Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ordum varsa, yurdum var!
06.10.2020 16:24
  • A-
  • A
  • A+

Ordum varsa, yurdum var!

Ötən 30 il ərzində iqtisadi və hərbi gücünü yüksəldən Azərbaycan Respublikası Cənubi Qafqaz regionunun qüdrətli ordusunu qurmuş, dünya orduları arasında ön sıralara keçmişdir. Hazırda işğala məruz qalan Azərbaycan ərazilərində aparılan döyüş əməliyyatları, ard-arda gələn qələbə xəbərləri hər bir azərbaycanlını qürurlandırır və ordumuzun qüdrətini bütün dünyaya bəyan edir. Bu, onu deməyə əsas verir ki, psixoloji və strateji üstünlük Azərbaycan dövlətinin və milli ordumuzun tərəfindədir. Bu səbəbdən xalq şairi Zəlimxan Yaqubun “Ordum varsa, yurdum var” şeiri hazırda erməni quldurları ilə mübarizə aparan, vətən torpaqlarını azad etmək üçün canından və qanından keçən hər bir qəhrəman əsgərimiz üçün bir düstura çevrilib. Yəni güclü ordu yurd deməkdir, yurdu, vətəni sevmək isə imandandır. Böyük şərəf hissi ilə deyə bilərik ki, ordumuz da var, yurdumuz da. Yurdumuzu müdrik siyasəti ilə şöhrətləndirən Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti bu həssas məsələdə həlledici rol oynadı və torpaqlarımız əsl sahiblərinə, Azərbaycan xalqına geri dönməyə davam edir. 

Düşmənin sosial şəbəkələrdə göstərdiyi “hünəri” Azərbaycan Ordusu və onun mübariz əsgərləri gerçək addımlarla göstərir, həm də qarşı tərəfə sarsıdıcı zərbələr vuraraq, bütün dünyanın gözləri qarşısında sübut edir ki, regionun ən güclü və müasir ordusu bizimdir. Erməni əsgərlərinin geriyə doğru, ardına baxmadan qaçması, təslim olması, düşmənin döyüş bayrağının, xeyli sayda hərbi sursat anbarının məhv edilməsi, bir qisminin ələ keçirilməsi isə Qarabağ və ətrafındakı 7 rayonun elliklə işğaldan azad ediləcəyi günün yaxın olduğu müjdəsini verir. Buna inanan və orduya öz dəstəyini əsirgəməyən xalq, xüsusilə onun ziyalıları vətənin ağır günündə qələmi ilə düşmənin saxta informasiya blokadasını darmadağın edir. Hər vəchlə Azərbaycan tarixini saxtalaşdırmağa cəhd edən erməni “tarixçilərinə” tutarlı cavablar verilir. Bu işdə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun mütəxəssislərinin, gənc alimlərinin əməyi danılmazdır. İnstitutda dünya dillərində erməni vandalizmini ifşa edən silsilə nəşrlərin, məqalələrin yazılması və yayılması Azərbaycan həqiqətlərinin təbliğinə yönəlmişdir. Həmçinin Silahlı Qüvvələrə Yardım Fonduna dəstək verən AMEA ziyalıları ordumuza yeni qələbələr arzu edir və “Ordum varsa, yurdum var” şüarı ilə həmrəylik nümayiş etdirir. Unutmamaq lazımdır ki, Qələbəyə aparan bütün yollar Qarabağdan keçir. Qürur yerimiz və mənliyimiz olan hər qarış torpağımız düşmən tapdağından azad edilənə qədər şanlı ordumuzun, igid əsgər və zabitlərimizin arxasındayıq.

Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquqa əsaslanır

Azərbaycan dövləti və onun müzəffər ordusu beynəlxalq hüququn norma və prinsiplərini əsas alaraq düşmən işğalında qalan torpaqlarını azad etmək hüququna malikdir və bunu böyük hərbi məharət və həmlələrlə həyata keçirir. İşğalçı Ermənistanın son günlər törətmiş olduğu provakativ əməllər, mülki vətəndaşları hədəf alması qarşı tərəfin zəif hərbi hazırlığından – qorxaqlığından və xainliyindən xəbər verir. Düşmən tərəfi bununla beynəlxalq sənədlərə, təşkilatların qəbul etdiyi qərar və qətnamələrə məhəl qoymamaqla sivil qanunlara qarşı çıxmaqda davam edir. Bunun bariz nümunəsi kimi BMT Təhlükəsizlik Şurasının illərdir qəbul etdiyi 4 məlum qətnaməsini, yaxud ATƏT-in və Lissabon sammitinin qərarlarında Avropanın münaqişə ilə bağlı Azərbaycanın haqq işinə tərəfdar çıxan açıq mövqeyini göstərmək olar. Ermənistan hökuməti danışıqların əbədi davam etməyəcəyini yaxşı anladığı halda böyük gücləri münaqişəyə cəlb etməyə cəhd göstərsə də, əbəs yerə vaxt sərf edərək yalanlar burulğanında boğulur. Qardaş Türkiyənin Azərbaycana siyasi dəstəyini birbaşa hərbi əməliyyat kimi beynəlxalq birliyə sırımağa çalışan Ermənistanın yalanı ayaq tutsa da yerimədi və tanınmış media qurumları vasitəsilə Azərbaycana heç bir “cihadçının” gəlmədiyi, bu xəbərin əslində - fake news olduğu ifşa olundu və düşmən tərəf bir daha informasiya blokadasına, yəni özü qazdığı quyuya özü düşdü.

Şanlı Azərbaycan ordusu öz torpaqlarını azad etmək əzmindədir, müasir silahlara və dünya standartlarına cavab verən ixtisaslı hərbi kadrlara malikdir. Azərbaycan əhalisi sayına və hərbi büdcəsinə görə Ermənistandan qat-qat yüksəkdə dayanır. Son günlər bu haqda dünya mediasında geniş müzakirələr aparılır və Azərbaycanın münaqişənin həlli ilə bağlı qarşısında heç bir hüquqi əngəlin olmadığı qeyd olunur. Artıq düşmənə havadarlıq edən ölkələrin media qurumları da bunu etiraf etməyə məcburdurlar. Bu yolla beynəlxalq hüququ və medianı aldada bilməyən düşmən və onların havadarları bilməlidirlər ki, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü, suveren hüquqları müzakirə obyekti deyil və Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmalıdır. Bu, hazırda münaqişənin tək həll yolu olaraq qalır!          

Aqil ƏHMƏDOV, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Beynəlxalq münasibətlər tarixi şöbəsinin aparıcı elmi işçisi, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: