Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İztirab və təcavüz
19.10.2020 12:24
  • A-
  • A
  • A+

İztirab və təcavüz

“İztirab” ifadəsi canlılar aləmində əsasən insanlara aid bir keyfiyyət halıdır. Bu söz cəmiyyətlə, insanla bağlı olduğu üçün ətrafında xeyli fikirlər və düşüncələr söylənilmişdir. Xüsusilə əsas dinlərdən birincisi sayılan buddizmdə bu ifadə ali həqiqət kimi göstərilir. Buddizmdə deyilir ki, “Həyat iztirabdır”. Buna Buddizmin dörd həqiqəti də deyilir. Bunlar aşağıdakılardır:

Həyat iztirabdır, iztirabların səbəbi var, iztirablardan qurtulmaq olar, iztirablarda qurtulma yolu nirvanadır.

Adi həyatda əlbət ki, buddizmin ali həqiqəti ilə yəni “Həyat iztirabdır” həqiqəti ilə hər birimiz razılaşırıq. İztirabı olmayan bir dəlilərdir, bir də ölülər. İztirab ancaq qəbiristanlıqda olmaya bilər. Gündəlik yaşam tərzi iztirabları normal insanlar üçün labüd edir. Hər kəsin özünə görə istəyi, arzusu və bunlara çatma çabaları var. Buddizmin birinci həqiqətinin cavabı sonuncu həqiqətində göstərilir. İztirablardan qurtulma yolu nirvanadır. Nirvana nurlanma, aydınlanmadır ki, ancaq bu yolla insanlar ifrat iztirablardan qurtula bilərlər. Bu yol isə mədəniyyətdən başlayır. İlk yasa və qadağalar bioloji istəkləri sosial tələblər baxımından davranış hədləri çərçivəsində müəyyənləşdirir. Mübahisəsiz məsələdir ki, epoxanı anlamaq onun limitlərini, onun mədəniyyətinin norma və prinsiplərini anlamaq deməkdir. “Mədəniyyət qaydalardan başlayır” deyərkən Kasşirer məhz bunu nəzərdə tuturdu. Onu da nəzərə almaq lazımdır ki, bu, çox simptomatik məsələdir ki,  mədəniyyətin öyrənilməsi məhz qaydalardan, normalardan, qanunlardan, tabular sistemindən bir sözlə, sıxışdırma vasitələrindən başlayır, bunlar isə küll halında insanın, bütünlüklə insanların iztirablarının mənbəyi deməkdir.

Qayda – hansısa hərəkətə icazə verən və ya onun ifasını qadağan edən mülahizədir. Qayda insan fəaliyyətini məhdudlaşdırır, onun azadlığını və arzularını boğur, bununla da insanın varlığını iztiraba düçar edir. “Varlıq iztirabdır” deyərkən də filosoflar məhz bunu nəzərdə tutmuşlar. Onlar inanmışlar ki, insanlar sürü halında təbiətin ağuşundan necə çıxmışlarsa, elə də yaşayarkən onlar ancaq instinktlərlə idarə olunur və buna görə də onlar üçün “necə yaşamaq” kimi sual onların qarşısında durmur, onlar necə istəyirlər, elə də yaşayırlar. İnsanlar özlərinin tarixədək bu halında fəaliyyətlərini heç şeylə məhdudlaşdırmır. Hər cür borc və icbarilikdən, vicdan və məsuliyətdən kənardırlar. İ.Kant deyir ki, nəyisə borc üzrə etmək zəkaya tabe olmaq deməkdir, bu isə ali mədəniyyətdir. Beləliklə, mədəniyyət qayda, qanun, norma, prinsip və tabular sisteminin tətbiqindən başlayır, məhz bu cəhətə görə onunla varlığın iztirabı, azadlığın boğulması başlayır ki, bu da insanda nevrozun əmələ gəlməsinə psixikanın patologiyasına səbəb olur. Mədəniyyətin və sivilizasiyanın inkişafı bu tabular sisteminin daha da genişlənməsi ilə nəticələnir ki, bunlar da küll halında müxtəlif cür qıcıqlandırıcıların səbəbi kimi çıxış edir. Ona görə də cəmiyyət və ya ayrı-ayrı fərdlər mədəniləşdikcə qıcıqlandırıcıların da sayının artması təbiidir. Vəhşilikdən mədəniyyətə keçid insan psixologiyasında əsaslı dönüşdür, məhz bu dönüşün nəticəsində insan vəhşidən fərqli olaraq hiss edir ki, onun həyatı və taleyi onu əhatə edən, onunla birgə yaşayan “başqalarından” asılıdır, bu başqası onun həyatında həlledici rol oynayır, çünki müştərəklik olmadan həyat ağlasığmazdır.

Buddanın “acgözlük və sülh” biri-birini inkar edir ifadəsi dörd əsr sonra (e.ə. IV əsr) antik yunan filosoflarını da düşündürürdü. Xüsusilə Aristotelin əsərlərində (Etika, Ritorika) insan mahiyyətini aşkarlayan tutarlı mülahizələr irəli sürülür. Orada qeyd edilir ki, insanda üç təməl - Arzu, Öfgə (qəzəb hiddət), Düşüncə gücü var. Arzu və öfgə gücü bədənə aid qəbul edilir. Düşüncə gücü isə ruha aid qəbul olunur. Platon buna 3 ruh, Aristotel isə bir ruhun 3 yönü deyərdi. İnsan bədən və ruhdan ibarət olduğu üçün öfgə və arzu gücü bədənsəl, düşüncə gücü isə ruhsaldır. Ədalət bu güclərin ortasını tapmaqla mümkün olur. Nümunə kimi götürsək:

Öfgə (hiddət, qəzəb) gücü: təcavüzkar olsan ifrat, qorxaq olsan tefrat, ortası cəsarət. Yəni ifratla tefratın ortası etidal - ədalət;

Arzu gücü: çox yemək istəsən qarınqulu ifrat, heç yeməsən zəifləyərsən tefrat, ortası doyacaq qədər yemək etidal - ədalət;

Düşüncə gücü: hiperaktivlik çox olarsa, (amma hikmət sahibi olmazlar) ifrat, az olarsa, geri zəkalı, tefrat ortası hikmət sahibidir - ədalət.

Beləliklə, Düşünmə gücünün ortası - hikmət, Arzu gücünün ortası - iffət, şərəf, Öfgə gücünün ortası -  cəsarətdir. Üçünün cəmi ədalətdir.

Ədalət arzu, öfkə və düşünmə gücünün (etidalı) ortası ilə birlikdə ortaya çıxan gücdür. Bu, tanrısal gücdür, deyirlər ki, üçünün cəmi ədalətə, ədalət də Xilafətə (yəni Tanrının yer üzərindəki nümayəndəsi) aparır.

Pis və yaxşının təməlində ədalət və ədalətsizlik dayanır, ədalət və ədalətsizlik də davranışlarda ortaya çıxır. Bədənsəl güclərin (arzu və öfgə) etidalı – ortası tapılmadıqca insan pisə yönələr. İnsanın yaxşını seçməsi bədənsəl (arzu və öfgə)  və ruhsal (düşüncə) güclərin üçünün də ortasının tapılmasıyla mümkün olur.

İstəklərimizi azaltmaqla iztirablardan qurtula bilərik. Layiq olduğunu istə. İnsanda bədənsəl (heyvani) güclər düşüncə gücünü üstələyəndə iztirablar çoxalır. Bir obyekti bir çoxları istəyə bilər. Bu, təbii istəkdir, ancaq kim daha çox layiqdirsə, o, əldə edə bilər. Arzu gücünün ortası iffət və şərəfdir. Məhz iffət və şərəf insanı layiq olmadığından çəkindirə bilər. Əks halda arzu gücünün ifratı olan acgözlük öfgə gücünü hərəkətə gətirərək təcavüzə sürükləyir.

Beləliklə, iztirab təcavüzlə nəticələnir. Bu da cəmiyyətdə xoşagəlməz hallar yaradır. Qonşumuz ermənilərin də iztirablarının, əzablarının əslində səbəbi budur. Arzu və öfgə güclərin ifratı acgözlük və təcavüzkarlıqdır (Bu üzdən Buddanın fikirləri həqiqətdir. Acgözlük olan yerdə sülhdən danışmaq yersizdir). Layiq olmadığın, yersiz arzu və istək ehtirasları və bu istəyi əldə etmə çabaları təcavüzə gətirib çıxarır. Əslində erməni qonşularımız bu sadə həqiqəti anlamalıdırlar ki, sonda özlərini bilərəkdən və ya bilməyərəkdən sonsuz iztirablar çalasına salmasınlar. Özlərini havadar kimi göstərən bir çox ölkələrin bu sadə həqiqəti “əzabkeş erməni xalqına” başa salmaları lazımdır, nəinki öz məqsədləri üçün ermənilərin başlarını sığallayıb sonda zavallı vəziyyətinə salmaq. Ermənilər anlamalıdırlar ki, artıq ucuz şoulardan əl çəkməyin vaxtıdır. Qafqazda yan-yana yaşayan xalqlar ancaq mədəni və iqtisadi əməkdaşlıqla “həyat iztirabdır” həqiqətini acı çəkmədən adi gündəlik qayğılar səviyyəsində yaşaya bilərlər. Bunun üçün Azərbaycandakı multikultural mühit və tolerantlıq artıq dünya ölkələri tərəfindən təsdiqlənir. Bu həqiqəti görməmək kar və korluqdan başqa bir şey deyildir. İmmanuel Kantın “Çiçəklər təbiətdə azad gözəllikdir” ifadəsini Azərbaycana şamil etmək olar. Mədəniyyətlər də belədir. Hərəsinin öz yeri, öz təravəti, öz gözəlliyi var. Ancaq bu müxtəlifliyin balanslı şəkildə idarə edilməsi təbii ki, mədəniyyət siyasətinin uğurlu həllindən asılıdır. Ölkəmizin cənubu, şimalı, qərbi və şərqi mədəni müxtəlifliklərlə doludur. Mədəniyyət məhz müxtəlifliklərdə yaranır. Bu müxtəlifliklər Kantın təbirincə desək, ölkəmizdə azad gözəllikdir. İnsanlar öz mədəni müxtəliflikləri, inancları və ənənələri ilə birlikdə həm də Azərbaycan xalqını birləşdirən vahid azərbaycançılıq ideologiyası ətrafında Azərbaycan vətəndaşı kimi formalaşmışlar. Bunun da əsasında təbii ki, milli mənəvi multikultural dəyərlər və qanunvericilik təminatı durur. Son illər ərzində Azərbaycan dini tolerantlıq, milli və etnik tolerantlıq məsələlərində çox böyük uğurlara nail olmuşdur. Əslində, ölkəmizdə bütün insanlar müxtəlif dövrlərdə, ictimai-siyasi quruluşundan asılı olmayaraq, həmişə bir ailə kimi yaşamışlar. Burada bütün dinlərin nümayəndələri həmişə dostluq, qardaşlıq şəraitində yaşamışlar. Bu da ölkəmizə xas olan çox mühüm bir amildir. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra əlbəttə, millətlərarası münasibətlərə, milli və dini tolerantlığın möhkəmlənməsi işinə çox böyük diqqət verilmişdir. Bu gün Azərbaycan sözün əsl mənasında dostluq, qardaşlıq məkanıdır. Burada bütün xalqlar, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Hətta erməni vətəndaşlarımız da digər millətlərin nümayəndələri kimi Azərbaycanda tarixən mövcud olan multikultural və tolerantlıq mühitində firavan şəraitdə yaşayırlar.

Beləliklə, ermənilərin “əzabkeş xalq” kimi təqdim edilməsinin heç bir əsası yoxdur. Əksinə bu ad altında özlərinə Azərbaycanın tarixi torpaqlarında dövlət qurmağa nail oldular. Bununla kifayətlənməyib Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarında özlərinə ikinci bir erməni dövləti qurmaq istəyirlər.  Bunun üçün hər cür pisliklərə əl atırlar. Yalan və iftira dolu fikirləriylə sanki yarışa girmişlər. Bununla özlərinin rəzilliyini göstərməklə, həm də çox təhlükəli olduqlarını hər ötən gün göstərməkdə davam edirlər. Əlbəttə onları bu pisliklərə şirnikləndirənlər də var. Onlar da zavallı kimi alət olmağa həvəsli olduqları üçün asanlıqla istənilən avantüralara gedirlər. Etdikləri pisliklərin cəzasını alanda “əzabkeş xalq” qılığına girib özlərini zavallı kimi göstərirlər. Bir az özlərinə gələn kimi də havadarlarının təsiri altında yeni iddialarla zəncirlərini gəmirməklə təcavüzkar əməllərindən əl çəkə bilmirlər.  İndi əsas məsələ bizim belə insanlarla necə yaşamağımızdır. Hər ailədə erməni təcavüzünün izləri hiss edilir. Ancaq Azərbaycan xalqı mərd xalqdır. Allah tövbə edəni bağışladığı kimi, biz də əməllərindən peşiman olub əfv istəyənləri bağışlaya bilərik. Amma olanları unutmamaq şərtilə. Nə edək ki, xalqımızın taleyinə belə bir eklektik düşüncəli, riyakar və yırtıcı təfəkkürlü etnosla yaşamaq qisməti də varmış. Əslində onlar yaxşı olsaydılar, digər ərazilərdən qovula-qovula gəlib bizim tarixi torpaqlarımızda yerləşməzdilər. Əlbəttə, burada da biz tərəfdən vaxtilə buraxılmış müəyyən obyektiv və subyektiv səhvləri də görməmək mümkün deyil. İrəvan xanlığı ərazisində onlara siyasi mərkəz kimi verilmiş ərazilərimiz, indi ilan yuvasına çevrilərək, torpaqlarımıza zəhərli hayqırtılarını axıtmaqdadır. Onu da xatırlatmaq lazımdır ki, 1918-ci ildə Ermənistana siyasi mərkəz kimi bu şərtlə verilmişdi ki, digər torpaqlarımıza olan ərazi iddialarından əl çəksinlər. İndi bu şərt onlar tərəfindən  tamamilə unudulub. Tarixi şərait və xalqın səbir kasası Qafqazda mədəni əməkdaşlığa və təhlükəsizliyə əngəl olan bu qara yaranın xərçəng bəlası kimi regionu bürümədən əməliyyatını qaçılmaz edir.

Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu tarixi torpaqlarımızda kök salan bu qara yaranı kəsib atmaq ərəfəsindədir. Bu işdə dövlət, xalq, ordu birliyi bir yumruq kimi birləşərək təcavüzkarın başına tənbehedici zərbəsini endirməkdədir. Bu müqəddəs işdə igidlərimizə qüvvət, şəhidlərimizə rəhmət diləyirik.  

Namiq ABBASOV, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun ümumi işlər üzrə direktor müavini, kulturologiya üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: