədrləri Dr. Peter Wyse Jackson və Dr. Pierre-André Loizeau, həmçinin digər iştirakçılar qaldırılan məsələ ilə əlaqədar həmfikir olduqlarını bidliriblər. Yüksək səviyyəli elmi tədbirdə azərbaycanlı aliminin vətəndaş və elmi mövqeyini çatdırması bu an üçün çox vacibdir.

Qeyd edək ki, Dünya Florası Onlayn konsorsiumu ABŞ-ın Missuri və Nyu-York Botanika bağları, eləcə də Böyuk Britaniyanın Kyu və Edinburq Kral Botanika bağları tərəfindən 2012-ci ildə birgə təsis olunub və BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının 2011-2020-ci illərə aid Bitki Mühafizəsi üzrə Qlobal Strategiyasının (GSPC) ilk hədəfinin həyata keçirilməsinin təşviqi üçün qlobal təşəbbüsçüsü hesab olunur.

2016-cı ildən konsorsiumda bərabərhüquqlu üzv kimi təmsil olunan AMEA-nın Botanika İnstitutunun alimlərinin bu kimi yüksək səviyyəli platformada iştirakı bitkilərin mövcud müasir təsnifat və nomenklaturaya uyğun Azərbaycan üzrə onlayn taksonomik resurslarının və floranın yenilənməsi mexanizminin işlənib-hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: