www.science.az
12.12.2014 00:00

Ulu öndər öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib

Bu gün AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının on birinci ildönümü ilə əlaqədar “Heydər Əliyev və milli-mənəvi sərvətimiz” mövzusunda elmi-praktiki konfrans keçirildi.

Öncə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov dahi şəxsiyyətin zəngin siyasi fəaliyyətindən, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışdı.

Bildirdi ki, ümummilli lider Heydər Əliyev dövlətimizin hərtərəfli inkişafında və dünya miqyasında tanınmasında əvəzsiz xidmətlər göstərmiş böyük tarixi şəxsiyyətdir. Həyatımızın hansı sahəsinə diqqət yetirsək, xalqımızın böyük oğlunun fədakar əməyini, çoxcəhətli fəaliyyətini görürük. Dahi şəxsiyyət hələ sovet dövründə Azərbaycana rəhbər seçilərkən ölkəmizi tənəzzüldən xilas edərək böyük inkişaf yoluna çıxarıb.

R.Hüseynov qeyd etdi ki, milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin inkişafında müstəsna xidmətlər göstərmiş böyük dövlət xadimi həmişə elmə, təhsilə böyük qayğı və diqqətlə yanaşmışdır. Təsadüfi deyildir ki, onun Azərbaycana rəhbərlik etdiyi illər elm və təhsil sahəsində intibahın yeni dövrü kimi səciyyələndirilir. Azərbaycanda təhsil sisteminin, o cümlədən ali təhsil müəssisələrinin formalaşmasında, dövrün tələblərinə uyğun yenidən qurulmasında, sürətlə inkişafında, milli kadrların hərtərəfli hazırlanmasında bu böyük şəxsiyyətin əvəzsiz xidmətləri vardır.

AMEA-nın tarixində də ulu öndərin xüsusi yeri olduğunu, onun akademiyanın hərtərəfli inkişafına kömək göstərdiyini söyləyən muzeyin direktoru bildirdi ki, Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra akademiyaya yeni həyat verilmiş, ona dövlət statusu verilmişdir: “Akademiya “Milli Elmlər Akademiyası” statusunu ulu öndər Heydər Əliyevin sərəncamı ilə qazanmışdır”.

Çıxışının sonunda akademik bildirdi ki, ulu öndərin ölməz ideyaları, müdrik siyasi kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edən Xalq Şairi Tahir Söhrab, filologiya üzrə elmlər doktorları Xatirə Bəşirli və Şəfəq Əlibəyli, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Xalq artisti Tofiq İsmayılov və başqaları dahi liderin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən, idarəçilik məharəti və zəngin mənəvi keyfiyyətlərindən geniş bəhs etdilər.

Tədbir çərçivəsində, həmçinin ümumilli liderin həyat və fəaliyyətinə həsr olunmuş sərgi nümayiş etdirildi, akademik Rafael Hüseynovun sözlərinə bəstələnmiş mahnı səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.