Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın prezidenti dünyanın bir sıra elmlər akademiyalarının və elmi mərkəzlərinin rəhbərlərinə məktublar ünvanlayıb
14.10.2020 14:34
  • A-
  • A
  • A+

AMEA-nın prezidenti dünyanın bir sıra elmlər akademiyalarının və elmi mərkəzlərinin rəhbərlərinə məktublar ünvanlayıb

Akademik Ramiz Mehdiyev müraciətlərində Azərbaycan xalqına, ümumiyyətlə insanlığa qarşı törədilən erməni təcavüzünə son qoyulması məqsədilə xarici dövlətlərin elmi ictimaiyyətini terrorçu Ermənistana təzyiq göstərməyə, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında iştirak etməyə çağırır.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Azərbaycanın mülki əhalisinə qarşı Ermənistanın törətdiyi hərbi təcavüzlə əlaqədar Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralıya ünvanladığı məktubda bildirilir ki, Ermənistanın və havadarlarının işğalçı siyasəti nəticəsində Azərbaycanın ən qədim torpaqlarından olan Dağlıq Qarabağ ərazisi və əlavə olaraq respublikamızın 7 rayonu zəbt edilmişdir. Erməni vandalizmi nəticəsində işğal edilmiş ərazilərdə Ermənistan tərəfi etnik təmizləmə siyasəti həyata keçirərək, həmin torpaqların qədim sakinləri olan azərbaycanlıları ərazidən qovub çıxarmış, Xocalı qətliamı törətmişlər.

Qeyd olunur ki, Dağlıq Qarabağda və ətraf rayonlarda kəndlər, məscidlər, qəbiristanlıqlar, tarixi memarlıq abidələri dağıdılmış, qədim toponimlər saxtakarcasına dəyişdirilmişdir.

Həmçinin vurğulanır ki, cari ilin iyul ayında Ermənistan ordusu Azərbaycanın Tovuz rayonunda dinc əhalini atəşə tutmuş, insan təlafatına və dağıntılara nail olmuşdur.

Məktubda bu il sentyabrın 27-dən etibarən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyaları və ümumilikdə beynəlxalq hüquqdan irəli gələn müvafiq öhdəlikləri kobud şəkildə pozmaqla dinc əhalinin sıx yaşadığı yerləri, döyüş bölgələrindən kənarda yerləşən, mühüm strateji obyektləri olan Gəncə, Mingəçevir və Yevlax şəhərlərini, Abşeron və Xızı rayonlarını ağır silahlardan atəşə tutduğu da bildirilir.

“Bu gün Azərbaycan Ordusu Ermənistan tərəfinin atəşkəs rejmini pozaraq törətdiyi ağır cinayətlərdən sonra özünümüdafiə və işğaldan xilas etmə tədbirlərinə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu erməni qəsbkarları tərəfindən işğal edilmiş ərazilərimizi geri qaytarmaq üçün əməliyyatlar keçirməkdə davam edir”, – deyə məktubda vurğulanıb.

Azərbaycanın apardığı ədalətli müharibə ilə əlaqədar təqdim olunan obyektiv informasiyaların Qazaxıstan ictimaiyyətinə və Beynəlxalq Türk Akademiyasının kollektivinə çatdırmağa dair fikirlərin yer aldığı məktubda Azərbaycanın haqlı və ədalətli mövqeyinin Beynəlxalq Türk Akademiyasının kollektivi və Qazaxıstan alimləri tərəfindən dəstəklənəcəyinə inam ifadə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: