www.science.az
11.12.2014 00:00

AMEA-nın Elmi İnnovasiyalar Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı

Bu gün AMEA-nın Elmi İnnovasiyalar Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

Öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İclası giriş sözü ilə açan mərkəzin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov həyatını fədakarcasına millətinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb, gənclərimizdə milli ruhun gücləndirilməsi işində Heydər Əliyevin həyat və fəaliyyətinin daim örnək olduğunu diqqətə çatdırıb.

A.Namazov, həmçinin Heydər Əliyevin birinci hakimiyyəti dövründə Azərbaycanda iqtisadiyyatın sürətlə inkişafından, ölkədə aparılmış quruculuq, abadlıq işlərindən, onun elmə, mədəniyyətə göstərdiyi qayğısından söhbət açıb. Bildirib ki, Heydər Əliyev SSRİ-nin ən yüksək siyasi rəhbərliyindəki vəzifələrindən istefa verdikdən sonra mənfur qonşularımız havadarları sayəsində Azərbaycana torpaq iddiasına başladılar. Hakimiyyət uğrunda mübarizələr, özbaşınalıq ölkə iqtisadiyyatını, sənayesini iflic vəziyyətinə gətirib çıxartdı. Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı Azərbaycanı təhlükələrdən, parçalanmadan xilas etdi. Məhz, ulu öndərin uzaqgörən, düzgün iqtisadi siyasəti nəticəsində dövlətimiz dünyada ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Hazırda Heydər Əliyev siyasətini ulu öndərin layiqli davamçısı uzaqgörən prezidentimiz İlham Əliyev cənabları həyata keçirir.

Tədbirdə, həmçinin mərkəzin əməkdaşları da çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.